Свобода людям, независимость нациям!

Deputatın qətli üçün “şirinlik” - İcraçılar məlumdur, bəs cinayətin sifarişçisi kimdir?

2251 04.03.2024 10:18 Колумнисты A A

 

Bu günlərdə deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan şəxslərin məhkəmə prosesi gedir. Onlar ifadə verir, hadisənin detallarını danışırlar.

“Mən günahsızam, bəraət istəyirəm”, “məndən ifadəni işgəncə ilə alıblar”, “məni siyasi mövqeyimə görə şərləyirlər” deyən yoxdur.

Müttəhlimlər qəfəsində oturanların beşi də sui-qəsd cəhdi epizodunda iştirakını təsdiq edir, hansı rolda olduqlarını açıqlayırlar.

Onlardan biri Fazil Mustafanın ev ünvanını əldə edib və atıcıya tuşudub, biri potensial killerə sui-qəsd silahı verib, biri atıcını sui-qəsd hadisəsi baş verən yerə gətirib, biri deputata “Kalaşnikov” avtomatından 7 güllə atıb, başqa biri də silahı öz evində gizlədib.

Beləcə, deputatın həyatına sui-qəsd mütəşəkkil qrup tərəfindən həyata keçirilib, ancaq uğursuz alınıb.

İşini başa çatdıra bilməyən şəxs deyir ki, F.Mustafanı öldürmək yox, qorxutmaq istəyib. Əslində bir (və ya min) adamı ölümlə qorxutmaq məhz terror aktıdır.

Məqsəd qorxutmaq idisə, “Kalaşnikov”dan 7 güllə atmağa, xüsusilə də deputatı yaralamağa ehtiyac yox idi, onun başının üstündən pnevmatik tapançadan atılan güllə də onu (ümumiyyətlə, istənilən adamı) qorxuda bilərdi.

Görünür, məqsəd Fazil Mustafanı öldürərək, başqalarını qorxutmaq olub. Bu, daha ağlabatandır.

Qətlə təşəbbüs göstərən şəxsin məhkəmədə “İstədim, bıçağı soxam böyrəyinə ki, dilini dinc saxla” deməsi isə göstərir ki, əsas niyyət deputatı öldürüb susdurmaq olub.

Bəs baş tutmayan qətlin motivi, səbəbi nəymiş? Əsas müttəhimlər bu suala da cavab veriblər, deyiblər ki, Fazil Mustafa dindarları təhqir edib, məsələn, şah Xətai və şair Füzulini cahil adlandırıb və bu, qəsd fikrinə düşənləri hiddətləndirib.

Təqsirləndirilən şəxslər hələlik Fazil Mustafanın açıqlamalarının daha kimləri hiddətləndirdiyini demirlər, ola bilər, sona qədər də deməyəcəklər. Amma istintaq onlardan birinin, qəsdin əsas təşkilatçısının İrana 8 dəfə gedib-gəlməsinə diqqət yetirib.

Elə sui-qəsddən özünüqoruma instinktinin güclü olması üzündən sağ qurtulan Fazil Mustafa özü də ilk gündən, hətta sui-qəsdçilərin heç biri yaxalanmamışdan və onların İrana rəğbət bəsləyən dindarlar olub-olmayacağı bilinməzdən əvvəl bildirirdi ki, ona güllə atılması barədə fitva İrandan verilib.

Ortada pul söhbəti də olub. Atıcıya “şirinlik” vəd ediblər və veriblər. O, bu “şirinliyi” alarkən saymadığını deyərək konkret məbləği açıqlamayıb. Beləcə, indilikdə Fazil Mustafanın başına kəsilmiş pulun məbləği bilinmir.

Bu da onu göstərir ki, Fazil Mustafanın açıqlamalarına güllə atan şəxsdən daha çox başqaları hiddətlənibmiş. Əgər o, özü daha çox hiddətlənmiş olsa, acığını çıxmaq üçün etdiyi əmələ görə başqalarından pul almazdı.

Fazil Mustafanın Şah İsmayıl Xətaiyə, eləcə də Babəkə (ancaq deputatın bu şəxsə qarşı dedikləri hiddət doğurmayıb) qarşı açıqladığı fikirlərə akademik səviyyədə tutarlı cavablar verilib və bu xüsusda ölkə mediasında elmi polemikalar da gedib. Ona görə də dini fanatiklər bu söhbətə silahla müdaxilə etmədən həmin intellektual mübahisənin sonunu gözləməli idilər.

Ümumiyyətlə, 500 il əvvəl iki türk əsilli hökmdarın – şah İsmayılın və sultan Səlimin intriqasını bu günə daşımağın və onu davam etdirməyin mənası nədir? O vaxtdan bəri dünyada, regionda yüzlərlə müharibə olub, xanədanlıqlar süqut edib, imperiyalar dağılıb, respublikalar qurulub, sərhədlər dəyişib, inqilablar, çevrilişlər baş verib, amma biz hələ də 510 il öncə baş verən Çaldıran döyüşündə ilişib qalmışıq. Bu şahsevənliyin, sultansevərliyin nə mənası var?

İndi kimsə bir qrup monqolun yanında Çingizxana və ya özbəklərlə audensiyada Əmir Teymura qarşı bir fikir bildirsə, onlar onu mütləq bıçaqlamalıdırmı?

Ən pisi odur ki, siyasi qətl törətmək istəyənlər əməllərinə görə peşman olmadıqlarını deyirlər. Bu, onların alacağı cəzanın ağırlaşmasına səbəb olmaqla yanaşı, həm də dini fanatizmin gerçək ölçüsünü göstərir.

İnsan kütlələri arasında din-məzhəb ayrılığı varsa, mütləq qarşılıqlı bəyənməzlik də var, kimsə bizim dini əqidəmizi bölüşmürsə, onu tənqid edirsə, onu vurub öldürsək, sonra da “islam sülh dinidir” desək, bu nə dərəcədə düzgün olar? Bunları fikirləşmək lazımdır. Müharibələrdə güllə atana güllə ilə cavab vermək məqbul olduğu kimi, söz deyənə də sözlə cavab vermək lazımdır.

Bu iş üzrə növbəti məhkəmə iclası martın 15-də olacaq – təbii ki, təxirə salınmasa. Görək, daha hansı detallar açıqlanacaq və hansı müəmmalı suallara cavab veriləcək.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости