Свобода людям, независимость нациям!

Çörəyini ayaqlayanlar

1884 25.05.2022 15:30 Колумнисты A A

“Qarışqa, arı həşəratdır. Niyə bizi onlara tay edirsən?”

(“Axırıncı aşırım” filmindən)

Ukrayna dünyanın ən böyük kənd təsərrüfatı istehsalçılarından biridir. Heyvandarlıq - mal əti, toyuq əti, bitkiçilik - buğda, arpa, qoz, günəbaxan yağı, qarğıdalı və sairə buradan hər yerə ixrac edilirdi. Əsasən də dünyanın kasıb, sərfəli iqlimi olmayan ərazilərində milyonlarla adam Ukraynanın, necə deyərlər, çörəyini yeyirdi. Buraya Afrika, Asiya, Hindistan, Çin kimi yerlər aiddir. Hazırda dünyada ərzaq böhranının yaranma səbəblərindən biri də budur ki, aqrar sektorun mallarını Ukrayna Qara dəniz limanlarından göndərirdi. Bunun sırf loqistik, daşımaçılıqla bağlı səbəbləri var. Məsələn, taxıl məhsullarını kiçik həcmli yük avtomobillərində, vaqonlarda daşımaq sərf eləmir, bunun üçün böyük daxili tutumu (150 min tondan çox) olan, balker adlanan gəmilərdən yararlanırlar. Həmçinin limanlarda belə gəmiləri yükləmək üçün struktur olmalıdır. Rusiya Ukraynanın Mariupol limanında bu infrastrukturun bir hissəsini darmadağın edib. Ukraynanın qalan limanlarından taxıl daşınmasına isə mane olur.

Hazırda Qərbdə müəyyən planlar qururlar, dünya əhalisini aclıqdan xilas etmək üçün NATO və başqa ölkələrin hərbi gəmilərinin Qara dənizə girməsi, ərzaq daşıyan gəmiləri konvoyla müşayiət edib Aralıq dənizinə, dünya okeanına çıxarmaq planları qurulur.

Mənə bu söhbətlərin bir konteksti maraqlı gəldi: əslində rus mediası feyk, dezinformasiya yaysa da, ərzaq böhranı gözləyən ölkələrin çoxu anti-Rusiya koalisiyasının üzvləri deyil. Yəni bu gün nə Britaniyanın, nə ABŞ-ın, Kanadanın, Fransanın, Almaniyanın Ukrayna ərzağına dəhşətli ehtiyacı yoxdur. Bəs kimin var? Afrikanın. Hindistanın. Çinin. Misirin. Türkiyənin və Azərbaycanın. Söhbət bu kimi regionların üzləşdiyi çətinliklərdən gedir.

İşin tragikomik tərəfi isə odur ki, BMT-də Rusiyanın 24 fevral müharibəsini başlaması müzakirəyə çıxarılanda bu dövlətlərin çoxu onun əleyhinə səs verməyiblər, Türkiyə və Misirdən başqa. Biz və Mərakeş iclasdan qaçmışıq, Çin, Hindistan, İran, İraq bitərəf qalıb, Afrikanın böyük hissəsi də həmçinin. Afrikada Eritreya adlı mənasız dövlət hətta Rusiyanı dəstəkləyib (Suriya, Belarus və Şimali Koreya ilə birlikdə).

İndi məntiqlə belə çıxır ki, ukraynalılar dar gündə onlara lazımınca dəstək verməyən adamlar, xalqlar üçün çörək becərirmişlər, Rusiya isə ona qahmar çıxanları acından öldürmək fikrindədir. Qəşəng mənzərədir, elə deyilmi? Əsl mazoxizm tablosudur. Prinsipcə, bəşər tarixi həmişə belə mazoxizmlə zəngin olmuşdur, əks halda, insanlar onların anasını ağladan Stalin kimi quldurun birisinin portretini indiyəcən öpüb gözlərinin üstünə qoymazdılar. Adına şüurlu deyildiyinə baxmayın, dünyanın ən zırrama məxluqu insandır.

Sözgəlişi, kolxoz quruculuğu dönəmində, 1930-cu illərdə Stalinin əmri ilə bolşevik hökuməti Ukrayna kəndlisinin dərisinə saman təpmiş, bütün taxılını əlindən alıb milyonları aclıqdan ölməyə məhkum etmişdi. Ümumilikdə 8 milyona yaxın kəndlini acından qırıblar. Bu hadisə tarixə “Qolodomor”, yəni “aclıqla qırmaq, öldürmək” adı ilə düşüb. Dərs almadığımız üçün indi Stalinin törəmələri beynəlxalq miqyasda “Qolodomor” təşkil etmək istəyir.

Ukrayna kəndlisinin əzmkarlığı da diqqətəlayiqdir. Bir neçə verilişdə müşahidə etmişəm: adamlar zirehli geyimdə, dəbilqədə tarlada gündəlik işləri ilə məşğuldur. Əkirlər, becərirlər... Kənd təsərrüfatı texnikalarını rus ordusu, çeçen muzdluları oğurlayıb aparır, gübrə anbarlarını, yanacaq bazalarını qəsdən, raketlə vurub yandırır, dağıdırlar, lakin Ukrayna xalqı əkinçiliyi davam etdirir. Yaşıl buğda zəmilərinin fonunda vurulmuş rus tankları, tarlada çürüyən, atılmış rus əsgərlərinin cəsədləri əcaib kontrast yaratsa da.

Kultura, kültür (mədəniyyət) sözü “əkinçilik” anlamı verən qədim latın sözü “cultura”dan gəlir. Əkənlər mədəni xalqlar, dağıdanlar vəhşilər, barbarlardır. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости