Свобода людям, независимость нациям!

Dərdli dendrari

1422 15.04.2023 09:16 Колумнисты A A

“Bağım var, bağım var - tumanbağı!”

(Azərbaycan ata sözü)

Mərdəkanda Dendrari adlanan qədim bir park var. Milyonçu Murtuza Muxtarovun mülkü olub, bağın ortasında Muxtarovun evi də qalır. Sovet dönəmində bağı akademiyanın bitkiçilik üzrə bölümünə bağışlayıblar. Ki, bizim botaniklərimiz orada bitkiləri, nadir ağacları, qəribə çiçəkləri-filanı öyrənsinlər, elmi kəşflər qayırsınlar.

Hərçənd bizim botaniklərimizin nəyi kəşf elədiyi bizə sirr olaraq qalır, çünki xalq arasında lüzumsuz yerə çox populyar olan axmaq filmdəki Gülümsərov obrazı, onun limandra adlı ixtirasından özgə yadımıza nəsə düşmür.

Film demişkən, dendrarinin mədəniyyət tariximizdə özünəxas yeri var. Burada “O olmasın, bu olsun” filmindən səhnələr çəkilib. O cümlədən 1982-ci ildə SSRİ-də çəkilən “Batterflyayın qayıtması” filmində Mərdəkan dendrarisinin orijinal memarlıq üslubundakı, dairəvi gözəl hovuzu göstərilir.

Dendraridə Muxtarovun vaxtından qalma qeyri-adi, əsl tarixi abidə olan nəhəng su quyusu da var. Quyunun divarları boyunca pilləkənlərlə dibinə qədər enmək olurdu.

Yaxud dendrari ərazisində rus şairi Yeseninin ev muzeyi... Doğrusu, heç vaxt o muzeyi açıq görmədiyim üçün içindən xəbərim yoxdur.

Çox maraqlıdır ki, akademiyanın prezidenti işləyərkən Ramiz Mehdiyev dendrarinin içində toyxana açmamışdı. Görünür, fürsət bulmayıb. Ramiz müəllimdən çıxmayan iş...

Güman edirəm rəhbərlik onu elə bu cür yerlərdən səmərəsiz istifadə üstündə işdən qovdu. Bəlkə də dendrarinin müdiri Tofiq müəllim Ramiz müəllimə bağda şadlıq sarayı və göydələn qayırmağa imkan verməmişdi. Çünki onun özünün 50-yə yaxın qahımı bağda işləyirdi. Lakin keçən il dendrarinin müdiri qəribə şəkildə öldü: hansısa rayonda yolun qırağında maşını saxlayıb durduğu yerdə başqa maşın gəlib onu vurmuşdu. Necə deyərlər, milyonda bir təsadüf...

Və o vaxtdan bəri dendrarinin üzərində qara buludlar sıxlaşmaqdadır (Əvvəllər də heç ağ günlü olmayıb, insafən. Məsələn, hər növbəti il gedəndə dendraridə ağacların azaldığını görmək mümkün idi. O cümlədən botanika bağında antisanitar şəkildə ayı, qartal saxlayırdılar, məlum deyildi bunların bitkiçiliyə dəxli nədir). Bütün dövlət qurumlarımız kimi, dendrarini də publik hüquqi şəxsə çeviriblər, sonra Elm və Təhsil Nazirliyinə tabe ediblər. Hazırda bağda ekskavator və traktorlar eşələnir, nəsə tikirlər. Böyük ehtimalla ərəb turistlər üçün kafe-restoranlar olacaqdır. Qartalı və ayını da ovlamaq üçün icarəyə versələr, komplekt tam düzələr.

Dendrarinin alimlər heyəti bu şəraitə etiraz edərək İctimai Televiziyanın müxbirini bağa çağırıbmış. Mən əhvalatın videosunu internetdə təsadüfən görərkən əvvəlcə güldüm, sonra bir az ağladım. Təsəvvür edin, dendrarinin müdiriyyəti müxbiri və çəkiliş qrupunu bağa, bağın alimlərini də bayıra buraxmamışdı. Tor darvazanın bir üzündə “İctimai”nin müxbiri, o biri üzündə botaniklərimiz dayanıb intervü verirdilər. O qədər ictimai mənzərə idi ki... Hətta bir yaşlı botanik kişi danışanda mən onu qəfəsdəki qartala oxşatdım.

Doğrudur, sonra nazirliyin açıqlamasını verdilər, deyir tikinti-quraşdırma işləri gedir, alimləri başqa yerdə bina ilə təmin edəcəyik. Bu da maraqlı yanaşmadır. Bağa baxan adamı dağda iş yeri ilə, dağa baxan adamı da bağda iş yeri ilə təmin etməliyik. Nəticədə elmimiz daha da inkişaf edəcəkdir.

Ağacların hamısı kəsilsə, camaat özünü asmağa yer tapmaz, əhalimiz çoxalar. Mənim elmi təklifim hələlik budur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости