Свобода людям, независимость нациям!

Çiçəkləri yeyən qoyunlar

1489 17.06.2024 20:41 Колумнисты A A

Öncə uca millətimizin müsəlman hissəsini Qurban bayramı münasibətiylə təbrik edirəm. Əslində başqa hissələrini də təbrik eləmək olar, çünki biz tolerant, dözümlü xalqıq, aramızda istənilən konfessiya və cərəyana yer vardır. Ürəkdən yazıram. Bəzi dostlar mənim hərdən zarafat elədiyimi, yoxsa ciddi olduğumu anlamadıqlarını soruşurlar, ona görə izahat verdim. (Açığı, bəzən özüm də başa düşmürəm ciddi yazıram, yoxsa qara yumorla məşğulam. Bunu seçmək çox çətindir).

Məsələn, dünyada İsrail və Pakistan bayraqlarının yanaşı və sevə-sevə asıldığı neçə ölkə tanıyırsınız? Mən Azərbaycandan başqasını tanımıram. Bəlkə dünyada İsrail bayrağının ən çox yandırıldığı dövlətlər arasında Pakistan ikinci yerdədir. (Birinci yer, şübhəsiz, İrana məxsusdur). Ancaq biz səmimi-qəlbdən həm Pakistanla dost və qardaşıq, həm İsraillə. Unikal, analoqu olmayan bir dövlət modelimiz var. Bundan dünyanın gələcəyi üçün istifadə edilməlidir. Təəssüf ki, BMT də o qədər ağıllı başçılar yoxdur.

Başqa bir müşahidəmi bölüşüm. Qurban bayramı günlərində məhəllədəki qəssab bir sürü qoyun-quzunu əraziyə sürmüşdü, onları taxta yeşiklərlə çəpərləmişdi. Bələdiyyə sədrimiz tütək çalırdı, icra nümayəndəmiz yapıncısını sərmişdi, hüquq-mühafizə orqanları canavarları ovlayırdı və sairə. Deputatımız çoxdan rəhmətə gedib, yerinə seçki olmayıb, yoxsa o da bayram münasibətiylə hansısa tədbir görərdi.

Xülasə, qoyunlar asfalt və küçənin bir hissəsində çəpərlər arasında iki gün yaşadılar. Bu müddətdə onlardan kəsilənlərin yerinə başqaları gətirilirdi. Yenə xüsusi qeyd edirəm, mən dini bayramlara tolerant yanaşıram. Necə deyərlər, qurbanımız qoyun olsun. Adam kəsməkdən bəlkə də qoyun kəsmək yaxşıdır. “Bəlkə”ni ona görə yazdım ki, açığı, son illər bioloqlar heyvanların şüuru sahəsində xeyli kəşflər etmişlər, hələ bilmək olmaz heyvanları yediyimizə görə bizi nə gözləyir. Məsələn, təzəlikcə kəşf edildi ki, sən demə fillər bir-birinə ad qoyurmuş. İndi gəl inanma ki, dəvədən böyük fil var.

Qayıdıram məhəllədəki arxaca. (Arxac qoyun-quzunun yataq, dincəlmək yerinin adıdır). Nə qədər paradoksal olsa da bizim qəssabın yeri ilə üzbəüz gözəllik salonu vardır, qəssab arxacı məhz salonun divarına bitişik düzəltmişdi. Və qoyunlar iki gün ərzində salonun qabağında dibçəklərdə əkilmiş güllərin hamısını basıb yedilər. Hazırda orda güllərin skeleti qalmışdır.

İndi mən sual edirəm: harda belə mənzərə ilə rastlaşmaq olar? Gözəllik salonu ilə qəssabxana qonşuluğu, gülləri yeyən qoyunlar... Hələ istəsən bunun üstünə də gəl hansısa boş-bekar söhbətə, davaya görə bir-birini kəsən, doğrayan camaatın quzu qurbanı kəsməyi... Koqnitiv dissonans görmək istəyən, Azərbaycana gəlsin. Şair demişkən.

Bu arada astaralı dostum Asif məktub yazıb, rayonun bəzi kəndlərində yol, qaz, işıq olmadığından şikayətlənir. “Doxtur” deputatlarını qınayırdı. Halbuki, özü Omskda yaşayır, 30 ildir Putinə xeyir verir. Mən istədim ona yazım ki, qardaşım, sən çıxıb gedəndən sonra Astaranın kəndlərinə işığı kim çəkməlidir – yazmadım. Onsuz özü burdan oxuyub görəcək, nə vecimə.

Başqa tərəfdən, Asifin mənə göndərdiyi linkdə Astara kəndlərinin qaz-işıq-yolsuz qalması alqışlanırdı. Hə, vallah. Televiziya verilişi idi, rəsmən. Aparıcılar deyirdi ki, təbiətin gözəlliyindən ləzzət almaq lazımdır. Həmçinin, altda şərh yazan zəhmətkeşlərimiz həmin kəndlilərə həsəd aparırdılar. Yazırdılar sivilizasiyadan uzaq olmaq xoşbəxtlikdir.

Kim haqlıydı? Molla Nəsrəddin demişkən, hamısı. Elə mən də haqlıyam, amma niyə, bilmirəm.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости