Свобода людям, независимость нациям!

Dostsuz qalan Putinin 81%-lik reytinqi - SSRİ referendumu SSRİ-ni xilas etdimi?

1429 18.06.2022 15:05 Колумнисты A A

Rusiyada prezident V.Putinin reytinqi 81,3%-ə yüksəlib. Bunu ölkədə aparılan təzə rəy sorğusu üzə çıxarıb. Respondentlərin 78%-i onun siyasətini dəstəklədiyini, 81,3%-i isə Kreml rəhbərinə etibar elədiyini bildirib.

Belə görünür, Rusiya “Ukrayna bataqlığı”nda ilişib qalsa da, hələ ki Putin ciddi ictimai təpki ilə üzləşməyəcək.

Bir yandan da bu, 1991-ci ilin martında SSRİ-nin saxlanması haqda keçirilmiş referendumun “nəticəsi”nə bənzəyir. Guya o vaxt sovet vətəndaşlarının 76%-i “Qırmızı İmperiya”nın qalmasına səs vermişdi. Amma cəmi 9 ay sonra SSRİ rəsmən dağıldı. M.Qorbaçov onun 1-ci və sonuncu prezidenti oldu...

Hərgah, danmaq olmaz ki, prezidentdən çox çara oxşayan Putinin işğalçı siyasətinə daxildə, ruslardan həqiqətən ciddi dəstək var. Vova imperiya xalqının zəif damarını pis tutmayıb. Ta o zamanadək ki, rus mujiki içməyə araq, “zakuska” üçün isə şor xiyar tapmayacaq. Və ya bunu almağa pulu olmayacaq, rusların cibində siçanlar gəzəcək. Həmin gün uzaqda deyil. Nə qədər rubl zahirən sabit görünsə də, Rusiya rəsmiləri özlərini o yerə qoymasalar da.

Baxma, yara isti olanda ağrısı hiss olunmaz. Təxminən il sonu – iqtisadi-sosial durum kritik mərhələyə adlayanda “Şər imperiyası”nın əsl kədərli günləri başlayacaq. Hələlik isə Rusiya yetkililəri Donbasdakı taktiki uğurlardan eyforiya içindədirlər deyəsən. Əks halda, Putin yenə imperiyanın xiffətini çəkməzdi.

Dünən o, Sankt- Peterburqdakı çıxışı zamanı “SSRİ tarixi Rusiya ərazisi idi” deyib. Yəni, yenə köhnə hava, eyni iddia və təhdid. Putin beləcə, postsovet ölkələrinə növbəti dəfə minnət qoyur, rusların guya onlara torpaq bağışladığına eyham vurur - Rusiyanın özü başqa aborigen xalqların ərazilərində mövcud ola-ola!!

Tarixdə 1-ci Pyotr kimi qalmaq istəyi artıq şübhə doğurmayan Rusiya lideri bununla bir daha “SSRİ-2” planından əl çəkmədiyini ortaya qoyur. Kreml başçısının bu xüsusda dünən söylədiyi başqa bir sitatı: “Biz özümüzün olanı, tarixən bizim olanı qaytarırıq. Novorossiya (Ukraynanın Donbası və ətraf əraziləri – Z.S.) haradan yaranıb? Türkiyə İmperiyası ilə bir neçə müharibə nəticəsində. Hansı Ukrayna? Ukraynanın bura nə dəxli var?”

Tarixi öz xeyrinə yozmağa çalışan, XXI əsrdə çar olmağa can atan cənab Putinə kiçik xatırlatma: Şimali Qafqaz (Çeçenistan, İnquşetiya, Dağıstan), Tatarıstan, Yakutiya, Başqırdıstan nə vaxtdan qədim Rusiya əraziləri oldu? Bu ərazilərin adları sahiblərini göstərmirmi? Bunun Rusiyaya nə dəxli? Və ya adları üstündə Dərbənd, Mahaçqala, Həştərxan nə zamandan tarixi rus şəhərləri sayılır? Orda nə vaxtdan rus əhali yaşayıb?

Əlbəttə ki, işğaldan sonra! Madam tarixdən danışırsınız, o zaman onları da əsl sahiblərinə qaytarın! Niyə qaytarmırsınız? Bu ki, yüz faiz sizin deyil!..

Yaxud Putinin sözçüsü Dmitri Peskov. Dünən o, “Rusiyanın dostları varmı” sualına belə cavab verib: “Xeyr, yoxdur. Dostu özümüzük. Özümüz yekdil, bir olmalıyıq ki, daim qabağa (?! - Z.S.) gedək”.

Vaxtilə Putin də eyni fikri söyləyib. Yadımızdadır. Nə demək bunlar? “Qabağa getmək” nə? O demək ki, birincisi, Rusiya gerçəkdə özündən razı, heç kimi bəyənməyən, eqoist və xoflu bir dövlətdir.

İkincisi isə Rusiya rəsmilərinin dostluq, qardaşlıq, tərəfdaşlıq haqda bəyanatlarınsa əsla inanmaq və arxayın olmaq olmaz! Onların sözləri qətiyyən imzaları deyil! Rusiya dövləti adına imzalanan sənədlər, götürülən öhdəliklər də hələ hər şey demək deyil. Yaxın tarix belə faktlarla doludur. Günümüzdə isə Ukraynanın başına gətirilənlər görk olmalı!

Dost-düşmənə gəlincə, məsələn, Azərbaycanın ən azı üç sadiq dostu var: Türkiyə, Pakistan, İsrail. Amma XXI əsrdə də imperialist iddia və hikkələrlə yaşayan, dünyaya öz yırtıcı qaydalarını sırımağa çalışan, qonşularına göz verib işıq verməyən, dövlətin qüdrətini yalnızca onun hərbi gücündə görən vəhşi və hozu bir dövlətin, sizcə, dostu ola bilərmi?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости