Свобода людям, независимость нациям!

Dizayn edilmiş mağara

1684 12.10.2023 13:51 Колумнисты A A

“Özümüz bir şey deyilik, adımız təbildə döyülür”

(Azərbaycan ata sözü)

HƏMAS-ın Qəzza bölgəsindəki yeraltı tunellərindən birinin fotosunu gördüm. Tunelin divarlarına raketlər bərkitmişdilər, çıxarıb atırdılar.

Yəqin “Qassam” adlanan o əldəqayırma raketləri görmüsünüz. Dəmir borunun içinə partlayıcı doldururlar, arxasına isə şəkər tozu və bir gübrənin (tam resepti təhlükəsizlik səbəblərindən yazmaq olmaz) qarışığından yanacaq bərkidilir. Sonra uşaq yelləncəyinə oxşar iki əyri dirəyin üstündən bunu fırladırlar. Vəssalam, bütün “raket” elə bundan ibarətdir. Nə koordinat var, nə başqa dəqiqlik.

HƏMAS terrorçularının əslində dəqiqlik deyə dərdi yoxdur, təki İsrail tərəfdə kimisə öldürsünlər. Uşaq, böyük, qoca, cavan, nepallı, tailandlı, ingilis, alman... fərq eləmir. “Qassam” əldəqayırma olduğundan və yanacağının azlığından çox uzaq da uça bilmir, 4-5 kilometrə çatırmış. Bu baxımdan HƏMAS-ın həmin raketlərindən ən çox Qəzzaya yaxın şəhərlər - Sderot, Aşkelon-filan zərər görür.

Ancaq tunel videosunda mənə bir detal maraqlı gəldi - divarların kamuflyaj boyanması. Görəsən, yerin altında, heç kəsin görmədiyi divarı kamuflyaj boyamaq üçün hansı ağılın yiyəsi olmalısan? Bəlkə İsrailin son terror qarşısında müvəqqəti də olsa aciz qalmağının, 1000-dən çox adamın qurban getməyinin əsl səbəbləri elə bu idiotizmdə gizlənir. Sən milyard dollarlar xərcləyib yüksək texnologiyalar kəşf edirsən, telefonları dinləyirsən, dronlar uçur, hasar qaldırılır, hərəkətə reaksiya verən, insansız idarə edilən pulemyotlar quraşdırırsan və sairə. Lakin sarsağın biri gözləmədiyin deşikdən çıxır. Lap bizim bir ata sözündəki vəziyyətdir: “Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi”.

Zırramalığın üstünlük qazandığı epoxaya qədəm qoymuşuq, biləsiniz. O ağıllı telefonlar-zad hamısı görüntüdür. Bu yaxında təhsil nazirimiz maraqlı etirafda bulunmuşdu: “On yaşlı şagirdlərin 40 faizi oxuduğu mətni anlaya bilmir”. Yayda nazirliyin şöbə müdirlərindən Elnur müəllimin də oxşar açıqlaması var idi, deyir dördüncü sinif şagirdlərinin hər iki nəfərindən biri mətni oxuyub mənasını anlamaqda, izah etməkdə çətinlik çəkir. Bu təkcə bizdə belədirmi? Təskinlik üçün deyim ki, dünyada tendensiya bu istiqamətdədir. Elnən gələn dərd-bəladır, istəyirsiniz qol qaldırın, oynayın.

Bugünlərdə Türkiyədə məşhur Adnan Oktar (Harun Yahya) əhvalatı haqda müəyyən verilişləri izlədim. Təxminən vəziyyəti bilirdim, o üzdən çox heyrətlənmədim. Yəqin xatırlayırsınız, 1990-2000-lərin çox ünlü tiplərindən biriydi bu Adnan müəllim. Guya axırıncı imam idi, guya darvinizmi ifşa edirdi, guya din yayırdı və sairə. Sözün əsl mənasında Şeyx Nəsrullahın zühur etməsi idi. Yüzlərlə qızı, azyaşlını zorlayan seks sektası qurmuşdu. Azərbaycanda da bu axmağı təbliğ edən bir sürü tiplər vardı, cızmaqaralarını kitab halında (sektada bunları yazan ayrıca qrup varmış) ölkəmizdə yayırdılar. “Kədiciklər” adlanan silikonlu qadınlar qrupu, dayanmadan “maşallah” deyən, studiyada rəqs edən qəribə məxluqat... Nəhayət, 2022-ci ildə Adnan müəllimi 8 min il həbs cəzasına məhkum etdilər.

Lakin mənə maraqlı gələn budur ki, belə cəfəngiyyatla Türkiyə kimi ölkənin gündəmində on illərlə qalmaq, insanları barmağına (həm də) dolamaq necə mümkün olmuşdur? Qardaş məmləkətimizdə heç bir “Kefli İsgəndər” də çıxmamışdırmı bu lotunu ifşa eləsin? Necə ola bilər ki, insansız uçan qurğular qayıran bir ölkədə Adnan Oktar populyar olur?

Biz Bakıda cənnətdə torpaq satanı görüb hirsimizdən gülürük, orada lotunun öz telekanalı var idi. Harun Yahyanın müsadirə edilən pulları 8 milyard lirə imiş.

Əlbəttə, belə sektalar vaxtaşırı ABŞ kimi inkişaf eləmiş ölkədə də çıxır. Necə deyərlər, “korrupsiya hər yerdə var”. Məncə, bəşəriyyət hələ də mağaradan çıxmamışdır. Sadəcə, dizayn yüngülvari dəyişilib.

Məsələn, kamuflyaj şəklində...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости