Свобода людям, независимость нациям!

“Danışılmış qalmaqal” fəndi

4451 02.07.2022 09:35 Колумнисты A A

 

22 il öncəydi, həftədə 2 dəfə çıxan “Reytinq” qəzetinə rəhbərlik edirdim. O vaxtlar 5-6 gündəlik qəzet vardı, yerdə qalanların çoxu həftədə 2-3 dəfə çıxırdılar. 1 dəfə çıxanlar da vardı. İşimiz pis getmirdi. Qəzet müəyyən oxucu auditoriyası toplamışdı, “vozvrat” (satıılmayan nüsxələrin redaksiyaya qayıdışı) əmsalı aşağıydı.

Bir gün aparıcı əməkdaşlarımızdan biri gəldi ki, həftədə 3 dəfə çıxan qəzetin baş redaktorundan maraqlı təklif var. Əməkdaşımız əvvəllər o qəzetdə işləmişdi və qəzet rəhbərliyi ilə dostluq münasibəti qalırdı.

Təklif nədən ibarət idi?

Hazırda tanınmış, olduqca populyar olan, telekanallardan düşməyən jurnalist dedi ki, ... bəy deyir, biz (onun qəzetiylə mənimki) süni bir konflikt, qalmaqal yaradıb, söz duelinə çıxaq, bir-birimizə qarşı ədəb çərçivəsində yazılar yazaq, yüngülvari ittihamlar irəli sürək, necə deyərlər “bir-birimizi qıraq”.

“Bunun nə mənası var, faydası nə olacaq?” Qardaş izah etdi: “Faydası o olacaq ki, belə “qırğınlar”ı sevən oxucular üzlərini bizə tutacaqlar, bir-iki həftənin içində daha da populyarlaşacağıq, tirajımız, satış faizimiz artacaq. Amma razılaşdırılmış qalmaqal olduğu üçün həmkarlarımızla da münasibətimiz pozulmayacaq. Türkiyə mediasında belə fəndlər çox olur”.

Təklif nə qədər cazibədar olsa da, dedim, 3-5 oxucunun yanında xətir-hörmətimiz var, 1-2 min artıq tiraja görə üzümün abrını tökə bilmərəm.

Uzun sözün kəsəsi, biz xətirli həmkarlarımızla süni şəkildə “dalaşası olmadıq”, özümüzü “quraşdırılmış səhnələrin rejissoru” rolunda sınamadıq. Hərçənd təklifi verən qəzetin rəhbərliyi fərqindəydi ki, birinciliyi, ikinciliyi əldən verib, su üzündə qalmaq üçün nəsə etməlidir. Bizə də ən populyar qəzetlərin ilk onluğuna girmək lazım idi. Amma biz bu işə qol qoymadıq.

Bu fənd media sferasında yürümədi, başqalarının ifasında yürüdüsə də, epizodik oldu, trend səciyyəsi almadı. Ancaq sonralar süni qalmaqallar şou-biznes sferasına transfer olundu və trendə çevrildi. Hər gün efirlərdə olmaq, sürətlə populyarlaşmaq, toy qiymətlərini artırmaq istəyən müğənnilər (el arasında onlara əsasən manıs deyirlər) öz süni dava-dalaşları, mənasız söz atışmaları, ədəbsiz hərəkətləri ilə telekanallardan insanların evlərinə axdılar.

Bəzən ortada heç bir konfliktli situasiya olmurdu, amma “stəkanda fırtına” qopurdu: “Filankəs toyda yanımdan düz keçdi, salam vermədi, qadam onun ürəyinə”; “O kimdir ki, mən olan yerdə birinci o oxuyur, mən gözləyirəm”; “Bu geyimi ilk dəfə mən geymişəm, filan xanım bunu məndən götürüb”; “Mən Türkiyədə konsert verəndə o qara qız trioda oxuyurdu, adını da bilmirdik” və sair və ilaxır. Sonra bunlara verilən cavablar. At ürkür, örkən aparırdı.

Elə bu yaxınlarda iki tanınmış müğənni (biri qadın, biri kişi) özləri haqqında süni “ailəqurma” hadisəsi yaratmaq istədilər. Guya ki, sevgiliymişlər, indi münasibətlərini rəsmiləşdirəcəklərmiş. Bu söhbət bir-iki həftə davam edəcək, onların çəkdikləri klip populyarlaşandan, mahnıları hitə çevriləndən sonra maqazin proqramlarına “cütlük ayrıldı” xəbəri sızdırılacaqdı. 1-2 həftə də bu söhbər davam edəcəkdi. Xoşbəxtlikdən, işin üstü tez açıldı, şou-biznes xəbərləri ilə maraqlananların baş-qulağı getmədi.

İndi teleaparıcı Zaur Kamalın İrandan gəlmiş müğənni Afşin Azəriyə qarşı etdiyi qabalıqdan dolayı yaranmış qalmaqalın “danışılmış oyun” olduğundan şübhələnənlər var və onlar öz şübhələrində xeyli haqlı görünürlər.

Gerçəkdən də ortada hər hansı bir münaqişəli durum yox idi. “Kulisdə mənə belə deyirdin, indi belə deyirsən, ona görə də səni efirdən çıxaracam”. Bu, heç “stəkanda fırtına” da deyil, nəlbəkidə sunamidir, bir ovuc qumu havaya atıb, “ay aman, qum qasırğası” demək kimi bir şeydir.

Hətta belədirsə də, bu aparıcı Zaur Kamalın qonağına və tamaşaçılara qarşı yol verdiyi mədəniyyətsizliyin məsuliyyətini azaltmır. Sadəcə, “danışılmış qalmaqal” versiyası doğrudursa, ikinci tərəfin, müğənni Afşin Azərinin personası üzərinə məsuliyyət yüklənir.

Bu söhbətin bu qədər böyüməsinin, xüsusilə də intellektual və vətənpərvər insanların mühitində ajiotaj doğurmasının səbəbi isə çox sadədir. Təbriz, o tay, Araz bu xalqın travmalı, həssas yeridir. Onun üzərində hansısa oyun oynamaq qolu dirsəkdən amputasiya olunmuş birinin güdülünə zərbə vurmaqdır. Bu, təkcə güdül yerini yox, o durumu müşahidə edənləri də ağrıdacaq. O dərəcədə.

Ona görə də insanların həssasiyyəti ilə oynayan, ədəbsizlik edən aparıcı barədə ciddi ölçü götürülməlidir ki, sabah başqaları da ondan pis örnək götürməsin.

Süni qalmaqallarla ölkənin ictimai-siyasi gündəmini zəbt edən, cəmiyyətin fikrini müşküllərdən yayındıran abırsız kəslərə isə ar olsun.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости