Свобода людям, независимость нациям!

Dərbəndi də deməliyik

2164 19.10.2022 09:30 Колумнисты A A

İnəklərin məsələsini həll eləyəndən sonra hörmətli deputatlarımız növbəti fövqəladə, ümumbəşəri, geopolitik, ciddi qanuna da əlavələr etmişlər. Deyir indən belə media orqanları, həmkarlar, hətta bələdiyyə də ombudsmana şikayət verə biləcəkdir.

Bu, olduqca vacib qanundur. Nəyə görə? Çünki biz qabaq küçədə hansısa insanın hüquqlarının ayaqlandığını görəndə qəzetdə yazırdıq, lakin ombudsmanın buna reaksiya verməsi mümkün olmurdu. Qanunda yox idi axı. Qanuna görə gərək hüququ pozulan adam özü ombudsmana şikayət verəydi. Yazıq ombudsman faktiki işsiz qalmışdı. Köhnə ombudsmanımız Elmira xanım 15 il otaqda şikayət gözləyə-gözləyə əsgərlərə yun sviter, əlcək, corab toxuyurdu.

İndi hüququ pozulan adamın razılığı ilə o şikayəti sadaladığım orqanlar, həmçinin biz jurnalistlər ombudsmana çatdıracağıq. Hətta ola bilsin bu yeniliyin sayəsində vətəndaşlarımızın bələdiyyə, mətbuat və həmkarlar idarəsinə diqqəti üç qat artsın. Yoxsa bələdiyyə seçkisində dələduzları görürdük, həmkarlar sanatoriyaya putyovka satır, jurnalistlər də qızıl qələm mükafatı dalıyca düşüblər.

Ancaq bu qanunun bir az gec qəbul olunması şəxsən mənim xoşuma gəlmədi. Həmçinin xoşuma getmədi. Çünki indi biz hüquqi dövlət qurmuşuq, başa düşmürəm ombudsmana hansı şikayət ərizələrini toplayıb göndərməliyik. AXC-Müsavat dövrü keçibdir. Bəlkə xaricdəkilərin şikayətlərini çatdıraq? İşin siftəsini özüm eləyirəm. Almaniyada yaşayan soydaşımız Vasif Səfərov görün nə yazır:

“Hörmətli Zamin bəy, ola bilsin ki, indi yazdıqlarım çox bədbin və yaxud da Aztv-sayağı (“Almaniya dağılır”) fonunda anlaşılsın, ancaq Almaniyada da köklü problemlər var! Hələ 2012-də yaşlı bir alman professorumuz deyirdi: “Bu rahat illər mütləq arxada qalacaq, çünki daimi olaraq yüksələn sistem nəinki dünyada, kainatda belə yoxdur, hər yüksələn sistem sonunda çöküşə məhkumdur”. Əgər Almaniyada yaşasanız, ictimai nəqliyyatdakı problemləri hər gün görmə imkanınız olardı. Qatarlar mənasız səbəblərdən on dəqiqələrlə gecikir, özüm hər gün şahidəm, məktəbə gedən uşaqlar soyuqda ayağının birini götürüb o birini qoyaraq gecikən qatarı gözləyir. (Bu cümləni oxuyanda yazıçı Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi gözüm önündə canlandı – Z.H.) Avtobuslarda sürücü çatışmır, bu səbəbdən bəzən müəyyən saatdan sonra bəzi istiqamətlərə reyslər ləğv edilir. İkinci məsələ: yaşlıların üstünlük təşkil etdiyi cəmiyyət. Almaniya əhalisinin böyük bir qismi yaşlılardır, bunları pensiya ilə təmin etmək üçün cavan nəsilə böyük miqdarda vergi yükü düşür. Bir çox alman gənci ya işləmək istəmir, yaxud da ABŞ, Avstraliya kimi isti ölkələrə köçür. (Azərbaycana da gəlirlər, mən hər gün Biləcəridə, vağzalda almanlarla rastlaşıram – Z.H.). Səhiyyə sahəsində ixtisaslı həkim/işçi çatışmır, ayaq damarlarımda ağrı var, güc-bəla ilə 2023-cü ilin noyabrına görüşə yazılmışam (əsl Aztv-lik süjet olardı). Gəlmələrə qarşı diskriminasiya halları ilə bağlı danışıb çox da başınızı ağrıtmaq istəmirəm, çünki çeynənmiş mövzudur. Xülasə, bu ölkənin problemləri varmı, var. Ancaq yenə də azaddır və bu cəmiyyətdə yaşamağı hansısa zəngin şərq ölkəsinə dəyişmərəm”. Məktubun sonu.

Düzü, bizdə qəti belə problemlər olmur. Yalnız dünən bir xəstəxanada pasiyentin qardaşı görüş verilmədiyi üçün həkimi bıçaqlamaq istəmişdi, 15 sutkalıq tutuldu. Ancaq duraq ayağımız ağrıdığı üçün 1 il növbə gözləyək... Belə azadlıq kimə lazımdır? Yayda mənim ayaq vətərim məşqdə qırılmışdı, bir ay süründüm, lakin həkimə getmədim, öz-özünə, azad şəkildə sağaldı.

Sonda qeyd etmək istəyirəm ki, Dəmir qapı Dərbənd də bizimdir. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости