Свобода людям, независимость нациям!

Davalı kino

2462 30.01.2023 08:30 Колумнисты A A

Yaxud, milli “Zita və Gita”

Klassikimiz demişkən, qızın iki adaxlısı var. Söhbət milli kinomuzdan gedir. Hazırda ona düz 2 dənə kinematoqrafiya ittifaqı başçılıq etməkdədir. Əlbəttə, Mədəniyət Nazirliyinin kino idarəsini də adaxlılar siyahısına əlavə etsək əməllicə məhəbbət ücbucağı alınar, lakin biz milli mentalitetimizdən uzaq belə addımlar atmayaq. İkisi bəsimizdi. Daha doğrusu, ikisinin problemləri.

Hazırda bu ittifaqlardan birində - Şəfiqə xanımın başçılıq etdiyi hissədə qırğın gedir. Deyirlər sədr dövlət büdcəsindən ayrılan vəsaitlərdə yeyintiyə yol veribdir, qohum-əqrəbasına saxta vəzifələr yaradaraq korrupsiyaya qurşanıbdır, o cümlədən, saxta seçkilərlə özünü növbəti kərə sədr elan etmişdir. Bəzi kino sənətkarlarımız vəziyyətin dözülməzliyindən şikayətlənərək istefa vermişdir. Bəziləri isə dövləti tədbir görməyə çağırır.

Mən bu dırnaqarası “ kino müxalifətçilərini” anlamıram, hətta onlara gülməyim gəlir. Görəsən niyə dövlət tədbir görməlidir? Bəyəm o istefa verənlər xaricdən maliyyələşən Hollivuda, məsələn, onun qara qüvvə olan zənci aktyorlarına qoşulublar? Qətiyyən. Hamısı cağbacağ yerindədir, saytlarda od püskürür, qan donduran açıqlamalar verirlər. İqtidar üçün heç bir fərqi yoxdur, hamısı öz əməkdar və xalq artistləridir, sabah lazım gəlsə bulvarda Kosa paltarı geyindirib yumurta döyüşdürər, yaxud, Dədə Qorqudun qopuzunu verib Yanardağda hindistanlı turistlərə “Qoşa badam sığmayan dar ağızlım” mahnısını oxutdurar.

Maşallah, bizim hökumət artistlərdən necə yararlanmağı əla bilir. Hətta mən təxmin edirəm ki, peşəcə aktyor olan Ronald Reyqan və Vladimir Zelenski Azərbaycanda, misal üçün, Biləsuvarda, Ağsuda, Məştağada dünyaya gəlsəydilər heç vaxt siyasi karyera qurmazdılar, uzağı Mərahim Fərzəlibəyovun rejissorluğu ilə Elçin və Hüseynbala Mirəlləmovun birgə ssenarisini yazdığı “Kənd yumurtasının qayğanağı”, ya da başqa klassikimiz demiş, “Göbəyin ağ dələmə” televiziya tamaşasında ikinci dərəcəli rolları oynayıb axşam da yorğun-arğın, basabasda metroyla “Xalqlar dostluğu” tərəfdəki evlərinə yollanardılar.

Zarafat deyil, bu bizim alın yazımızdır. Yoxsa gəlin papağımızı (məndə “çeçenka”dır – kasıb malı) qabağımıza qoyaq və fikirləşək ki, ayə, nəyə görə ən ünlü dissidentimiz Əbülfəz Elçibəyin sağlığında 2 kitabı çıxmışdı və onların birinin adı “Bu mənim taleyimdir” idi, ikincisi isə “Bilirdim ki, bu quruluş dağılacaq” adlanırdı? Dəhşət, fısqırıq. Necə demişdisə, elə də olmuşdu. Qurduğu quruluş heç 1 il getmədi. Nəticədə indi bizdə hərənin öz xalq cəbhəsi partiyası var.

Başqa tərəfdən, Şəfiqə xanıma qarşı sürülən ittihamlara diqqət etdinizmi? Korrupsionerdir, qohumbazdır, saxta seçilib. Necə gözəl, əsl dövlətçilik ruhunda triodur, komplektdir. Lap o zəhləmgetmiş reklamdakı kimi: “Üçü birində”. Bundan yaxşı ittifaq qurmaq mümkün deyildir. Təklif edirəm Şəfiqə xanıma medal verilsin. Ən çox tənqid yapan “Yeddi oğul istərəm”dən tanıdığımız Əbdül müəllimdir, mən ona demək istəyirəm ki, Şəfiqə xanıma qarşı bu “ittihamları” irəli sürəndə nə elədiyinizin fərqindəsinizmi? Əgər həqiqətən Şəfiqə xanımda bu keyfiyyətlər varsa, ona dövlət büdcəsindən daha çox pul ayırmaq lazımdır. O cümlədən ehtiyat fondlardan. Əbdül müəllim gərək bizə ikinci bir elə namizəd tapsın ki, həmin adam Şəfiqə xanım qədər yeyinti eləsin, qohumbaz olsun, seçkiləri saxtalaşdırsın. Varmı alternativ? Yoxdur. Bəlkə deyirsən Ayaz Salayevi qoyaq? O axı daha çox yeyənə oxşayır. Yenə Şəfiqə xanım yeyib doyub.

Sonda Zəngilan zəhmətkeşləri adından iqtidara bir daha minnətdarlıq edirəm. Çünki onlar elə şərait yaradıb ki, biz neçə illərdir kinomuzu yox, kino ittifaqlarımızın dalaşmasını müzakirə edirik. Bu enerji ilə azı davalı kino çəkmək olardı. Lakin gənclərimiz hələ də Bryus Linin filmlərinə baxır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости