Свобода людям, независимость нациям!

Donbası Rusiyaya vermək dünyanın sonudurmu?

3319 24.01.2026 02:57 Политика A A

İlk yayın vaxtı 17:27

O nəsil ki, bu müharibəyə qarşıdır, onlar zamanı gələndə Ukraynanın qoparılmış ərazilərini qanuni sahibindən qorumayacaqlar -necə ki, Leninakandan gəlib Füzulidə posta durmaq məcburiyyətində qalan ermənilər müharibə başlayana kimi qaçdılar, özgə torpaqda ölmək istəmədilər...

Bizim üçün – xüsusilə yurd-yuvasına hələ də qayıda bilməyən keçmiş məcburi köçkünlər üçün – torpaq məsələsi zehnimizdə əbədi travmadır, nəinki 5 ilə, bəlkə heç 50 ilə də sağalmaz. Ona görə “Donbası Rusiyaya güzəştə getmək son deyil” demək qəddar mövqe kimi görünə bilər. Deyərlər ki, sənin də şəhərin işğalda idi, bir kəndini dövlət güzəştə getsəydi, reaksiyan nə olardı və sairə...

Məsələ bizim Ukraynanın ərazi güzəşti ilə bağlı nə düşünməyimiz deyil, buna biz qərar da verə bilmərik. Qloballaşan dünyada sərhədlərin götürülməsi haqda danışarkən, indi əksinə, dövlətlərin ənənəvi sərhədləri belə daha toxunulmaz hesab olunmur. Ərazini zor, hədə-qorxu ilə istəyən təkcə Putin Rusiyası deyil. Təsəvvür edin ki, NATO dövlətinin hüquqi ərazisinə öz müttəfiqi göz dikirsə, ordu yeritməklə hədələyirsə, Ukrayna bu qarışıqlıqda elə ayaq altda qalmalıdır.

Picture background

Bu müharibədə Ukraynanın indiki Rusiyaya, indiki hakimiyyətə və indiki şərtlərlə qalib gəlmək şansının olmadığı 2022-ci ilin fevralından bəlli idi. Ona görə deyirdik ki, Qərbin siyasətçilərinin təhriki ilə Ukraynanı bu bəlaya sürükləməmək, Rusiyanın kin-küdurətini dövlətin üzərinə çəkməmək lazım idi. “Rusiyanı strateji məğlubiyyətə uğradacağıq” deyib Ukraynanı bu müharibəyə təhrik edənlər – NATO, Avropa Birliyi, ABŞ- indi özləri bir-birinin boğazından yapışıblar. İkinci Dünya mühartibəsindən sonra formalaşmış təhlükəsizlik sistemi çat verib.

Rusiya onun üçün belə bir əlverişli zamanda Ukraynanın Donbasın işğal olunmamış ərazilərindən qoşunlarını çıxarması şərtindən geri çəkilmir. Abu-Dabidə də iki gün davam edəcəyi gözlənilən danışıqlarda əsas müzakirə mövzusu Rusiyanın bu şərti ətrafında olacaq. Trampın Ağ Evdə hakimiyyətə qayıtmasından dərhal sonra Ukraynada müharibənin dayandırılacağı və hazırda bu ölkənin şərqində ciddi hərbi irəliləyən Rusiyanın qələbəsinin tanınacağı haqda danışırdılar, bu prosesin başladığı daha kimsə üçün sirr də deyil.

Rusiyanın şərtlərinin qəbul ediləcəyi halda bu savaşdan güclənmiş çıxacağı narahatlığı var. Müharibənin dayanmasına qarşı olanların arqumenti belədir. Bu narahatlıq təkcə Qərbə deyil, bu ölkənin qonşularına da yad deyil. Amma Rusiyanın xaricdəki bir neçə milyardlıq aktivləri əldən çıxıb, geri qaytarılmasına da ümid yoxdur. Müharibənin hər günü Moskvaya bir neçə milyard rubla başa gəlir, sanksiyalar da öz təsirini göstərib. Müharibə sülhlə bitsə belə, sanksiyalar yaxın illərdə götürülməyəcək. Rusiya ordusu da savaşda bəlkə də təcrübəsini artırıb, peşəkar ordu modeli bir daha yenidən test edilib, amma ciddi itkilər də var. Müdafiə sənayesi nəfəs dərmədən işləyir, bəzi vacib müəssisələr belə məcburi şəkildə hərbi sənayeyə transformasiya edilib. Müharibənin dayandırılması təkcə Ukraynaya deyil, Rusiyaya da vacibdir. Bunu dilə gətirmirlər, öz şərtlərini qəbul etdirməyə çalışırlar, amma Putin də fərqindədir ki, dayanmaq lazımdır.

İkinci Dünya müharibəsində 4 ildə SSRİ Berlinə bayraq sancdı, Rusiya isə hələ də Donbasın palçığında batıb. Moskva bu rüsvayçılığı dünyada yaranmış böhrandan istifadə edərək öz şərtləri ilə bitirmək istəyir.

Məncə, Ukraynanın Donbası və işğal olunmuş əraziləri geri almaq şansı mütləq olacaq. Bu işğalı heç bir sənədlə legitimləşdirmək mümkün deyil. Sadəcə, doğru zamanı gözləmək lazım gələ bilər. Putindən sonrakı Rusiyaya indikindən çox çətin olacaq. O nəsil ki, bu müharibəyə qarşıdır, onlar Ukraynanın qoparılmış ərazilərini qanuni sahibindən qorumayacaqlar. Yadınızda, ermənilər Leninakandan gəlib Füzulidə posta durmaq məcburiyyətində idilər, amma müharibə başlayana kimi qaçdılar. 10 min erməni fərarisinin sirri həm də budur. Özgə torpaqda ölmək istəmirdilər.

Öz ərazilərindən imtina etmək istənilən dövlət üçün ən ağır şərtdir. Rusiya–Ukrayna savaşı, Donbas əlbəttə, Qarabağ deyil, bu çoxmiqyaslı, qlobal güclərin yer aldığı, fərqli məqsədlər güdən müharibədir. Amma o da gerçəkdir ki, 1994-cü ildə ölkəmiz ağır şərtlər altında olsa da, atəşkəsə razı olmasaydı, biz bu gün Şuşada, Xankəndində olmaya bilərdik. Ukraynanın hətta hansısa sənəd üzərində bu razılaşmaya getməsi mənim rəyimcə, hələ torpaqlardan imtina deyil, bu uzun-uzadı müzakirələr tələb edəcək.

3 milyon insanın yaşadığı paytaxt Kiyev fəlakətli vəziyyətdədir, digər bölgələrdə də ciddi enerji böhranı yaşanır. Ölkənin insan resurslarını və iqtisadi potensialını bərpa etmək üçün müharibənin dayandırılması lazımdır. Ukraynada adamların yaşamağa ərazisi hələ də çoxdur, yetər ki, geri qayıtsınlar, ölkənin yaralarının sarınmasına kömək etsinlər.

 

Nazim Sabiroğlu
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости