Свобода людям, независимость нациям!

Dəmiryolu turizminin paytaxtı

1279 27.12.2023 10:49 Колумнисты A A

Şamaxıda maraqlı turizm tədbiri keçirilmişdir: şəhərin “Türk dünyasının turizm paytaxtı” olmasının bağlanış mərasimi. Paytaxtımızın böyründə bu cür kütləvi mədəniyyət tədbirləri olur, xalqa xəbər verilmir. Nırç, nırç... 

Eyni zamanda, 2023-cü ilin başı bağlanmaq üzrədir və dövlət idarələri hesabat verməyə başlamışdır. Nəticədə öyrənirik ki, sən demə, bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizə xaricdən 1 milyon 800 min nəfərdən çox turist gəlmişdir. Onların təxminən 30 faizi Rusiyadan, 19 faizi Türkiyədən, 8 faizi İrandan olmuşdur və sairə. Hətta 5 faiz hindistanlı turistlərimiz vardır. Belə ehtimal edirəm onlar Zaqatala meşələrində itən hindistanlı növcavanın qahımlarıdır, axtarışa gəlmişlər. 

Rasiyadan gələnlər də çoxdan orada kök salıb vətəndaşlıq qazanan həmyerlilərimizdir. Bakıda-Şəkidə dirəyə bağlayıb getdiyin arvad-uşağa baş çəkməyə, onların otunu-suyunu verməyə gəlirsən, üstəlik hökumətə xeyir verirsən - statistikanın kitabı dolub-daşır. Həm ziyarət, həm ticarət. Xeyirxah əməldir. 

Mövzudan uzaqlaşmaq olmasın, bir dəfə mən adını yazmaq istəmədiyim rayonumuzda maraqlı demoqrafik hadisə haqda eşitmişdim. Camaat danışırdı ki, orda bir dağ kəndi var, həmin kənddə uşaqların ad günləri adətən eyni günlərə təsadüf edir. Aşağı-yuxarı bir həftə aralığıyla doğulurmuşlar. Səbəbi ekzotikdir: kənd sakini kişilərin hamısı Rusiyada işləyir, ildə bir gün sözləşib hamısı kəndə qayıdır, ailələriylə qısa müddət vaxt keçirib, puldan-paradan verib sonra mürəxxəs olurlar. Nəticədə kənddə uşaqların ad günləri eyni vaxta düşür. Necə gözəl adət-ənənədir... Belə yerdə namus-qeyrəti tapdalamaq və bu çirkin əməli gizli saxlamaq da çətindir. Buna görə, xalqımıza yaratdığı şərait baxımından hökumətə dərin minnətdarlığımızı bildiririk. Ümid var gələcəyə, Səs versək Elçibəyə! (Şüarın yeri səhv düşdü, ancaq siz fikir verməyin). 

Prinsipcə, bizim üçün nə fərqi var turist kimdir, nəçidir, haralıdır? Sadəcə, rusiyalı “turistlərimiz”in ölkəyə gəlib-getməyinin uzağı el-oba marketlərinin büdcəsinə xeyri var, bu yolla turistik sektoru inkişaf etdirmək çətindir. Hətta, əlim qurusun yazdığım yerdə: mümkün deyildir. Şahdağa süni qar yağdırıb dövlət dotasiyasıyla xizək zolağı saxlamaq da həmçinin, xeyirsiz işdir. Turizmin inkişafı üçün ərazi cəlbedici olmalıdır. Turistə azadlıq verilməlidir. O azadlığı yerli vətəndaşa verməsən belə. Məsələn, quru sərhədlər bağlıdırsa, burada turizm necə inkişaf edəcək, büdcəyə hansı pul girəcək? Açığı, mənim fikrim belədir ki, heç hökumətin turizmin inkişafında nəsə xüsusi marağı-zadı yoxdur. Elə-belə, neft-qaz sektorunun yanında məzə çırtlatmaq üçün saxlayırlar. SSRİ-də turizm var idi bəyəm? Kimin vecinəydi? (Sözgəlişi, bugünlərdə bir yeniyetməyə sovet vaxtı şəxsiyyət vəsiqəmizin olmadığını izah edəndə ona dedim ki, bizim ancaq pasportumuz var idi, xaricə heç kim getmədiyi üçün xarici pasport isə ümumən yox idi - başa düşmədi. Bəzən belə çətinliklər yaşayır insan. Məsələn, mən ona Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin dövləti idarə elədiyini də izah edə bilmədim). 

Qafqazın ərazicə, əhalicə ən böyük dövləti bizik, lakin 2023-cü ilin ilk 6 ayında Gürcüstana 2 milyon 600 min turist gəlib. Bizə 9 ayda gələndən də çox. Bunu elə-belə yazdım, məzə üçün. Yoxsa turizm mənə də lazım deyil. 

Amma fürsətdən istifadə edərək Biləcərini “2024-cü il Türk dünyası dəmiryol turizminin paytaxtı” elan edirəm. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости