Свобода людям, независимость нациям!

Dadaş dayı və motosikletçi

2911 27.04.2022 09:30 Колумнисты A A

“Yol mədəniyyətdir”

(“Leksus”un sürücüsü)

Ölkəmiz inkişaf edir, ancaq hələ də “Leksus” sürənlərlə motosiklet sürənlər dil tapmırlar, yola getmək istəmirlər. Rəhmətlik Baba Pünhan bu durumu öz qəzəlində təxminən belə ifadə eləmişdi: “Müxalifət mitinqə şor-çörəklə, iqtidar isə kotletnən gedir, Bəşər gələn əsrə raketnən gedir, Bizimkilər motosikletnən gedir”. Allaha şükür, ta mitinq-filan olmur, sabitlikdir. Bircə bu yol problemini həll etməyimiz qalır. Adam mat qalır. Necə olur Kəlbəcərə tunel qazırıq, Laçına yol çəkirik, ancaq Bakıda yola gedə bilmirik?

Özü də maraqlıdır ki, çox zaman belə dartışma tərəflərindən biri işlər idarəsindən çıxır. Görünür, işin çoxluğu ilə bağlıdır. Bu dəfə də çox gözləmədik, motosikletçinin ayağının üstündən maşınla keçən, sonra onu çırpan şəxsiyyət Prezident Administrasiyasının işlər idarəsindən çıxdı. İşlər bu vəziyyətdədir. 

Burada bir haşiyə çıxım. Administrasiyanın işlər idarəsinin nəsə başı qalmaqaldan əskilmir. İndiki uşaqlar bilməz, 1990-2000-ci illərdə oranın Akif Muradverdiyev adından bir müdiri vardı. Akif müəllim hətta arada vaxt tapıb deputat da olmuşdu. Nəsə, ay ötdü, il dolandı, bir gün bizə dedilər ki, Akif müəllim dövlət çevrilişi eləmək istəyirmiş. Bunu tutub basdılar içəri. 2005-ci ildə. Akif müəllim 6 illik cəza almışdı, lakin 3 il sonra böyük humanizmə tuş gəldi, əfvə düşüb buraxıldı. Ancaq 2013-cü ildə Akif müəllimi təzədən tutdular, bu dəfə qaçaqmalçılıq ittihamı ilə 4 il verdilər. Ta onun nə qədərini yatdı, yatmadı, xəbərim olmadı - həyat və yaradıcılığımı işlər idarəsinin üzərində qurmamışam. Görünür, lazım imiş. Xalq həqiqəti bilmək istəyir.

Hazırda ağır cinayət məhkəməsində bir MTN generalının işinə baxırlar, orada zərərçəkən də vaxtilə məhz bu işlər idarəsində işləmişdir. İbrahim Zeynalov adlı bu yoldaş MTN generallarına 10 milyon manat rüşvət ödəməklə korrupsiyamızın rekordlar kitabına adını qızıl hərflərlə həkk etdirib. Şanlı generallarımız İbrahim müəllimi necə yoluşdurublarsa, indi Neftçalada vaqonda qalır, zərərçəkən olduğu məhkəməyə cırıq qaloşda gəlir, arvad-uşağı zülümə dözməyib məhv olub, yalan olmasın, Mariupol qaçqınlarının vəziyyətindədir.

Halbuki normal məntiqlə işlər idarəsində işləyən adamın lap əvvəldən də o qədər pulu, malı, var-dövləti olmalı deyildi. Çünki dövlət qulluqçusu bizneslə, pul yığmaqla məşğul ola bilməz. Elə indi motosikletçini döyən yoldaşın da “Leksus”u maaşıyla almağı mümkün deyil. Bunu araşdırmaq, buna görə onu içəri basmaq yerinə, “yol qaydasını pozub, 25 sutka həbs edirik” məlumatını yayırlar. Hələ onun özü də şübhəliymiş, çünki səhər yayılan xəbəri günortadan sonra başqa idarə təkzib elədi, dedilər bizdə məmurun tutulması haqda informasiya yoxdur.

Bəlkə biz Akif Muradverdiyevi təzədən tutaq? Bu da problemin həlli yolu ola bilər.

Əslində zaman baxımından o məmuru tutmaq uğurlu olmaz, çünki bu dəqiqə bəzi yemək daşıma firmalarının motosiklet sürənləri etiraz aksiyasına hazırlaşırmış. Əgər biz hər motosikletçi çırpanı tutsaq, sabah motosikletçiləri kim çırpar? Alışla Məmiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi, məhkəmələşməmişlərmi? Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır. Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək, həm kəpək yedi köpdü köpək, həm kötək yedi köpdü köpək.

Yazını elə bu nikbin notlarla bitirirəm. Tək motosikletçilər döyülmür vətənimizdə. Dadaş dayı da bu dəqiqə danaları damın dalında döyür, biləsiniz.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости