Свобода людям, независимость нациям!

Dissident ziyalıların şovinist damarı

2644 17.03.2022 11:11 Колумнисты A A

Jurnalist Marina Ovsyannikovanın unikal etirazı - çalışdığı telekanalda canlı efirdə müharibəni, Rusiya Federasiyasının aqressiv siyasətini protest etməsi rus cəmiyyətinə dair iki detalı qabartdı: 1. Nə qədər üzdə olmasalar və görünməsələr də, Rusiyada vicdanlı adamlar var; 2. Onların arasında tanınmış ziyalılar yoxdur.

Rusiyanın mədəniyyət və incəsənətini, ədəbiyyatını tərifləyən insanlar belə hərəkətləri məşhur rejissorlardan, populyar musiqiçilərdən, tanınmış yazıçı-şairlərdən, sanballı alimlərdən gözləyirdi, ancaq onlar susdular və ortaya dünənə qədər çox adamın tanımadığı jurnalist çıxdı.

Düzdür, Rusiyada, eləcə də postsovet məkanında hamının tanıdığı Viktor Şenderoviç Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən öz prinsipial mövqeyini ortaya qoymuş, Kremlin aqressiyasını pisləmişdi, ancaq artıq bu şəxsin Rusiyaya aidiyyatı qalmayıb, o, İsraildə yaşayır. Onun cəsarəti ölkə xaricində olmasından qaynaqlanmır, Şenderoviç Rusiyada yaşadığı zamanda kəskin satirası ilə müxalifətdə idi. Ancaq o, prinsipcə, Putinə qarşıdır, velikorus şovinizmini çox da pisləmir.

Bir məsələ də aydındır ki, müharibə aparan avtoritar rejimlərə qarşı çıxmaq, sırf hərbi kampaniyaya görə müxalifətdə olmaq asan məsələ deyil. Adamı bir dəqiqənin içində “vətən xaini” elan edərlər, müdafiəsinə qalxan da olmaz. Ancaq Rusiyanın situasiyası fərqlidir. O, müdafiə müharibəsi aparmır, öz mövcudluğunu qorumaq üçün savaşmır, hücum, qəsb, işğal, ilhaq, qarət edir, qətlaimlar törədir, ona görə də bu siyasətə qarşı çıxmaq vicdan məsələsidir.

Hücuma, işğala məruz qalan tərəfin eyni şəkildə müharibəyə qarşı çıxması isə başqa məsələdir, təslimçilik, itaətə çağırış anlamına gəlir və bunu etmək, təbii ki, vicdansızlıq, manqurtluqdur.

Bəla burasındadır ki, rus ziyalıların tam əksəriyyətində yuxarıda dediyimiz velikorus şovinizmi var - bir çoxlarında çox, bir yarısında, az, bəzilərində közərti kimi...

Onlar heç cür anlamaq, razılaşmaq istəmirlər ki, dünyanın ən azman ölkəsinin ucqarlarında yaşamış, hazırda isə qonşuluğunda yaşamaqda olan xalqların müstəqil dövlət qurmaq, öz problemlərini özləri həll etmək kimi fundamental hüquqları var. Ən tərəqqipərvər rus ziyalıları həmin xalqlara müstəqillik, azadlıq, hər cür hüquqlar verməyə hazırdılar, amma onlar bu azadlıqların Rusiyanın sərhədləri daxilində olmasını üstün tuturlar.

33.jpg (45 KB)

20-ci əsrdə yaşamış rus ziyalılarının ən məşhuru, Nobel ödüllüsü Aleksandr Soljenitsın deyildimi? Adam Qərbə sığınmış, sovet rejimini ifşa etmiş, stalinizmi yerdən-yerə vurmuş, özünü böyük demokrat, ədalət carçısı kimi göstərmişdi, amma axırda qatı rus şovinisti çıxdı, eyzən rus millətinin böyüklüyündən, fərqliliyindən danışdı. Bu, hələ dissident yazıçıydı, beləydi.

Məşhur rejissor Stanislav Qovoruxin də yarıdissident idi. 1990-cı ilin yanvarında sovet-rus qoşunları hücim edərək Bakıda qırğın törədəndə Stanislav Qovoruxin böyük bir məqalə yazmış, sovet hərbçilərinin əsassız yerə qətliam törətməsindən bəhs etmiş, Bakıda baş verənlər barədə gerçəkləri qələmə almışdı. Həmin məqalənin tərcüməsini o vaxt bizdə “Kommunist” qəzeti də dərc etmişdi. Sonradan, 2000-ci ildə Qovoruxin prezidentliyə namizəd oldu, 8-ci yeri tutdu və seçki birincisi olan Putin barədə belə bir söz dedi: “Putin öz qələbəsinə görə xalqın qul təfəkkürünə borcludur: bu millətə yeni bir çar göstər, gedib ona səs verəcək”.

44.jpg (35 KB)

Bu məşhur ifadədən 11 il sonra həmin Qovoruxin yenidən prezidentliyə namizəd olan Vladimir Putinin seçki qərargahının rəhbəri oldu, “yeni çar”ın yenidən dövlət başçısı seçilməsinə yardım göstərdi. Heç kəs ondan bu sayaq metamorfoza gözləmirdi, amma etdi.

Qovoruxinin daha bir paradoksal hərəkəti isə 2014-cü ildə Rusiya-Ukrayna münaqişəsi başlayanda oldu, o, Krımın Rusiyaya birləşdirilməsini dəstəklədi, Putinə dəstək üçün kollektiv müraciətin imzalanmasını təşkil etdi, hələ bir az da qabağa gedib Ukrayna millətçiliyindən dəm vurdu: “Mən Odessada 20 il yaşamışam və Odessa kinostudiyasında işləmişəm, Ukrayna millətçiliyinin nə olduğunu yaxşı bilirəm. Öz üzərimdə dəfələrlə sınamışam”.

Beləcə, bir zamanlar sovet imperiyasına qarşı çıxan parlaq bir ziyalı axırda gəlib şovinistlik etdi. 2018-ci ildə vəfat edən sənətçi qanlı, faciəvi Rusiya-Ukrayna müharibəsinin bu gününü görməsə də, axırının necə bitəcəyini “Arqumentı i faktı” qəzetinə müsahibəsində böyük uzaqgörənliklə demişdi, fəqət, o, sonun bu cür olmaması üçün heç bir şey etmədi.

77.jpg (9 KB)

Eyni sözləri Rusiya kinematoqrafiyasının patriarxı sayılan Nikita Mixalkov haqqında da demək olar. O da həmişə despotların audensiyasındadır, onların daimi dəstəkçisidir.

Bir sözlə, bu gün Rusiyada alovlanan millətçilik mərəzi heç də Kremlin sifarişi ilə şiddətlənməyib, sıravi ruslardan tutmuş ta məşhur ziyalılara qədər, tam əksəriyyət bu fikirdədir ki, rusların başqa millətlər üzərində eksklüziv haqqı var.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости