Свобода людям, независимость нациям!

Divardakı tüfəngin endirilməsi - “peaceməramlılar”ın araya girməsi

2575 24.09.2023 09:22 Колумнисты A A

 

Belə bir lətifə var, gündəmlə səsləşir. Səsləşməsə də, izah yerində çalışarıq səsləşsinlər.

Lətifə belədir: Bir nəfər borca pul verən pullu adamların yanına gəlir, deyir:

-Mənə çoxlu pul lazımdır. Eşitmişəm, siz adama istədiyi qədər borc verirsiniz, amma əvəzində girov-filan tələb etmirsiniz. Doğrudur?

- Doğrudur.

-Bəs birdən mən o qədər pulu götürdüm və qaytarmadım, aradan çıxdım, onda necə olacaq?

-Onda siz Yaradanın qarşısında təqsirkar kimi durub utanacaqsınız.

-Bəs bu, təxminən nə vaxt olacaq?

-Təxminən yox, məsələn, danışdığımız kimi, ayın 5-də pulu qaytarmasınız, dəqiq 6-da olacaq.

Lətifənin mənası odur ki, söz verdin, razılaşdın, söhbət bitdi, boynuna götürdüyün işi düz vaxtında etməlisən. Aradan çıxmaq, kələk gəlmək cəzaya səbəb olan şeylərdir.

Yoxsa xirtdəyin əldə olanda nəyəsə razılaşırsan, xirtdəyin əldən çıxandan sonra rahat nəfəs alaraq, “etmirəm, etməyə borclu deyiləm” ədası göstərəndə, vədini dananda xirtdəksıxan oğlan yenidən adamı hülqumlayır, bu dəfə 1-2 təpik, 3-4 şillə də bonus olaraq tutuzdurur.

2020-ci ilin noyabr ayının 10-da elə oldu. Ermənistan rəhbərləri gördülər ki, 5-6 saat da keçsə, Xankəndi əldən gedəcək, tez-tələsik yalvar-yaxar edərək ordumuzun hücumunu Putinin əliylə dayandırdılar, hər şərtimizlə razılaşdılar. Sonra razılığa və təqvimə əsasən 3 rayondan çıxdılar, amma arada nəfəs almaq məsələsində problem yaşamadıqları üçün, türkün sözü, burcutmağa başladılar. Öndə Rusiya sülhməramlıları qalxan kimi durmuşdu, Azərbaycan əsgəri separatçıları yenidən xirtdəkləmək üçün əlini uzadanda birinci önünə ruslar çıxacaqdı. Ermənilər də buna arxayın idilər, Heminqueyin “Əlvida, silah” romanını oxumaq əvəzinə “Müasir müharibəni necə aparmalı” broşüraları oxuyurdular.

Yeri gəlmişkən, “sülhməramlı” sözünün birinci kəlməsi olan “sülh”ün yerinə onun ingilscədəki qarşılığını (peace) qoysaq, sözün oxunuşu “pisməramlı” olur. Amma biz söz oynatmayaq, rus hərbçilərinin məramının necəliyindən asılı olmayaraq, hesab edək ki, onların orda olması işin xeyrinə olub. Yoxsa zibilə düşərdik. Məsələn, yaşayış məntəqələrinin, demək olar ki, hamısından zirzəmilərdə gizlənən yaşlı mülki vətəndaşlar hərbçilərimizə atəş açacaqdılar və cavab alacaqdılar. Di gəl, “Azərbaycan ordusu mülki əhalini qırır” qışqırığının qabağında dur, görüm. Budur, ortada hələ bir şey yoxdur, çığırışma Avropanı başına götürüb.

Yaralı mülki əhaliyə tibbi yardım göstərilməsini əks etdirən videolar da əsasən bundan ötrüdür ki, hamı erməniləri asıb-kəsmədiyimizi görsün. Yoxsa inanmırlar. Hamının ağlı özünə gedir – almanların da, fransızların da, ingilislərin də, hollandların da. Özləri vaxtilə işğal etdikləri şəhərlərdə camaatı qırıb çatıblar axı, leş-leşə söykənib.

photo_2023-09-23_20-43-34.jpg (318 KB)

Xüləs, ondan danışırdıq ki, ermənilər 2020-ci ildə verdikləri vədlərə xilaf çıxmaq istəyirdilər, əl altından silah toplamağa, Allah qoymasa, öz “ordu”larının döyüş qabiliyyətini artırmağa başlamışdılar. Əgər vaxtında Laçında sərhəd-keçid məntəqəsi yaradılmasaydı, əmin olun ki, Qarabağın dağlıq yerlərində əməlli-başlı arsenal əmələ gətiriləcəkdi. Bax, neçə gündür, dağıdılmış postlardan silah anbarları tapılır, özləri də gətirib təhvil verirlər, amma qurtarmır ki, qurtarmır. Hələ çaxır və şoraba bidonlarının saxlanıldığı zirzəmilərdə nə qədər silah var, onu yalnız o silahı verənlər, gətirənlər, yerləşdirənlər bilir.

Ona görə də bizim ordunun Yaradanla vədə xilaf çıxanların görüşünü təşkil etmələri leigtim aktdır. Yoxsa onlar təşkil edəcəkdilər ki, biz uca dərgahda cavabdeh qismində boynumuzu burub duraq və təyinat yerimizin isti bucaq və ya dilbər guşə olmasıyla barışaq.

Bu işlər belədir. Məşhur bir ifadə var, deyir, teatr tamaşasında pərdə açılanda səhnənin divarında tüfəng asıldığı görünürsə, o tüfəng sonrakı səhnələrdə mütləq atəş açacaq, kimisə xosunvay edəcək.

Bizimkilər də müasir texnoloji cihazlarla ayınca görürdülər ki, Xankəndiyə gedən TIR-larda silah daşınır. Onlar teatrşünas olmasalar da anlayırdılar ki, bu silahlar axırda kimə tuşlanacaq və atəş açacaq. Bunu biləndən sonra çıxış yolu nəydi?

1962-ci ildə Xruşov Kubada nüvə raketləri yerləşdirmək istəyəndə ABŞ tərəfi özünü ülgücləyərək bunun qarşısını alıb, deyib ki, biz bilirik, siz bu nüvə başlıqlı raketləri qulağımızın dibinə niyə gətirirsiniz, qoymarıq. Az qala nüvə müharibəsi düşəcəkmiş. Xruşov raket aparan gəmilərini geri döndərib, “Karib böhranı” səngiyib.

Biz də silah daşıyan TIR-ları Laçından geri döndərdik, “dəhliz böhranı” səngidi, yoxsa, vallahi, yaxşı olmayacaqdı.

Sonda bir lətifə də yazım: bir monqolşünasdan soruşurlar ki, monqollar “irəli”yə nə deyirlər, cavab verir ki, uraqşaa. Soruşurlar ki, bəs “geriyə getmək” nədir monqolca. Cavab belə olur: “Monqollar geri getmirlər, dönürlər, deyirlər, uraqşaa”.

İndi onun sözü olmasın, bizimki uraqşaadır. Xatircəm olun.

Qoy həmişə sülh olsun!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости