Свобода людям, независимость нациям!

Dahi Tolstoyun şovinist kötücəsi – Vitse-spiker Pyotr Oleqoviçin miqrantlarla dərdi nədir?

1784 18.01.2024 08:00 Колумнисты A A

 

Şovinist düşüncəli insanlar və onların yaratdığı qruplar hər bir ölkədə var. Nə qədər ki, onlar kütləvi və güclü deyillər, elə bir ziyanları yoxdur, əsib-coşub, özlərinə xal yığıb sakitləşirlər.

Bir də var, elələri parlamentdə və ya dövlət strukturunda təmsil olunsun. Bu zaman həmin şovinistlər daha ziyanlı olur, ətraflarına tərəfdarlar cəlb edə, çoxala və məqsədyönlü siyasət yeridə bilirlər.

Rusiyanın Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy o tiplərdəndir. 55 yaşlı bu şəxs teleaparıcıdır, prodüsserdir, hakim partiyanın tanınmış üzvlərindən biridir və... qatı şovinistdir.

Neçə vaxtdır o miqrantlara qarşı kəskin çıxışlar edir. Tolstoyun çıxışlarında vaxtaşırı olaraq dağılmış SSRİ-yə daxil olan respublikaların suverenliyi, müstəqilliyi ilə bağlı xoşagəlməz ifadələr yer alır. Bu məxluq 33 ildən bəri azad yaşayan dövlətlərin müstəqilliyini həzm edə bilmir.

Axırıncı dəfə o, dünən Rusiyadakı milli diasporları hakimiyyətə rüşvət verən və cinayətkarları “qoruyan” qanuniləşmiş mafiyalar adlandırıb. Deputat bu sözləri özbək icmasının prezidenti Usman Baratova qarşı cinayət işinin başlanmasını şərh edərkən deyib.

Dahi rus yazıçısı Lev Tolstoyun nəticəsi-kötücəsi düşən deputata görə, Rusiyadakı milli diasporlar İtaliya mafiyası ilə eynidir. Guya onlar da, bunlar da yerli hakimiyyət orqanlarına rüşvət verir, cinayətkarları ört-basdır edirlər, yarıleqal biznes strukturlarının himayədarı rolunu oynayırlar.

Dövlət Dumasının rəhbərliyində təmsil olunan bir şəxsin bu sözləri, təbii ki, sıradan bir çıxış deyil, ksenofobiya göstəricisidir. Ona görə də milli diaspor təşkilatlarından Tolstoyun fikirlərinə reaksiya verilməkdədir. İlk olaraq Rusiya Azərbaycanlıları İttifaqının sədr müavini Elnur Hüseynov şovinist vitse-spikerə sanballı cavab verib.

Ola bilər, bu gün və sabah başqa diaspor təşkilatları da dilə gələcək. Hərçənd bu, baş verməyə də bilər. Çünki bəzi diaspor təşkilatları dişsizlikləri ilə fərqlənirlər, vaxtaşırı ayrı-seçkiliyə, ksenofobiyaya məruz qalırlar, amma özlərini müticəsinə aparır, taleləri ilə barışırlar.

Tolstoyun miqrantlarla bağlı gurultulu açıqlamalar səsləndirməsi isə ilk dəfə deyil, bu artıq onda vərdişə çevrilib. Bundan əvvəl bu şəxs miqrantlara kuryer, taksi sürücüsü və mağaza satıcısı işləməyi qadağan etməyi təklif edib və vurğulayıb ki, miqrantların öz ailələrini Rusiyaya daşımaması lazımdır. Çünki əmək mühacirləri rusların milli ənənələrinə əhəmiyyət vermirlər. O, bir ara “tikinti lobbisi və miqrasiya mərkəzlərindəki məmurlar” tərəfindən pozulan immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsini də tələb edib.
Tolstoyun sözündən belə anlaşılır ki, Rusiya 200 il boyunca öz qonşuluğundakı ölkələrə müdaxilə edə, onları müstəmləkəyə çevirə, sərvətlərini istismar edə, sümürə, bu diyarların qabiliyyətli insanlarının əməyindən, ağlından, istedadından yararlana bilərmiş, amma artıq bu ölkələrdən gələnlərə ehtiyac yoxdur və onlar öz ölkələrinə dağılışmalıdır.

Vitse-spiker unudur ki, Rusiyanın indiki hala gəlməsində, pis-yaxşı bu cür inkişafında həmin respublikalardan çıxan milyonlarla insanın ata-babalarının əməyi var və onlar özünü “SSRİ-nin varisi” elan edən müasir Rusiyanın istənilən şəhərində, qəsəbəsində yaşamaq-işləmək hüququna malikdirlər.

Eyni düşüncə son onilliklərdə Fransada da vardı və fransızlar hər il bir neçə dəfə bunun acısını çəkirlər. Fransa vaxtilə Tunis, Mərakeş, Əlcəzair, Liviya və digər ölkələrdən yüzminlərlə insanı ölkəyə cəlb edib istismar etmişdi, ancaq indi onların züryətlərinə təhəmmül edə bilmir. Adları çəkilən ölkələrdən çıxan və Fransada həm kütləvi, həm də kompakt halda yaşayan “gəlmələr” fransız cəmiyyətinə inteqrasiya oluna bilmir, olunmaq istəmir, buna görə də ayrı-seçkiliyə, sıxışdırmalara məruz qalır və bunun əvəzini iri şəhərlərdə avtomobilləri kütləvi şəkildə yandırmaqla çıxırlar.

Rusiyada da gedişat o istiqamətədir. Ancaq Qafqaz və Orta Asiya ölkələrindən gedərək Rusiyada məskunlaşan əmək miqrantları rus cəmiyyətinə daha asan inteqrasiya və adaptasiya olurlar və ölkənin inkişafında fəal iştirak edirlər.

Bu xüsusda rusların özlərinin də etiraf etdikləri bir neçə parlaq fakt var. Məsələn, hamı etiraf edir ki, miqrantlar olmasa, Rusiyada tikinti sektoru çökər. Çünki bu sektorun ağırlığının 90 faizi “gəlmələr”in çiynindədir. Onlar hər cür ağır işləri can-başla görürlər.

Daha bir gerçəklik ondan ibarətdir ki, miqrantlar olmasa, Rusiyanın iri şəhərləri zibilin içində batar, ona görə ki, bu sahədə məhz miqrantlar çalışırlar. Ruslar bu cür “çirkli işlərdə” çalışmağı özlərinə rəva görmürlər.

Ticarət, xüsusilə də böyük şəhərlərin ərzaq təminatı məsələsi də əsasən miqrantların üzərindədir. Əgər əmək mühacirləri bu sahədən kütləvi şəkildə çəkilsələr, ciddi məsuliyyət və xüsusi qabiliyyət tələb edən bu sahədə vəziyyət gərgin olar.

Bir də böyük çoxuşaqlı ailələrlə Rusiyada yerləşəm miqrantların ölkənin demoqrafik problemlərinin həllində ciddi rolları var. İldən-ilə azalan Rusiya əhalisi məhz onların hesabına lap fəlakətli həddə düşmür.

Ağzı isti yerdə olan Tolstoy və onun kimi düşünənlər bu amilləri nəzərə almırlar, elə bilirlər, öz hünərləri ilə bu günə gəlib çıxıblar və artıq ballast saydıqları miqrantlardan xilas olaraq, ağ günə çıxa bilərlər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости