Свобода людям, независимость нациям!

Dostu-düşməni bəlli edən post – Bir zamanların ülvi xəyalına nədən rişxənd edirik?

3236 02.05.2023 10:00 Колумнисты A A

Hündür təpə başından işğal olunmuş doğma kəndinə, daha dəqiqi, kəndinin xarabalığına durbinlə baxıb ağlayan, sonra əlinin dalıyla gözünün yaşını silib, başını bulaya-bulaya, işğalçı ermənilərə söyə-söyə paytaxta qayıdan adamlar indi Laçında, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi yaradılmasına, post qoyulmasına, ermənilərin bu postdan yoxlanılaraq buraxılmasına ağız büzür, lağ edirlər. Bu, necə bir unutqanlıqdır?

Böyük bir arzu həyata keçib, utopik hesab edilən xəyal gerçəkləşib. Yatıb yuxuda gördüyümüz, şirin röyalarımlzda üstündə qaçdığımız, amma hövlnak oyanıb acı reallığı dərk edərək, torpaqlarımızın hələ də işğal altında olmasının qəhərini boğazımızda hiss etdiyimiz günlər arxada qalıb. İndi o torpaqlar öz əlimizdədir, indi o torpaqların üstündə özümüz addımlayırıq, suyunu özümüz içir, havasını özümüz uduruq və... cəmi 3 il geriyə baxmadan, heç nə olmamış kimi ağız büzürük, bu boyda nailiyyəti heç-puç edirik.

Nəyə görə? Yalnız ona görə ki, biz müxalifik və bu hərbi-siyasi uğuru mənsub oldğumuz siyasi düşərgə qazanmayıb və bu, siyasi rəqibimizə xal gətirir, ona rəğbət qazandırır.

Sırf siyasətə görə biz yüz illərlə nəsibimiz olmayan zəfəri küçümsəyirik, cığallıq edirik.

1682945123_scfc.jpg (28 KB)

Budur, neçə gündür sosial şəbəkələrdə “bunun nəyi uğurdur, ermənilər yenə gəlib-gedirlər dəə” deyənlər, Şenderoviç tapıntısıymış kimi “quru sərhədlər bağlıdır, biz Borçalıya gedə bilmirik, amma ermənilər sərhəddən keçib İrəvana gedirlər” yazanlar, Laçın postunun əhəmiyyətini yerdən-yerə vuranlar var.

Sanki onlar son 35 ildə bu ölkədə, regionda gedən qanlı-qadalı, faciəvi hadisələrdən, iki od-alovlu müharibədən xəbərsizdirlər. Xeyr, hamının hər şeydən xəbəri var, amma sırf siyasi intriqa olsun deyə “Sınıq körpü” sərhəd-keçid məntəqəsi ilə yeni açılmış Laçın nəzarət-buraxılış məntəqəsi arasında bərabərlik işarəsi qoyurlar. Bu, demaqogiyadır.

Elə bil ki, Ermənistan erməniləri ilə Qarabağ ermənilərinin arasındakı gediş-gəlişin indilikdə əlahiddə, qanunlarüstü məsələ olduğunu, ABŞ, Rusiya və Avropa dövlətlərinin bu xüsusdakı həssaslığını bilmirlər, ermənilərin “blokada” haray-həşiri qopararaq bütün dünyanın diqqətini regiona cəlb etmələrindən xəbərsizdirlər.

2020-11-11-13-41-06m9M6YPUmz5U24QWN2LIg_file.jpg (79 KB)

Yaxşı, necə olmalıydı? Laçına post qoyulan kimi Xankəndi və İrəvan arasındakı əlaqəni kəsib erməniləri gerçəkdən də blokadaya alıb bunun arxasında dura bilərdikmi? Kimsə “dura bilərdik, elə də etməliydik” deyirsə, demək, yalnız suyasətin “si” hissəsindən belə xəbəri yoxdur. Gerçəklik budur: biz özümüzü heç vəchlə haqsız duruma sala, beynəlxalq ictimaiyyətlə, qüdrətli dövlətlərlə üz-üzə qoya bilmətik. Bütün dünyaya meydan oxusaq, böyük dövlətlər bizi 2000-ci ildə Serbiyanı saldıqları günə salarlar.

Hamı da görür ki, 2020-ci ilin 10 noyabrından bəri Azərbaycan dövləti Qarabağ mahalının dağlıq hissəsində oyuncaq dövlət qurmuş erməniləri yavaş-yavaş ram etməkdə, bölgəni tədricən öz yurisdiksiyasına qaytarmaqdadır.

Bu proses 44 günlük müharibənin 45-ci, 48-ci, 50-ci günlərində başa çata bilərdi və o gedişlə elə də olacaqdı. Qoydularmı? Qoymadılar. Bu işi görməyə, davam etməyə, açıq etiraf edək ki, gücümüz çatmadı. Şərtlər əlverişli olmadı və rəsmi Bakı öz ərazi bütövlüyünü bərpa etməyi zamana, mərhələlərə bölərək həyata keçirmək qərarı verdi. O gündən bəri proses günbəgün Xankəndiyə üçrəngli bayrağımızın sancılacağı günə gedir.

2020-ci ilin noyabrın ikinci ongünlüyündə inanan çox az idi ki, gün gələcək, məsələn, 2023-cü ilin may ayının 2-də ermənilər Laçındakı postumuzdan keçib Xankəndiyə və əksinə gedib-gələcəklər. Çox adam elə bilirdi və iddia edirdi ki, hər şey burada bitdi, ermənilər heç Ağdam, Kəlbəcər və Laçını da boşaltmayacaqlar.

ermikel.jpg (56 KB)

Amma necə oldu? Ağlaya-ağlaya, yana-yana, yandıra-yandıra boşaltdılar, torpaqlarımızı tərk etdilər.

Azərbaycan ordusu dövlətimizin sərhədlərini sonuncu qarışına qədər, hətta köhnə xəritələrlə dəqiqləşdirərək, bir tövlənin yarısının belə bizim ərazimizə düşdüyünü əsas tutaraq irəlilədilər, post qurdular, səngər qazdılar, ermənilərə sərhədin haradan keçdiyini bəzən sözlə, bəzən şillə-təpiklə başa saldılar.

Ötən illərdə “yalan sözdür, camaatı aldadırlar, heç də Şuşa tam bizdə deyil, şəhərdə bir məhəllədə ermənilər hələ də yaşayırlar” deyənlər vardı, sonra Şuşaya 10 minlərlə adam getdi-gəldi, amma Şuşada erməni görən olmadı.

İndi də Laçın postu məsələsində qəribə bir iddia və cığallıq var. Buna el arasında “ilişməyə nəsə tapmaq” deyirlər. Bəzən qulağa xoş gəlsə də, içində həqiqət varmış kimi görünsə də, əslində, belə şeylər, nəlbəkidə sunami yaratmaq təşəbbüsləri ictimaiyyətə xoş gəlmir, əldə olunan nailiyyəti qaralamaq cəhdi kimi yozulur.

Necə ki iqtidar düşərgəsinə mənsub təbliğatçılar əllərinə düşən fürsətdən hansısa müxalifət liderini qaralamağa cəhd edəndə bu, bir çoxlarının xoşuna gəlmir, təpki doğurursa, eləcə də eyni cığallığı müxalifətçilər edəndə reaksiya eyni olur. Hər ikisi ikrah doğurur.

passus.jpg (238 KB)

Ordumuzun Qarabağdakı irəliləyişini, dövlətimizin bu istiqmətdəki nailiyyətlərini aşağılamağa çalışan adamlar qoy unutmasınlar ki, 2020-ci ilin bu vaxtları, yəni mayın 8-də Şuşada şərab içib yallı gedənlərə baxaraq rəsmi Bakıdan nə tələb edirdilər.

Kimin yadından çıxıbsa, yada salaq. O vaxt indiki “tələbkar”lar Şuşanı raket, top atəşinə tutmağı tələb edirdilər. Ona görə ki, Şuşaya əl çatmırdı, ora hücum edərək şəhəri düşmən tapdağından xilas etmək əlçatmaz, fantastik görünürdü, hesab edirdik ki, heç olmasa Şuşanı topa tutaq, ermənilərin təntənəsini pozaq.

Bu gün Şuşa bizdədir və ordakı toplarımızın lüləsi Xankəndiyə tuşlanıb. Divin canı şüşədə olduğu kimi, düşmənin də canı Şuşadakı artilleriya batareyalarının əlindədir. Hırıldaya-hırıldaya Bakıya meydan oxuyan separatçılar isə Azərbaycan sərhədçisinin oturduğu məntəqənin aynabəndinin qabağında sənədlərini təqdim edərək Xankəndi tərəflərə keçmək üçün rüsxət gözləyir.

Bunun nəyi pisdir? Bunun nəyinə lağ edirik? Bunu niyə bəyənmirik?

Bəziləri deyirlər, bu durum kiməsə siyasi xal qazandırır. Varsın, qazandırsın. Kimsə xal qazanmasın deyə özümüzə pis günlər, məşəqqətlər, uğursuzluqlarmı arzu edək?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости