Свобода людям, независимость нациям!

Dələduzların “pendirli tələ”si - 900 milyon kasıbı olan ölkədən gələn "sərfəli təklif"

3597 24.05.2024 09:00 Колумнисты A A

 

Artıq neçə vaxtdır Daxili İşlər Nazirliyinin mətbuat xidməti hər gün səhər virtual dələduzlar tərəfindən bank kartlarından kiber üsullarla oğurluqlar edilən şəxslər barədə məlumat verir.

Günə 15-20, bəzən daha çox bu cür aldadılan, pulları talananlar olur.

Bu barədə hər gün saytlar və qəzetlər də yazır, telekanallarda, radiolarda məlumat verilir, sosial şəbəkələr bu kimi xəbərlərlə dolub-daşır, ancaq yenə xeyri yoxdur, hər gün bu “qapaqsız kanalizatiya quyusu”na yeni-yeni adamlar düşür.

Dələduzların ifşa edilməsi, yaxalanması prosesi də gedir, ancaq onların bir qisminə əl çatmır, çünki hansısa xarici ölkədə oturublar, bəlli olmayan İP ünvanlarından daxil olaraq ölkəmizdəki adamlarla ünsiyyət qururlar və onları aldadırlar.

Əvvəl-axır bu cür cinayətlərlə mübarizə üçün İnterpolda xüsusi bölmələr yaradılacaq. Ya da artıq yaradılıb, amma onların öz işlərini gücləndirmələrinə ehtiyac var.

İndilikdə əlac “doqqazın, qapının rəzəsini, cəftəsi”ni bərk bağlamaqdır. Yəni fırıldaqların potensial qurbanları öncədən ağıllı, tədbirli olmalıdırlar, “siçan tələsindəki müftə pendir”ə tamah salmamalıdırlar.

Aldananların sayı onu göstərir ki, müasir dünyada hər cür informasiyaya çatmaq bu qədər asan olduğu halda yüz minlərlə insan özünütəcrid rejimində yaşayır. Onlar gün ərzində televizora baxmır, kompüterlərindən, mobil telefonlarından informasiya almaq üçün istifadə etmirlər, baxdıqları yalnız yüngül əylənncə, şou tipli videolardır.

Dələduzlar məhz insanların informasiyasızlığından və tamahkarlıqlarından istifadə edirlər. Əks təqdirdə onlar bu qədər “uğurlu” ola bilməzlər. Əslində fırıldaqçılar gün ərzində bəlkə də 100-200 adama tilov atırlar, çox adam onların “xidmət”ini rədd edir, amma yenə də 15-20 nəfəri öz qarmaqlarına keçirə bilirlər.

Sosial şəbəkələrin milli seqmentinin üzvü olan elə bir adam tapılmaz ki, ona azı 40 dəfə “xarici ölkədə vəfat etmiş eyni soyadlı milyonçu qohumunun mirasını bölmək” təklifi gəlməsin. Bu, artıq ölkədə zarafat, ironiya predmetinə çevrilib. Hamı bilir ki, bu, fırıldaqdır, heç kim heç kimlə miras böləsi deyil. Həm də hamı yeddi arxa dönənindən bəri xaricdə olan qohum-əqrəbasını tanıyır. Yəqin ki, vətəndaşlarımızın 100-də 99-u bu fırıldağa etina etmir, amma yenə də mütləq 1-2 nəfər tapılır ki, durduq yerdə bəxtinə çıxan, küçəyə tökülmüş milyonları mesaj yazan “vəkil”lə bölmək istəsin.

Elə ona görə də azı 15 ildir sosial şəbəkə üzvü olan hər kəsin ünvanına vaxtaşırı belə mesajlar gəlir.

Hələ biri də yeni çıxıb (dələduzlar öz “qarmaq”larını yeniləməyə məcburdurlar), abonentlərin votsap nömrəsinə aşağıdakı məzmunda mesaj yazırlar: “Etməli olduğunuz tək şey hər gün internetə girmək, istədiyiniz film qoşqularına baxmaq və şərhlərinizi buraxmaqdır. Bu rəylər sizə komissiya gətirəcək və boş vaxtlarınızda gündə 50 manatdan 150 manata qədər qazana bilərsiniz, qazancınız kart hesabına köçürüləcək”.

Göründüyü kimi, tərcümə proqramı vasitəsilə dilimizə çevrilmiş, Hindistandan ünvanmıza göndərilimiş mətndə 50-150 manatlıq “pendir” var. Buna tamahsılanmaq kifayətdir ki, bir geridönməz proses başladılsın və bu, sonda bank kartınızın sıfırlanması ilə nəticələnsin.

Ona görə də bu və ya digər “sərfəli təklif”lər edən mesaj alan kimi düşünmək lazımdır: bunlar kimdir, nəçidir, nədən tanımadıqları adamlara pul qazandırmaq istəyirlər, özlərinin kasıb qohum-əqrəbaları, qırılmışları yoxdurmu? Rəsmi statistikaya görə, 900 milyon kasıbı olan Hindistandan belə bir mesaj gəlməsi qəribə deyilmi?

Təkcə bu suallar üzərində şəkkaklıqla düşünmək kifayət edər ki, ağıllı adam bu cür tələlərə düşməsin. Ancaq bunun tamahı, necə deyərlər, Koroğlunun misri qılıncından iti olan adamlara dəxli yoxdur, ortada asan qazanılacaq müftə pul söhbəti varsa, onlar düşünmədən tələnin üstünə atılacaqlar.

Başqa ölkələrdə də hüquq-mühafizə orqanları virtual dələduzların əlindən cana-boğaza yığılıblar. Rusiya və Qazaxıstan kimi ölkələrdə təqaüdçülərə zəng edərək övladlarının və ya nəvələrinin qəzaya düşdüyünü, avtomobillə adam vurduqlarını xəbər verən, onların türmədən qurtulması üçün filan qədər pul tələb edən fırıldaqçıları bir ucdan ha tuturlar, bitmək bilmir.

Dövran dəyişib, indi ictimai nəqliyyatda insanların cibinə girən, çantasını kəsərək pulqabını aparanlar, demək olar ki, yoxdur. Həmin oğrular ixtisaslarını artırıblar, müasir texnoloji vasitələrlə işləməyi öyrəniblər, hardasa, bu sakit yerdə oturur, telefonunda, kompüterində qurdalanır və öz “şikar”nı tapır.

Keçmiş vaxtlarda insanlar pul-paralarını oğurlatmamaq üçün necə ehtiyatlı olurdularsa, indi ondan ikiqat artıq dərəcədə ehtiyatlı olmaq lazımdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости