Свобода людям, независимость нациям!

Doğrudanmı səbəbləri Rusiya da bilmir?..

609 20.01.2024 10:16 Колумнисты A A

Rusiyanın baş diplomatı cənab Sergey Lavrov növbəti dəfə danışdı. İnsafən, demək lazımdır ki, həmişəkindən bu dəfə yaxşı danışdı. Ən əvvəl dedi ki, bu vaxta qədər qəbul edilən əsas, üçtərəfli razılaşmaların heç birində Fransa prezidenti E.Makronun imzası yoxdur və onun bu sözləri Parisin Bakıya qarşı “qətnamə” qəbul etdiyi bir vaxta lap yerinə düşdü - qallara işarə oldu ki, bölgəyə qapını qoyub pəncərədən daxil olmayın, ən əsası da, burnunuzu sizə aid olmayan işlərə soxmayın...

Lavrov daha sonra bildirdi ki, İrəvan Naxçıvanı Azərbaycanın əsas hissəsilə birləşdirən dəhliz verməlidir, çünki bu, ilk üçtərəfli razılaşmalarda nəzərdə tutulub və üstəlik, o vaxt razılaşdırılıb ki, bəs bu yolun təhlükəsizliyini Rusiyanın sərhəd xidməti təmin edəcəkdir.

Burada öz tərəfimizdən bunu qeyd edək ki, indi Ermənistan tamam başqa hava oynayır – belə iddia edir ki, guya bu məsələ Ermənistan üçün bir növ “suverenlik” məsələsidir, hansı ki, bu illər ərzində faktiki olaraq, Rusiya tərəfindən nəzərə alınmayıb və daim məhdudlaşdırılıbdır. Yəni ki, Paşinyan Ermənistanı əvvəlki illərdən daha müstəqil etməyə çalışır!

O ki qaldı saziş məsələsinə, rusiyalı diplomat bildirdi ki, Azərbaycan onu Rusiya platformasında imzalamağa hazırdır, amma Ermənistanın nə düşündüyü ona məlum deyil. Fəqət, bunun ardınca da faktiki olaraq bildirdi ki, bəs İrəvanı saziş imzalamaqdan çəkindirən məhz Qərb dairələridir, hansılar ki, onun özlərinin ərazilərində imzalanmasını təkid edirlər. Biz də bura onu əlavə edək ki, Zəngəzur dəhlizini də çətinə salan həqiqətən də həmin Qərb dairələri hesab olunur, hansılar ki, dəhlizin Rusiyanın nəzarətinə verilməsini qəti istəmirlər...

Qərəz, Sergey Lavrovun sözlərindən belə anlaşıldı ki, problemi yaradan indi də Qərbin çaldığı havaya oynayan Ermənistandır.

Belədirmi? Fransa ilə bağlı məsələ tamamilə aydındır. Biz əvvəllər də qeyd edirdik ki, Parislə bir azca ehtiyatlı olmaq lazımdır – o, İngiltərədən sonra ikinci böyük imperiya təcrübəsi olan ölkədir və onun Afrikada “quyruğunu” möhkəmcə tapdayıblar. Ona görə də “yeni nüfuz sferası” axtarır və elə məhz bu səbəbdən İrəvanı özünün “kiçik bacısı” adlandırır.

Əlbəttə ki, burada prezident E.Makron cənablarının da özəl siyasi maraqları var. Əgər bəzi yozumlar həqiqətən də doğrudursa, Fransanın prezidenti hakimiyyətini bir az da uzatmaq istəyir və bu məqsədlə də erməni diasporunun yardımından faydalanmaq niyyətindədir.

O ki qaldı ABŞ-a, onunla bağlı qəti bir söz demək çətindir. Elə bu günlərdə bir Vaşinqton rəsmisi bəyan etdi ki, Bakı və İrəvan ciddi irəliləyiş əldə ediblər və ABŞ ümid edir ki, tərəflər bu yaxınlarda biri-birinin suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən saziş imzalaya biləcəklər...

Nə demək olardı bu xüsusda? Razılaşın ki, bu sözlərdə “ilişməli” məqam yoxdur və ilk baxışda, ABŞ yetərincə xoş məram nümayiş etdirir...

Amma həqiqətdə belədirmi? Bir daha deyirik ki, qəti cavab vermək olmur. Bəli, ilk baxışda hər şey normal və anlaşıqlı, xüsusən də məqbul görünür. Amma düşünmürük ki, Vaşinqton İrəvanı sülh sazişinə yönəltmək üçün hər şeyi edir – yox, buna ya qarşıdakı seçkilər mane olur, ya da Vaşinqton sazişin imzalanmasında tam maraqlı deyil. Hələlik anlaşılan budur ki, Moskva ilə Vaşinqton arasında Cənubi Qafqazda da çox ciddi rəqabət var.

Qərbin ümumi vasitəçilik səylərinə gəldikdə isə, düşünürük ki, bu il prosesdə ləngimələr olacaq. ABŞ tərəfindən ən böyük problem qarşıdakı prezident seçkiləridir.

Avropaya gəldikdə isə, Fransa hələ özünün ermənipərəst kombinasiyalarını davam etdirəcək, amma Avropa İttifaqında ciddi dəyişikliklər gözlənilir – belə fərz edilir ki, Aİ Şurasının prezidenti Şarl Mişeli də artıq başqa birisi əvəz edəcəkdir.

Ruslar isə daim vurğulayırlar ki, birincisi, ən azı Azərbaycan razı olmalıdır ki, saziş Rusiya platformasında imzalansın, çünki onların fikrincə, münaqişə həm də Rusiyanın sayəsində özünün həllini tapıbdır – guya Moskva əvvəlki dövrlərlə müqayisədə bu dəfə qismən də olsa, necə deyərlər, nisbi neytrallıq göstərdi və münaqişənin bitməsinə mane olmadı. İndi düşünürlər ki, prinsipcə, İrəvan da bununla razılaşmalıdır, ona görə ki, dostları belə sürətlə dəyişmək olmaz – belə ki, Kreml bu fikirdədir ki, İkinci Qarabağ savaşından sonra da hayların da əsl “dostu və qardaşı” Rusiyadır.

İkincisi, ruslar gələcək sazişin imzalanmasına ev sahibliyi etməklə həm ümumi prosesə nəzarət imkanları əldə etmək istəyir, həm də gələcək Zəngəzur dəhlizini bir növ “özəlləşdirməyə” çalışırlar – belə olsa, onlar təkcə İrəvanın bütün giriş-çıxışlarına nəzarət imkanları qazanmayacaqlar, həm də bölgədə uzun müddətdə qalmaq imkanı əldə edəcək və Qərbi buradan tamam sıxışdıracaqlar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости