Свобода людям, независимость нациям!

Dostlarına sadiq kovboy haqqında lətifə

2160 24.08.2023 09:07 Колумнисты A A

 

Hələlik Rusiya aləmi ilə işim yoxdur, söhbətə Amerika dünyasına aid bir məşhur lətifə ilə girəcəyəm.

Demək, “yankilər”in böyük ölkəsinin cənub ştatlarının birində 4 dost kovboy olur, hər gün işdən sonra gecəyədək qəsəbənin pavilyonunda oturub viski içir, birlikdə əylənirlər. Uzun illər belə gedir. Amma gün gəlir, bu 4 mehriban dostun üçü başqa ştatlara köçməli olur. Ayrılmazdan əvvəl onlar əhd edirlər ki, harda olurlarsa, olsunlar, bu dostluğun xatirinə bir kafedə, restoranda viski içəsi olsalar, mütləq azı 4 qədəh içsinlər - birini öz əvəzindən, yerdə qalan üçünü isə dostlarının əvəzindən. Beləcə, dostlar dağılışır. Qəsəbədə qalan dost vaxtaşırı gəlir, pavilyonda oturur, 4 qədəh viski sifariş verir, içir gedir. Beş-altı il belə keçir. Bir gün həmin kovboy yenə restorana gəlir, “viski süz” deyir. Barmen onun xasiyyətini, daha dəqiqi, dostların əhdini bildiyi üçün 4 qədəhə viski süzüb kovboyun qarşısına qoyanda, ser deyir ki, 3-ü qalsın, 1-ni qaytar. Barmen mütəəssir olur, soruşur ki, nə olub, dostlarından rəhmətə gedən varmı? Kovboy cavab verir ki, yox, hamısı sağ-salamatdır, sadəcə, özüm içkini tərgitmişəm.

Gülməlidirmi? Bəli. Bu lətifə həmişə gülüş doğurur. Amma onun bir ibrətamiz mənası da var: dostluğa sədaqət. Adam özü, güman ki, həkim məsləhəti ilə içkini tərgidib, amma dostlarının əvəzindən içməkdə davam edir. Əhd ediblər axı.

Bu, həm gülməli, həm də mənalı pritça yadıma dünən Nemət Pənahlının 150 minlik maşınının cəriməsi ilə bağlı yazılan status və şərhləri oxuyanda düşdü.

Üzünü virtual olaraq ona tutub soruşanlar vardı ki, bu bahalıqda maşın onda haradandır. Sual yiyələrinin arasında Neməti “keçmiş dostum” adlandıranlar da vardı.

Gerçəkdən də bir partiya sədrində, siyasət adamında o boyda pul nə gəzir?

Bizdə adətdir, bu sualı 2-3, 5-10 min manat maaş alan məmura vermərik, demərik ki, müəllim, aylıq qazancın bu qədərdir, amma, sağlığına qismət, 5 milyonluq villada yaşayırsan, şəhərin yaxşı yerlərində 4-5 otaqlı mənzillərin var, oğlun da 200 minlik lüks avtomobil sürür, qızın da, yoldaşın da, özün də, bu pullar səndə haradandır.

Biz, hərdən avropalılar kimi özümüzü təşər-təşər vergi ödəyicisi adlandırsaq da, məmurlara belə sualları vermirik. Ona görə ki, sual ağzımızdan çıxmamış ritorik xarakter alır, biz o sərvətin cənab məmurda haradan olduğunu bilirik. Bilirik ki, bu korrupsiya və rüşəvtxorluq, talan, proteksiya, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın nəticəsində toplanıb. Həqiqəti biliriksə, ta sualı nəyə verək, onsuz da cavab verməyəcəklər.

Ancaq Nemət Pənahlı və ya o ranqda olan, məmur və biznesmen olmayan başqa bir adama elə sual verəndə o, bir dəfə sualdan yayınanda, ikinci dəfə mütləq belə deyir: “Dostlarım alıb. Mənim çoxlu sadiq dostlarım var və onlar məni sıxıntı çəkməyə qoymurlar”.

Çoxu düz deyor. Şəhadət verə bilərəm ki, “Azadlıq” partiyasının sədri Əhməd Orucun elə bir dostu vardı. Bir dəfə, çoxdanınçı illərdə o dost “Şuşa” restoranında bizi, 4 jurnalisti ziyafətə dəvət etmişdi. O, Əhməd bəyə demişdi ki, filankəsləri götür gəl, o da bizi öz maşınına süvar edib, apardı. Ziyafət zamanı məlum oldu ki, adam uğurlu biznesmendir, malı-mülkü, maşınları, hər şeyi var. Bəs o hara, Əhməd Oruc hara? Heç demə, xalq hərəkatı başlayanda onlar bir yerə işləyirmişlər, dostluq edirmişlər, elə ilk mitinqlərə də bir yerdə çıxıblar, neçə dəfə Azadlıq meydanında birlikdə gecələyiblər. Sonradan Əhməd Oruc siyasətə qoşulub, AXC-nin rayon təşkilatının sədri olub, bizə ziyafət verən müəllim isə yavaş-yavaş biznes sahəsinə transfer edib, amma öz köhnə dostlarını da unutmayıb. Ə.Oruc “Azadlıq” partiyasını yarananda da o, digər güclü və o zaman perspektivli sayılan o biri partiyalara yox, məhz Əhməd Orucun partiyasına dəstək verib.

Ziyafət zamanı adamı cidd-ciddi müşahidə etdim ki, oxumuş adamlar demişkən, onun arxetipini öyrənim. Bildiyim o oldu ki, bu adamın siyasətlə işi, Əhməd Orucdan da umacağı yoxdur və onun partiyasına ona görə dəstək verir ki, dostunun işi rəvan getsin.

Kəsəsi, o şəxs dostlarının yerinə viski içən, əhdinə sadiq kovboylardan idi.

Şəxsən tanımıram, amma bir çox siyasətçilərin o cür “kovboy” dostları var və onları indiyədək ayaqda saxlayan da elə adamlardır.

Nemət Pənahlının da elə səxavətli dostu olmamış olmaz. Yoxdursa da, ötürmə verdim, çıxıb desin ki, onun da elə dostu var... Zarafat edirəm, özü bilən məsləhətdir.

P.S. Sadiq kovboy haqqında lətifəni 20+ il öncə bizə Saatlıda Qubad İbadoğlu danışıb. Allah onun da qapısını açsın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости