Свобода людям, независимость нациям!

Doğrudanmı Türkiyə dünyaya rəngli eynəklərdən baxır...

2738 12.08.2023 11:59 Колумнисты A A

İndi nəzərlər daha çox Türkiyəyə və Rusiyaya yönəlib. Təkcə siyasi təhlilçilər yox, adi insanlar da iki ölkə başçısının avqustun neçəsində və hətta harada görüşəcəyinin aydınlaşdırılmasının intizarındadır.
Görüşün təkcə Rusiya-Ukrayna münasibətləri baxımından yox, həm də Azərbaycan – Ermənistan təmasları aspektindən də çox mühüm olacağı güman edilir.

Amma daha bir məsələ də var ki, o, çox müzakirə olunmasa da, elə də əhəmiyyətsiz hesab olunmur. Söhbət ondan gedir ki, bu ilin payızında Avropa İttifaqı - Türkiyə münasibətləri ilə bağlı bir neçə ciddi hesabat müzakirə olunacaq. Qeyd edək ki, çoxdan idi ki, Avropa İttifaqı sanki Türkiyəni unutmuşdu. Bu məlumat da Türkiyənin İsveçin NATO-ya üzv olmasını özünün Avropa İttifaqına inteqrasiyası ilə bağlayandan sonra gündəmə gəldi.

Elə Ərdoğan hökumətinin özü də bu illər ərzində Avropa İttifaqına üzv olmaq üçün xüsusi səy göstərməmişdi. İndi də, İsveçin NATO-ya üzvlük protokollarının aktuallaşdığı bir vaxtda da, demək olmaz ki, Ankaranın Avropa İttifaqına üzvlüyü xüsusi təkan alacaqdır. Yox, məsələ təkcə İsveçdən, hətta NATO-dan asılı deyil. Təsadüfi deyil ki, prezident Ərdoğan NATO-nun sammitində öz tələbini səsləndirdikdən sonra Aİ-nin reaksiyası özünü çox gözlətmədi: Avropa İttifaqı təmsilçiləri elan etdilər ki, iki məsələni biri-birilə qarışdırmaq lazım deyil: hansısa bir ölkənin NATO-ya üzv olması bir məsələdir, Türkiyənin Avropa İttifaqına üzv olması isə tamamilə başqa...

Bəs onda Ankara nəyə ümid edir? Birincisi, İsveçin və Finlyandiyanın NATO-ya üzv olması sonuncu genişlənmə aktı deyildir. Özü özlüyündə çox yaxşı bir haldır ki, Ankara belə mötəbər tədbirlərdə öz maraqlarını dilə gətirir, Alyans üzvlərini özünün Avropa İttifaqına üzvlüyünə dəstək verməyə çağırır.
İkincisi, son illərdə Türkiyə ABŞ-la müəyyən problemlər yaşasa da, Rusiya ilə hissolunacaq dərəcədə yaxınlaşsa da, yenə də Qərb ölkəsi kimi qalıb. İndiki zamanda, dünyanın yenidən geoiqtisadi və geosiyasi cəhətdən bölüşdürülməsi prosesi gedərkən Ankaranın bunu bir daha xatırlatması yaxşı haldır. Təsadüfi deyil ki, prezident Ərdoğanın Avropa İttifaqı ilə bağlı son bəyanatı Moskvada əsl narahatlıq yaradıb. Əlbəttə, Türkiyənin Rusiyadan 2025-ci ildə öz “sülhməramlı”larını Azərbaycandan çıxarmasını tələb etməsi də Kremli az pəjmürdə etmədi.

Amma Ankaranın Avropa İttifaqına inteqrasiyası kursuna hələ də sadiq qalmasına Kremlin xüsusi cavabı oldu: guya ki, Türkiyə dünyaya rəngli eynəklərdən baxır, amma onu Avropada heç kim gözləmir...

Burada təbii sual yaranır: doğrudanmı Türkiyə dünyaya rəngli eynəklərdən baxır? Əlbəttə ki, burada müəyyən nüanslar var. Birincisi, İngiltərnin Avropa İttifaqını tərk etməsindən sonra avro-ehtiraslar bir qədər azalmalı idi və azaldı da. Düzdür, Ukrayna, Moldova və hətta Gürcüstan kimi Avropa İttifaqına qəbul olunmağı səbrsizliklə gözləyən ölkələr də var. Amma buna dəyərmi? İkincisi, indi inkişaf təkcə Qərbdə getmir, Uzaq Şərq ölkələri, xüsusən də Çin böyük geoiqtisadi sıçrayışlar edir, hətta Qərblə rəqabət aparırlar. Üçüncüsü, bir az əvvəldə dedik ki, dünya yenidən bölüşdürülür, yeni geosiyasi qütblər yaranır.

Bu konteksdə belə fikilər səslənir ki, Türkiyə yenidən Qərbə üz tutmamalı, xüsusən də Avropa İttifaqının kandarının ağını çıxarmamalıdır. Türk respublikalarını başına toplayıb özü bir geosiyasi güc olmalıdır. Sonuncu fikrə biz də tərəfdarıq. Amma geosiyasi güc olmaq təkcə bununla bağlı qətiyyət tələb etmir. Bu proses həm də geosiyasi və geoiqtisadi resurslar tələb edir. Amma bir məsələ də var ki, Qərb nə qədər çalışsa da daha bir qütblü dünya olmayacaqdır, ən azı ona görə ki, Rusiya bir tərəfə, gündəmdə Çin və onun geosiyasi iddiaları da var. Əslində bu, yaxşı haldır. Ən azı ona görə ki, Türkiyə kimi ölkələrə əlavə resurslar verir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости