Свобода людям, независимость нациям!

Dörd qatlı namə

1417 16.08.2023 11:19 Колумнисты A A

1992-93-cü illərdə Ermənistan Azərbaycanın bəzi rayonlarını işğal eləyəndə BMT Təhlükəsizlik Şurası qətnamələr hazırlamışdı, erməni ordusunun həmin torpaqlardan çıxması tələbini qoymuşdu. Tələb o qədər kəskin, radikal idi, İrəvanda 20 nəfər qorxusundan intihar eləmişdi.

Əlbəttə, qara yumor idi, BMT TŞ-nin həmin qətnamələri tualet kağızı qədər də önəm daşımırdı. Ona görə ermənilər 27 il o torpaqlardan çıxmadılar. Nəhayət, uca millətimizin səbir kasası daşdı, şapalağı qoyub düşməni öz torpağından qovdu. Eyni zamanda BMT-nin məlum və məlun qətnamələrini yerinə yetirdik.

İndi isə bütün dünya guya Qarabağ ermənilərinin taleyindən narahat olubdur, gündə üstümüzə gəlirlər. Deyirlər Laçın sərhədini açın, su yolu olsun, hansımız istəsək gedək Qarabağda terrora qoşulaq. Hətta 16 avqustda BMT TŞ-də bu məsələ müzakirəyə çıxarılacaqmış. Ermənistanın arzusu ilə.

Dəli şeytan deyir biz də ermənilərin yolu ilə gedək. Axı 27 il BMT qətnamələrini, üzr istəyirəm, peysərə verərkən Ermənistan belə deyirdi: “Bu işin bizə dəxli yoxdur, o rayonları Qarabağ erməniləri tutub, qoy Azərbaycan öz problemlərini həmin ermənilərlə həll eləsin”. Eyni üsulla Azərbaycan da bu gün BMT-yə cavab verə bilər ki, sən öl, heç bilmirəm Laçında yolu kim bağlayıb - laçınlılar, kəlbəcərlilər, şuşalılar, yoxsa zəngilanlılar... Qoy indi də Qarabağ erməniləri daxili problemlərini laçınlılar (və başqaları) ilə həll etsin.

Bunun demoqrafik əsasları, zəmini də faktiki hazırdır, Azərbaycan hökumətinin köçkünlərin yurdlarına dönüşü prosesini məhz o bölgədə daha sürətlə başlaması, daha sürətli aparması doğru addımdır. Nəyə görə laçınlının evi, həyət-bacası, küçəsi hansısa erməni terrorçularına yol-yolağa olmalıdır? Lap adını “humanitar aksiya” qoy, yalan üflə. Heç bir humanitar aksiya başqa tərəfdə humanitar fəlakətə səbəb olmamalıdır. Qoy Xankəndi erməniləri Laçın camaatı ilə danışıqlar aparsın, bəlkə onlar müəyyən maşınların keçməsinə icazə verəcəkdir.

Yeri gəlmişkən, elə bugünlərdə təsadüfən Bakıda bir ağsaqqal laçınlı ilə həmsöhbət oldum. Deyir kəndimizə getmişdim, iki mərtəbəli evimdən dizə qədər uçuq hörgü qalmışdı. İşğaldan öncə kəndlərində məktəb direktoru işləyirmiş. Sovet hökuməti hələ 1988-89-cu illərdən bu kəndlərin hamısından silahları yığıb: “Mənim məktəbimdə hərbi dərslər keçmək üçün biri avtomat olmaqla üç tüfəng var idi. Sovetin daxili qoşunları gəldilər, hamısını yığıb apardılar ki, guya sülh olacaq. Ancaq sonra həmin tüfəngləri ermənilərə verib bizi qırmağa göndərdilər”.

Füzulidən keçmiş əsgər, qazi Hadrutun ermənilər yaşamış, 2020-ci ildə azad olunmuş kəndinə getmiş, maraqlı video çəkmişdi. Videoda hündür, necə deyərlər, “taxtapuşlu”-zirzəmili evlər görünürdü və keçmiş döyüşçü boğmağa çətinlik çəkdiyi qəzəblə videonu şərh edirdi: “Baxın, bu evlərin daşlarını Füzulinin azərbaycanlılar yaşamış kəndlərindəki evlərdən söküb gətiriblər”. Doğrudan da, bayırdan suvağı vurulmamış tikiliyə baxanda bunun kubiklərinin hərəsinin bir rəngdə olması - başqa evlərdən sökülüb gətirilməsi açıq bilinirdi.

İndi bu azğın yaramazlar yalandan əzabkeş donuna giriblər, qapılara düşüb timsah göz yaşları axıdırlar, “humanitar fəlakət” deyə ulaşırlar. Humanitar axı insana aiddir! Haçan siz humanizm göstərmisiniz, indi cavabını almağa ümidlisiniz?

Ancaq bir tragikomik arxayınlıq var ki, onsuz BMT TŞ hərəsi ağzını başqa yönə tutmuş, daha doğrusu, biri o birini parçalamasın deyə ağız-ağıza yatan canavar-dövlətlərdən ibarətdir, bunlardan qorxmağa dəyməz. Uzağı təzə qətnamə çap edərlər. Onu da birtəhər Xankəndinə yollasınlar, ermənilər sanitar məqsədli kağız kimi yararlansınlar. Biz 27 il işlətmişik. Yumşaqdır, incitmir. Dörd qatlıdır.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости