Свобода людям, независимость нациям!

Dilim-dilim olan dil müəllimləri

7857 26.06.2024 09:14 Колумнисты A A

Öncə əsgərlərimizi ordu günü münasibətilə təbrik edirəm. Bu saat ölkədə yeganə təbrik ediləsi qurum varsa, yəqin o elə ordudur, çünki öz funksiyasının - vətəni qorumaq - öhdəsindən nəhayət gəlmişdir. Başqa hər peşənin, hər birimizin işində nəsə çatışmazlıq, yarıtmazlıq tapılar. 

Elə bugünlərdə müəllimlər arasında maraqlı süpürləşmə gedir. Hökumət onları nəyəsə görə (artıq kimin xışı daşa dirənsə müəllimləri sınağa çəkir) imtahan edib, lakin qəribə nəticələr ortaya çıxıbdır: ana dili və ədəbiyyat müəllimləri şikayətlənir, deyinir ki, bizə verilən suallar riyaziyyat və ingilis dili müəllimlərinə verilən suallardan qat-qat çətin idi, bu ədalətsizlikdir, dünya birliyi nə üçün susur, qabaqdan seçki gəlir, biz daha lazım deyilikmi və sairə və ilaxır. 

İmtahanlarda toplanan ballar müəllimlərin maaşına ciddi təsir edirmiş. Dava elə buna görədir. 

Müəllimlərin sosial şəbəkə paylaşımlarından haqlı olduqları görünür. İmtahanda qoyulan bu suala baxın: “Hansı cümlədə morfoloji sualı aid olduğu nitq hissəsinə mənsub olmayan feilin sintaktik sualı da morfoloji suala oxşardır?” Aşağıda 5 cümlə yazılıb, lakin heç onları burada verməyə ehtiyac yoxdur, çünki sualın özünü başa düşmək üçün, yalan olmasın, yarım saat vaxt lazımdır. Ona qədər də imtahan bitər. 

Mövzuya dəxli yoxdur, ancaq bir sual məni xeyli güldürdü, onu sizinlə bölüşürəm: “Hansı nümunələrdə məcazilik olub-olmadığını dəqiq demək olmur?” Deyəcəksiniz bunun nəyi gülməlidir? Əlbəttə. Satira cavab variantlarında idi. Beş cavabın axırıncısı bu cürdür: “Quru sərhədlər artıq açılmayacaq”. Sualı tərtib edən müəllim(ə)in gözündən öpürəm. Vallah, səsli güldüm. 

Azərbaycan dili və ədəbiyyatı müəllimlərimizin problemini yaxşı anlayıram. Çünki biz hazırda dil baxımından yetmiş yeddi dərənin suyunu bir kanala axıdırıq və yol ayrıcında qalmışıq. Dilin adı, işlənən sözlər, alınma sözlər, əski dilimiz, neologizmlər, dialektlər və sairə - ortaq razılığa gələ bilmədiyimiz min dənə şey var. Ona görə uşaqlar orta məktəbdə oxuduğu mətni anlamır. Qəzet jurnalistləri televiziya jurnalistlərinin nə danışdığını başa düşmür, o cümlədən camaat qəzeti oxuyanda oradakı moltanı dilinin qarasınca söylənir. Məhkəmə qərarını oxuyursan, sanki klinqonlar yazıb. Tərcümə kitabı alırsan, bilmirsən bunu ruscadan suaxili dilinə tərcümə ediblər, yoxsa çin dilinin mandarin ləhcəsindən portuqalcaya. Vəziyyət bizim düşündüyümüzdən ağırdır. Təxmin edirəm, beş-on il də belə davam etsə biz əl işarələri ilə rabitə quracağıq. 

Fikrim boş giliz kimi havaya getməsin deyə misal çəkirəm. İstənilən bir ana dili dərsliyimizin elektron variantını internetdə tapıb baxdım. Bu, 8-ci siniflər üçün “Azərbaycan dili” dərsliyi oldu. Qəttəzə, 2023-cü ilin kitabıdır. Kitabda ilk mətn 7-ci səhifədə başlanır və elə buradan da uşaqlara yarımçıqlıq, yalançılıq aşılanır. Çünki mətnin ilk cümləsi belədir: “Əziz dostlar! "Doğma dilim, sən ki, varsan..." ifadəsi ilə başlanan “Azərbaycan dili” dünyamıza xoş gəlmişsiniz". Yarım-yapalaq, şeir misrasına oxşar o cümlə nəyi ifadə edir, yəqin bunu yazıq uşaqlar və müəllimlər özləri xəyal etməlidir. Buna qədərsə kitabda himn-filan da daxil olmaqla, 7 səhifə yazı-pozu, foto-moto var. Deməli, bu “dünya” o ifadə ilə başlanmır, bizə yalan deyirlər. 

9-cu səhifədə belə absurd, uydurma cümlə verilib, babası uşağa deyir: “Elm, memarlıq, tikinti, gəmiçilik və sairə sahələrdə Avropa Şərqə borcludur”. Hansı Şərqə, hansı gəmiçiliyə, hansı elmə... Dəhşətdir. Bu cəfəngiyyatla uşaq böyüdülərmi? 

Həmin səhifədə başqa yalan: “Dünya dörd dirək üstündə durur, bunlardan biri dindarların ibadətidir”. Elə bil dünyəvi dövlətin dərsliyini yox, Talibanın şəriət qaydalarını oxuyursan. 

13-cü səhifədə dizinə kitab qoyub çəmənliyə çökmüş uşaq şəkli veriblər, uşağın maksimum 6 yaşı olar. 8-ci sinifləri müəlliflər bu qədər balaca sayır? 

Dərslik heç dəxli olmayan, məzmunsuz statistika və faktlarla ləbələb doldurulub: “Firudin bəy Köçərlinin yazdığına görə, Ağa Məsih Şirvani Sultan Məcid Qənizadənin dördüncü babasıdır”, “Qıraq Kəsəməndən İsrafil ağa və Kosalardan Məşədi İbrahim Məmmədəlinin mülkünü almaq üçün müştəri düşdülər” və sairə.

22-ci səhifədə Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri verilib. Şeir kökündən yalan olan misra ilə başlayır: “Dil açanda ilk dəfə "ana" söyləyirik biz". 

Hamımıza məlumdur ki, “ana” sözünün içindəki “n”  təzə dil açan körpə üçün çox çətin ifadə edilən səsdir. Körpə dil açanda ilk olaraq “baba”, “məmə”, “mama” deməsi min dəfə asandır və adətən də belə olur. 

“Bu dil tanıtmış bizə bu dünyada hər şeyi” misrası da arxaizmdir, köhnəlibdir. Get Amazonkaya, Nyu Yorka, nə bilim, Tokioya, gör ana dilimizlə nəyi tanıyacaqsan. Mən dünya ədəbiyyatını rus dili ilə öyrənmişəm, qızım indi ingiliscə oxuyur. 

Bu cür dərsliyi öyrənsən nə olacaq, öyrədən imtahandan kəsilsə nə olacaq? 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости