Свобода людям, независимость нациям!

DOKTOR SEYFƏDDİN ƏSƏD 70 – XALQIN BÖYÜK TƏBİBİ HAQDA ÜRƏK SÖZLƏRİ

1337 10.01.2024 14:33 Колумнисты A A

Bu gün Azərbaycanın görkəmli təbibi, bütün şüurlu ömrünü insanlarımızın sağlamlığının keşiyində dayanmağa həsr etmiş Seyfəddin Əsədin yubiley doğum günüdür. Bu münasibətlə əziz və qədim dostumu, inandığım, etibar və etimad etdiyim ləyaqətli Vətən övladını təbrik edirəm.

Doktor Seyfəddin Əsədin keçdiyi həyat yolu çox zəngin və şərəflidir. Azərbaycanın azadlığı uğrunda milli azadlıq hərəkatında iştirak edən ziyalılarımızdan biri, Ermənistanın ərazi iddialarına qarşı Tovuz-Qazax bölgəsində xalq müqavimətini, könüllü hərəkatı təşkil edərək, başında dayanan liderlərdən, müstəqilliyimizin qazanılması, qorunması və möhkəmlənməsi istiqamətində yorulmadan mücadilə edən simalardandır. Onun şəfalı əlləri, nurlu və xeyirxah ürəyi ən gənc yaşlarından indiyə qədər Azərbaycanın bir neçə nəslinin təmsilçilərinə həyat bəxş edib.

Seyfəddin Əsədin doktor kimliyi hazırda o qədər məşhurdur ki, illərin o tərəfində qalan azadlıq, torpaq bütövlüyümüz uğrunda möhtəşəm mücadiləsi o məşhurluğun kölgəsində qalıb. Lakin Seyfədin Əsədin 70 illik həyatının son 35 ilinin şahidi kimi bütün olanlar mənim və digər qədim dostlarının yadındadır. Seyfəddin Əsədin həyatının o illəri və oradakı fraqmentlər neçə-neçə romanların, maraqlı filmlərin mövzusu ola bilər...

O, Vətəni və yurdu Tovuz torpağının qorunmasını necə cani-dildən həyata keçirirdisə, indi də Vətən övladlarının həyatlarının qorunmasını o cür ürəklə və şövqlə həyata keçirir.

Seyfəddin Əsəd 35-40 yaşlarından bir bölgənin seçilib-sayılan ziyalılarından, gənc ikən ağsaqqallarındandır. İndi isə Azərbaycan miqyasında tanınan, sevilən və özünün yolu olan təbiblərimizdəndir. Onun sirli şəfqəti var - ona müraciət edən xəstələri sağalır, fəqət doktor Seyfəddin Əsədə, onun insanlığına, bacarığına, təmənnasızlığına və aurasına xəstə olurlar...

Seyfəddin Əsədin ən böyük sehri isə onun dürüstlüyü, bir də müdrikliyidir. Dostluqda da, insani münasibətlərdə də, xəstə-həkim münasibətlərində də Seyfəddin Əsəd dürüstdür. Ona etibar etmək, arxa çevirmək olar - heç zaman namərdlik etməyəcək, səni pis vəziyyətdə və darda buraxmayacaq, haqqını tapdamayacaq. Bəzən dostlar da bir-birini incidəcək hərəkətlər edər, uzunmüddətli münasibətlərdə qırıcı fraqmentlər də ola bilər. Belə məqamlarda Seyfəddin Əsədin müdrikliyi dövriyyəyə girər. İstər özü ilə bağlı olsun, istərsə də çevrədəki dostlarla əlaqədar – Seyfəddin Əsəd küskünlüklərin, inciklik və inkarların da doktorudur. Dostluqların, münasibətlərin və yaxşılıqların əməkdar mühəndisidir o! İnsan xarakterini və psixologiyasını yaxşı bildiyindən az qala dini lider, təriqət şeyxi kimi toparlayıcı, barışdırıcı və birləşdiricidir.

Seyfəddin Əsəd özü üçün yaşamır. Bu baxımdan indi ona münasibətdə edəcəyim dualardan çevrədəki hər kəsə - doğmalara, dostlara, mövcud və potensial xəstələrə də pay düşür!

Əziz və qədim dostum, həm də ən kritik anlarımın doktoru, gözəl insan, dəyərli ziyalımız Seyfəddin Əsəd! Çox yaşa, sağlam ol, ayaqda ol, imkanlı ol! Hər zaman indiki kimi şəfqətli, xeyirxah və işıqlı ol!

Allah səni və bütün dəyər verdiklərini qorusun!

RAUF.jpg (269 KB)

Hörmətlə, Rauf Arifoğlu

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости