Свобода людям, независимость нациям!

Dolaşıq kələf: “Krokus” işinin iki kilid ismi - Hanter Bayden və “Seyfullo”

1931 10.04.2024 00:30 Колумнисты A A

 

İŞİD-in “Krokus”dakı terror aktına görə məsuliyyəti öz üzərinə götürməsinə baxmayaraq, Rusiya rəhbərliyi öz anonsunun üstündə durmaqda davam edir. Hələ teraktın üstündən bir sutka ötməmiş Kreml cinayətin sifarişçilərini hansı istiqamətədə axtaracağını bəyan etmişdi. İstiqamət dəyişməyib.

Artıq Rusiya Federasiyasının İstintaq Komitəsi ABŞ və NATO ölkələrinin yüksək rütbəli məmurlarına qarşı terrorizmin maliyyələşdirilməsinə görə cinayət işi açıb. İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, bu, deputatların və ictimai xadimlərin martın 27-də istintaq orqanlarına daxil olmuş müraciətində göstərilən faktların yoxlanılmasının nəticələrinə əsasən edilib.

Martın 23-də bilavasitə terrorçuların özləri tərəfindən çəkilmiş və onların insanları necə güllələdiklərini göstərən unikal videokadrların İŞİD tərəfindən yayılması ondan xəbər verirdi ki. terrorçular öz hərəkətlərini videolentə alaraq sifarişçiyə göndərib, sövdələşməni necə yerinə yetirdiklərini göstəriblər. Sifarişçilər isə həmin lentləri yayaraq dəhşətli terror aktının onların əməli olduğunu təsdiqləyirlər.

Rusiya tərəfi isə bu dəlil-sübutu, birbaşa əlaqəni kənara qoyaraq, cinayətin izini israrla Ukrayna-Qərb istiqamətində axtarmağa başladı və ictimai-siyasi xadimlərin, politoloq və təbliğatçıların canfəşanlığıdan bəlliydi ki, təhqiqatçılar axırda ortaya “bir şey çıxaracaqlar”.

Budur, İstintaq Komitəsinin rəsmi nümayəndəsi deyir: “Müəyyən edilib ki, kommersiya təşkilatları, xüsusən də Ukraynada fəaliyyət göstərən “Burisma Holdinqs” neft-qaz şirkəti vasitəsilə əldə olunan vəsaitlər son illərdə Rusiya Federasiyasında terror aktları həyata keçirmək üçün istifadə edilib”.

Ancaq belə bir açıq və ağır ittihamın irəli sürülməsindən sonra yenə də konkretlik və yəqinlik hasil olmur, nümayəndə əlavə edir ki, kəşfiyyat xidmətləri və maliyyə kəşfiyyatı bir neçə milyon ABŞ dolları məbləğində vəsaitin sonrakı hərəkətini, eyni zamanda, Qərb ölkələrinin dövlət məmurları, ictimai və kommersiya təşkilatları arasında konkret şəxslərin iştirakı yoxlanılır.

Demək, hələ yoxlama, təhqiqat gedir, ancaq yekun ittiham hazırdır. Elan olunur ki, terror aktlarının bilavasitə icraçıları ilə xarici kuratorlar, təşkilatçılar və sponsorlar arasında əlaqələr araşdırılır, yəni hələ ortalıqda bir şey yoxdur, lakin Ukrayna artıq terroru dəstəkləyən dövlət elan edilib, ABŞ və Fransa da ona yardım etməkdə suçlanır.

Bəs İŞİD-in yaydığı video necə olacaq? Bir şəkildə İŞİD-lə ABŞ, Ukrayna ilə İŞİD arasında da əlaqələr qurmaq (və ya tapmaq) lazım gələcək. Bu, çox sayda vasitəçilər, kuratorlar və təlimatçıların mütəşəkkil qrupuni ifşa etmək deməkdir, nə qədər adam adları çəkilməlidir, ortaya onlarla təsdiqləyici ifadələr qoyulmalıdır. Terror aktının naməlum koordinatoru “Seyfullo” (ilk günlərdə o adamın adı “Abdullo” kimi qeyd olunurdu) tapılmalıdır və o, cinayət sxemini açmalıdır. Yəni bu, irihəcmli işdir.

Terror aktının maliyyələşdirəni kimi adı çəkilən “Burisma Holdinqs” ona görə xüsusi maraq doğurur ki, 10 il öncə hazırkı prezident Cozef Bayden Barak Obamanın administrasiyasında vitse-prezident olarkən onun oğlu Hanter Bayden bu holdinqdə işləyib. Onun adı maliyyə fırıldaqlarında, müxtəlif maxinasiyalarda “Burisma Holdinqs”də 16,5 milyon dollar rüşvət almaqda hallanıb. Belə bir çox təkrarlanan informasiya da var ki, o dövrdə Ukraynanın baş prokuroru Viktor Şokin bu işin istintaqına ciddi şəkildə nəzarət etdiyinə görə Baydenin şəxsi xahişilə prezident Petro Poroşenko tərəfindən isetfaya göndərilib.

İndi bu fakt rusiyalı istintaqçılara əsas verib ki, “Burisma”nı “Krokus” terrorunun sponsor elan etsinlər.

Bəri başdan görünür ki, istintaqın bu istiqamətdə gedişi nəticəsiz qalacaq. Nə ruslar terror aktında “Burisma”nın, Ukrayna kəşfiyyatının, Qərb dairələrinin əli olduğunu sübut etmək üçün təkzibedilməz dəllilər əldə edə biləcəklər, nə də adı çəkilən ölkələr və holdinq ittihamı ciddi sayaraq istintaqla əməkdaşlıq edəcəklər.

Bu barədə söhbətlər, ittihamlar informasiya müharibəsinin elementi olmaqdan uzağa getməyəcək.

NATO və ABŞ rəhbərlərinə qarşı cinayət işinin açılması isə Qərbdə RF prezidenti Vladimir Putinə qarşı açılmış cinayət işlərinə cavabdır.

Bəs əminliklə demək olarmı ki, “Krokus” terrorunda adı çəkilən dairələrin əli olmayıb? Təəssüf ki, demək olmaz və şübhə doğuran heç bir tərəfi istisna emək mümkün deyil. Yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məlum terror aktından bir neçə gün əvvəl Rusiyanın təhlükəsizlik qüvvələrinə “yaxın günlərdə “Krokus” konsert zalında terror aktı gözlənilir” deyə xəbərdarlıq etməsi ABŞ tərəfinə müəyyən alibi qazandırır. Ən böyük müəmma odur ki, bu terror aktında ABŞ tərəfinin əli vardısa, nəyə görə MKİ həmin xəbərdarlıqla öz planını pozmaq istəyib. Axı RF-nin təhlükəsizlik orqanları bir qədər səriştəli, peşəkar və məsuliyyətli olsalar, aldıqları mötəbər məlumata əsaslanaraq martın 22-də “Krokus”u üzük qaşı kimi əhatəyə alar, terrorçuları elə avtomobildən düşən kimi zərərsizləşdirərdilər.

Bir sözlə, ilin ən böyük terror cinayətinin araşdırılması zamanı kələf ya bilərəkdən, siyasi məqsədlərlə dolaşdırılır, ya da kələf öncədən elə dolaşdırılıb ki, çözülməsi çox çətindir. Bir sözlə, rusiyalı təhqiqatçıların işi qaranlıq otaqda qara pişiyi tutmaq cəhdinə bənzəyir. 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости