Свобода людям, независимость нациям!

Dostu Bəşər və Kim Çen In olanın...

1199 14.07.2022 19:13 Колумнисты A A

Suriyanın ardınca Şimali Koreya (KXDR) da Donbasdakı separatçı qurumların “müstəqilliyini” tanıyıb. Xəbər Rusiyada sevinclə qarşılanıb.

Sevincək olanlardan biri, Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov bu "dütdülü" uğurla bağlı deyib ki, Rusiya Şimali Koreyaya həmişə isti münasibət bəsləyib və KXDR ilə əlaqələr inkişaf etdirilməlidir.
"Həyat göstərir ki, problemli vəziyyətlərdə kim əsl dostdur, kim isə sözdə dost”, - deyə o vurğulayıb və əlavə edib ki, “dost Şimali Koreya Rusiyaya qarşı daim pozitiv münasibətdə olub”.

Əlbəttə ki, dost dar gündə tanınır. Rusiyanın dostları arasında isə sən demə, KNDR, Kim Çen In ön sıralarda gəlirmiş. Hərgah, Rusiya niyə dar günə, "problemli vəziyyət"ə düşüb, kim onu bu hala salıb, yaxşı olardı, Cabarov bu haqda da iki kəlmə söyləyəydi.

Dostluğa, yoldaşlığa dair belə bir məsəl də var: "Dostunu göstər, deyim kimsən". İndi bəlli olur ki, Rusiyanın əsl dostu elə Şimali Koreya, Suriya, forpost Ermınistan kimi “izqoy” dövlətlər ola bilər. Yəni, su-çuxur məsələsi..

Söz düşmüşkən, az öncə Əsəd rejimi də Donbasdakı qondarma qurumları tanımışdı. Daha əvvəl Suriya eyni addımı Gürcüstandakı separatçı qurumlara – Rusiyanın ilhaq elədiyi Abxaziyaya, Cənubi Osetiyaya münasibətdə atmışdı. Təbii ki, “patronu” Putinin əmri ilə.

Ancaq qlobal siyasətdə ciddiyə alınmayan, əhalisi acından ölən Şimali Koreya və onun lideri Kim Çen In hardasa özünü "müstəqil" hesab edirsə, Kremlin vassalı rolunda olan Bəşər Əsəd daha tragikomik görünür.

İşə bax, qonşu Türkiyəni vaxtaşırı Suriyanın ərazi bütövlüyünü, beynəlxalq hüququ pozmaqda suçlayan Əsəd rejimi Ukraynanın, Gürcüstanın ərazi bütövlüyünə məhəl qoymur. Özünə rəva bilmədiyini başqasına - Ukraynaya, Gürcüstana görür! O zaman sabah hansı haqla dünyadan öz ərazi bütövlüyünə sayğı tələb edəcək?

Amma KTMT (“Rus NATO-su”) üzrə Rusiyanın hərbi müttəfiqi sayılan Qazaxıstan burdan-bura Donbasdakı separatçı “dnr” və “lnr”in tanınmasına getmədi. Tokayev Putinin yanındaca onları “kvazi-dövlətlər” adlandırmaqla Moskvanı işğalçılıq siyasəti apardığına işarə elədi. Ona görə ki, Qazaxıstan özünə, beynəlxalq hüquqa hörmət edən dövlətdi.

Eləcə də KTMT-nin digər üzvləri Moskvanın istəyini geri çevirdilər. Hərgah, Rusiyanın Donbasdakı qondarma dövlətlərin tanınmasına əşhədü-ehtiyacı yoxdur. Çünki əsas hədəfi separatçı rejimlərin müstəqilliyi yox, onları Krım kimi Rusiyaya birləşdirilmək, imperiyanın ərazisini böyütməkdir...

Beləcə, “Rus NATO-su”nda belə Rusiyanın dostunun olmadığı, təkləndiyi, Moskvanın Bəşər Əsəd və Kİm Çen Inın ümidinə qaldığı üzə çıxdı. Ola bilsin, daha bir cırtdan ölkə nəyinsə, hansısa ənamın qarşılığında Rusiyanın yanında yer alsın. Vəssalam.

Ancaq bu, nəyi dəyişəcək ki? Heç nəyi. Çünki “Cəhənnəmə getmək istəyənə” adətən yoldaş tapılmır.

Bu Rusiya kimi özündən razı dövlət üçün gerçəkdən də, böyük fuaskodu. Ciddi imic itkisinin təzahürüdür. Yəni, Rusiya nə qədər əksini iddia eləsə də, faktiki dost-müttəfiqsiz qalıb. Əksinə, dostları xeyli artan Ukrayna üçün Rusiyanın tək qalması ciddi “kart-blanş” anlamındadır. Yəni həmin əraziləri geri almaqdn ötrü Kiyevin əlində indi bütün arqumentlr, kozırlar var. Yetərincə silah-sursat da öz yerində...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости