Свобода людям, независимость нациям!

Dəyişən qiymətlərin dəyişməz sıxıntısı

1252 23.08.2022 09:45 Колумнисты A A

 

Braziliya qəhvəsinin xiridarları nə edəcək, deyirlər, bu il o tərəflərdə məhsul az olub, ona görə də dünyada qəhvənin qiyməti kəskin bahalaşa bilər.

Heç demə, 2021-ci ildə plantasiyalar quraqlıqdan, günvurmadan zərər çəkib, sonra isə donvurmadan. Futbolçu Pelenin qəhvə plantasiyaları da elə.

Ona görə də hazırda dünyanın qəhvə içə-içə kitab oxuyan və bir fincan qəhvənin 40 illik xətir-hörmət yaratdığına inanan kəsimini ciddi sınaq gözləyir. Onlar qəhvəni baha içməli olacaqlar (onsuz da lüks restoranlarda elə də ucuz deyildi).

Dünyanı deyə bilmərəm, qəhvə ilk olaraq öz ölkəmizdə bahalaşacaq. Çətini bu xəbərin milli qəhvəçilərə çatmasına qədərdir, daha oturub gözləməyəcəklər ki, məhsul Braziliyada, Türkiyədə bahalaşsın.

Hətta ola bilər ki, başqa ölkələrin qəhvə istehsalçıları yaranmış boşluğu dolduracaqlar və nəinki Cənubi Amerikada, hətta Avropada da qəhvə bahalaşmayacaq, amma onun bizə təsiri ola bilməz. Bahalaşma xəbəri çıxıbsa, məhsul baha satılmalıdır. Fürsət, bu fürsət.

Yerə 0,2 sm qar düşəndə 3 manatlıq yol üçün 15 manat istəyən taksi sürücülərinin N qədər olduğu ölkədə qıtlaşacağı deyilən qəhvə ucuz ola bilərmi? Əsla. Bu, bazar iqtisadiyyatına zidd olar. Tələb-təklif məsələsinin bu işə qətiyyən dəxli yoxdur.

Ona qalsa, Tərtər xiyarı və Şəmkir pomidoru bu il həmişəkindən boldur, amma mövsümün əvvəlindən deyilir ki, bu il bahalıq olacaq, pomidor-xiyar ucuz olmayacaq, ona görə də məhsul nə qədər bol olsa da, ucuzlaşma olmadı.

Bəlkə də sırf bu üzdəndir ki, bir həftə öncə “Meyvəli” bazarında bir pomidor satan əlində qalıb xarab olmuş təxminən 1 ton pomidoru arabalara yükləyib apardı, zibil yeşiklərinə boşaltdı.

Vay, amandır, bu ölkədə yanacaq, çörək və sair bu kimi strateji məhsulların qiyməti çox yox, 3-5 qəpik qalxsın, daha doğrusu, dəyişdirilsin və ya xərcinə uyğunlaşdırılsın. Ertəsi gün bütün məhsulların qiyməti 20-30 qəpik, bəzən isə 1 manat qalxacaq. Hamının da əlində daşdan keçən bəhanə var: “Hər şeyin qiyməti qalxıb, ona görə biz də məcburuq”.

Az-çox sabitlik yaranan kimi strateji məhsulların qiyməti yenə 5-10 qəpiklik dəyişikliyə məruz qalsa, dərhal o biri məhsulların qiyməti dəyişdirilməyə başlayacaq və ikinci dövrəyə çıxan püstə kimi olacaq.

Beləcə, qiymət dəyişdirə-dəyişdirə bir də görürük ki, artıq 1 manata heç nə almaq olmur, inflyasiya baş alıb gedir. Sonra hiperinflyasiya gəlir, daha sonra devalvasiya.

Yəni əldə olan məhsulların bahalaşdırılması, daha dəqiqi, qiymətinin dəyişdirilməsi bizdə məhsul bolluğundan, bazar iqtisadiyyatın qanunlarından asılı deyil, bəhsəbəhs məsələsidir. Xiyar satan qiyməti qaldırıbsa, badımcan satan da qaldırmalıdır, eləcə də ispanaq və ya əvəlik satan. Hətta qəhvə də bahalaşmalıdır.

Biz belə kinoları çox görmüşük. Ömrümüz dəyişdirilən qiymətlərin dəyişməz sıxıntıları içində keçib. Yadımdadır, sovetin axır illərində belə bir bahalaşma dalğası başlanan vaxt ağsaqqallarla oturub söhbət edirdik. Uzun müddət (1961-dən 88-ə qədər) sabit, yarımağır illərdə, “sarı təkliy”in 1 kilo qənd ala bildiyi dövrdə yaşamış ağsaqqallardan biri “görəsən, bu işlərin axırı necə olacaq” deyə ritorik sual verdi, mən də inqilabçı gənc olaraq dedim ki, heç nə, Qorbaçov dövləti belə idarə edəcəksə, yumurtanın biri 100 manat olacaq.

O mərəkədə olanların hamısı bir ağızdan dedi ki, Allah Qorbaçovun evini yıxsın. Bu xüsusda fikir ayrılığı olmadı, Qorbaçovun tifağının dağılması arzusunun üzərində ortaq məxrəcə gəldik və elə həmin il SSRİ dağıldı, Qorbaçovun evi yıxılmış oldu. Ancaq ondan sonrakı illərdə 1 yumurta doğrudan da 100 manata qədər bahalaşdı (o vaxt “qiymət dəyişdirmə” söhbəti yox idi, hər şeyin adını birbaşa deyirdilər, əlavə lətifə yaratmırdılar).

Səhər işə gedəndə aldığımız ərzağın axşam evə qayıdanda başqa qiymətə olduğu günləri də yaşadığımız üçün indiki qiymət dəyişiklikləri bizi o qədər də təəccübləndirmir. Sadəcə, narahat edir və əndişələndirir.

Xalqımız istəyir ki, sabitlik olsun. Özü də hər məsələdə. Sabitlik olanda hər şey yaxşı olur. Yanacağın, çörəyin qiyməti tez-tez qalxmayanda heç adamın qan təzyiqi də qalxmır. Yumurtanın 1-i yüz manat olanda isə... ta hessad.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости