Свобода людям, независимость нациям!

Davaya çəkilişlə gedənlər və döyülüb qabağa düşən həmkar

3011 18.05.2024 09:48 Колумнисты A A

Mehdi Xəlilbəylinin Bakıya gələrkən həbs olunması barədə xəbəri oxuyanda onunla bağlı hadisələr yadıma düşdü.

O hadisə 21 il əvvəl “Sahil” metrostansiyasının yaxınlığında, “Sahil” bağının 100 addımlığında, dəniz sahilindəm 150 metr aralıda Sahil adlı jurnalistin başına gəlib və hadisədə əsas rolda “Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdinin Xəlilbəyli soyadlı adaşı olub.

İndi Mehdini çox adam tanımır, amma 2003-cü ilin oktyabrında onu televizora baxanların hamısı tanıyırdı, çünki bütün telekanallar öz xəbərlər bülletenində onun videosunu, şəklini göstərirdilər və barəsində hiddətlə danışırdılar.

Bu yerdə detektiv filmlərdə dəb olan süjet nəqlini yamsılayaraq, belə deyək: “Ondan 5 ay öncələr”.

Mehdinin şəklinin tv-lərdə gözlər əzbəri olmasından 5 ay əvvəl həmin məkanda bir hadisə də olmuşdu. Əməkdaşımızın yazdığı bir məqalədə ona qarşı təhqir olduğunu düşünən bir siyasi fəal 5-6 adamla birlikdə redaksiyamıza hücum etmişdilər. Onların əllərində pilləkənin sürahisindən qoparılmış mismarlı taxta, sındırdıqları qapının şüşəsinin cilikləri vardı.

Allah tərəfi, hücum edənlərin başçısı (onu çox adam tanıyır, adını çəkib söhbəti təzələmək istəmirəm) mənim onun müdafiəsi üçün yazdığım yazıları nəzərə aldı, dedi ki, bəylər, ... bəyə və qızlara dəyməyin, qalan hamını çiləyin. Mən bu “imtiyaz”dan sui-istifadə elədim, hücumçuların qarşısını kəsdim ki, oraqlara girib o biri əməkdaşları “çiləməsinlər”. Elə bu vaxt hücumçulardan hansısa kənardan gəlib namərdcəsinə məni vurdu. Başımı qaldırıb o səmtə baxanda gördüm ki, “Lider”in iki əməkdaşı hadisəni videoya çəkirlər. Sonradan dedilər ki, bizə hücumu çəkənlərdən biri “Lider”in Vüqar adlı əməkdaşı olub, o biri də Sahil Kərimli. O vaxta qədər onları tanımırdım. Amma hələ də bilmirəm ki, onlar bu hücumun, cinayət aktının videosunu çəkib nə edəcəkdilər.

Təsəvvür edin, 5-6 nəfər qəzet redaksiyasına hücum edir, qabaqlarına çıxan hər şeyi qırıb-tökür, şkafları aşırır, kompüterləri sındırır, əməkdaşları döyür, üzərlərinə kəsici-deşici əşyalar atır, özünü hökumətin ruporu kimi aparan telekanal da bütün bunları səliqə ilə çəkir.

O video “Lider”in arxivində və bəzi keçmiş əməkdaşlarında var. Birindən ha istəyirəm, vermir.

O zaman haraya Mehdi Xəlilbəyli də gəlmişdi və həm hücum edənlərə, həm də bunu çəkənlərə çox hiddətli idi.

Yəni bu nə Mehdinin, nə də Sahilin qərargaha ilk gəlişləri deyildi, sadəcə, onlar 2003-cü ilin oktyabrına qədər rastlaşmamışdılar. Rastlaşanda isə insident oldu. Bu dəfə Sahil kiminsə döyülməsini çəkməmişdi, onun özünün, türkün sözü, tartaqlanmasını çəkmişdilər. Belə bir versiya da vardı ki, həmkarımız həmin gün məhz özünü döydürməyə gəlib.

O hadisəyə görə Mehdini tutdular, amma başqa Mehdini. Sahil Kərimlini daha fəci şəkildə döyülməkdən xilas edən, ona “ay qardaş, get dəə” deyən Mehdiyev Mehdini. O Mehdi olmasın, bu Mehdi olsun. Bu da hadisə yerində olub, zərərçəkənə təmas edib də, nə fərqi var.

Fərq o oldu ki, bələdiyyə polisinin keçmiş rəisi Mehdi Mehdiyev nahaqdan həbsdə yatdı. Mehdi Xəlilbəyli isə ölkədən çıxmışdı. O, məşhur partizan adaşının döyüşdüyü Almaniyaya sığınmışdı. Sonradan onun yaxşı soraqları gəldi, tanıyanlar deyirdilər ki, çox fərasətli, vətənpərvər, xeyirə-şərə yaşayan oğlandır.

Mənə Sahil Kərimlinin də yaxşı oğlan olduğunu deyənlər olub – onunla birlikdə işləyən, dostluq edən adamlar. İkisinin adını çəkə bilərəm. Birincinin adını çəksəm, tanıyanlar deyəcəklər, o özü yaxşı oğlandır, demək, düz deyir. Amma ikinci həmkarımızın adını çəksəm, hamı Sahil Kərimlinin yaxşı oğlan olmadığına əmin olacaq. Çünki bu həmkarımız ölkədə nə qədər kötü adam varsa, hamısıyla dostdur.

2004-cü ilin yazında, 15-16 oktyabr hadisələrindən sonra həbs edilmiş liderlərin məhkəməsi zamanı hökumət qəzetlərində işləyən iki simsar həmkarım yaxınlaşdılar, biri bizdən 15-20 metr aralıda çəkiliş aparan Sahil Kərimlini göstərib gülə-gülə dedi: “Bax, o vaxt mən də qərargaha gəlib-gedirdim, nə olardı, ikicə qapaz da mənə qoyaydınız, maddi vəziyyətimi düzəldəydim Sahil kimi”.

Mən onun belə deməsinə təəccüblənməyə macal tapmamış o biri həmkarım dedi ki, o insidentdən sonra Sahil Kərimliyə ev bağışlayıblar, maaşını artırıblar, gedib özünə maşın alıb, həyatı tamam dəyişib, ona görə də hamı indi ona həsəd aparır, deyirlər, adam türkün sözü, doğru zamanda doğru məkanda olub, bir-iki qapaz yeyib və çox şey qazanıb.

Mehdi Xəlilbəylini isə hələ indi tuturlar. Bəs deyirdilər, bu cür olaylarda “zaman aşımı” qaydası tətbiq olunur. Çünki adam ölməyib, şikəst olmayıb, həftələrlə xəstəxanada yatmayıb, əksinə, hərtərəfli qabağa düşüb.

Ona qalsa, biz də döyülmüşdük. Hələ Sahilgil də çəkmişdi. Amma heç hadisə vaxtı oğurlanan mobil telefonumuzu geri vermədilər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости