Свобода людям, независимость нациям!

Dinc quruculuq

1678 13.12.2022 10:39 Колумнисты A A

“Çox istedadlı olsanız, çox səy göstərsəniz də, bəzi nəticələr zaman tələb edir: doqquz qadını hamilə qoysanız belə, bir aydan sonra uşaq sahibi olmayacaqsınız”.

(Uorren Baffet, milyarder)

Bəzən xaricdən maliyyələşən qara qüvvələr, həmçinin onların Qərbdəki havadarları Azərbaycanda sərbəst toplaşma azadlığının olmadığını bəyan edir, ölkəmizə qara yaxırlar. Dünən qərb tərəfdə baş verənlər bunun necə ağ yalan olduğunu bir daha isbat edir. Zəhmətkeşlərimiz sərbəst şəkildə toplaşdılar, etirazlarını bildirdilər. Hətta çadır qurulmuşdu. Yəni hər şey şanlı meydan hərəkatımız dövründəki kimi idi. Ola bilər biz yenidən Amerika mətbuatına “İlin xalqı” kimi düşək. İnşallah.

Əslində bizim hər cür itin-qurdun deyinməsinə, donquldanmasına reaksiya verməyə nə vaxtımız, nə həvəsimiz var. Qoy onlar ölkəmizi guya insan haqlarının pozulması temasında tənqid eləsinlər. Hər belə tənqidə dözümsüz yanaşmağımız keçmiş zamanlarda qaldı. İndi biz yetərincə müstəqil, suveren, hegemon, lider dövlətik. Məsələn, son bir ayda Azərbaycan Xarici İşlər Nazirliyi azı 3 dövlətə nota vermişdir. Özü də bunlar elə-belə, uşaq-muşaq dövlətlər deyil, hərəsi özünə görə heyvərə şeydir. Söhbət Rusiya, Fransa və İrana verilən notalardan gedir. Maşallah.

Torpaqlarımız işğal altında olanda biz məcburən balanslaşdırılmış fağırlıq siyasəti yürüdürdük. Rus nə eləsə, bizdən “xoroşo” (yaxşı) cavabı alırdı, farsın hər təhqirinə və buyruğuna “bəçeşm” (gözüm üstündə) deyirdik. Yeganə Fransadan heç vaxt qorxmamışıq, rəhmətlik deputat Şamil müəllimin zamanından bu, dünyada məlumdur. O vaxt fransızların yenə hansısa ermənipərəst hərəkətinə Şamil Qurbanov parlamentdə “Jak Şirak qudurub” deyə reaksiya vermişdi. Jak Şirak Fransanın prezidenti idi. Lakin Şamil müəllimin əleyhinə Bakıda piketlər düzəldilmişdi. Bir qrup YAP üzvü fransız onun evinin qabağına gedib Şamil müəllimi söymüşdü. 

Deməli, bizdə sərbəst toplaşma azadlığının kökləri uzaqlara gedir çıxır. Bu günün özündə mən istəsəm hətta qəzetdə Baydeni tənqid eləyərəm. O cümlədən Reyqanı və Marqaret Tetçeri. Bizə bunun üçün şərait yaradıldığına görə baş nazir Əli Əsədova minnətdarlığımı çatdırıram.

Sözgəlişi, xarici siyasət idarəmizin vuran əlinin ortaya çıxmasında orada aparılan islahatların rolu danılmazdır. Gör son illər nə qədər diplomatımız korrupsiyada suçlandı, tutulan səfirlər, konsullar... Elmar Məmmədyarov Nyu-Yorkda uşaqlarına bahalı evlər almışdı. Bütün bu amillər idarənin dilini gödək eləyirdi. Xarici siyasətlə məşğul olursansa gərək xaricdən asılılığın olmasın. Bunlar isə müəyyən çirkin mexanizmlərlə xarici qara qüvvələrdən asılı vəziyyətə düşmüşdülər. Məmmədyarov nəsə əsəbləşib notasını çıxarmaq istəyəndə görürdün Nyu-Yorkun JEK idarəsi qapını kəsdirib, uşaqlardan zibil pulu tələb edirlər. Nəticədə müəllim notanı qaytarıb qoyurdu yerinə. İndi şükür, heç kimdən asılacağımız qalmayıb. Əksinə, xaricilər bizdən asılıdır - istəsək Avropanın qazını azaldıb verərik Lerikə.

İqtisadi müstəqilliyin önəmi çox böyükdür. Biz bunu yavaş-yavaş da olsa, başa düşürük, qanırıq. Məsələn, bugünlərdə yenə qərb bölgəmizdə iki müəllim bıçaqlaşıb, 3 nəfər ölüb. Atalar demişkən, müəllim vuran yerdən gül çıxır, ancaq indi gülün sezonu deyil, ona görə yüngülvari qanqaraçılıq olubdur. Sözüm bunda deyil. Diqqəti hadisənin motivlərinə yönəltmək fikrindəyəm. Deyir münaqişə borc pul üstündə yaranıbdır, müəllimlərin biri o birisindən üst-üstə 5-10 min dollara yaxın borc alıb, lakin qaytarmaqdan imtina etmişdir.

İndi gəlin baxaq, əgər müəllimdə borc verməyə pul varsa, necə iddia edə bilərik ki, təhsil işçilərimiz acından ölür? Bunu müxalifətçilər vaxtaşırı söyləyir, cükküldəşirlər. Müəllim az qala bank açıb, sən deyirsən maaşı azdır.

Şəxsən mən özüm də bu yazını çox sərbəst yazdım, heç bir maneçilik yox idi. Yeganə olaraq qonşu dreli dırıldadırdı. Ancaq buna dözmək lazımdır, hər halda, yəqin dinc quruculuqla məşğuldur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости