Свобода людям, независимость нациям!

Çeynənmiş mövzu

2413 11.06.2023 21:20 Колумнисты A A

Xarici şirkətlərin, transmilli bazar oyunçularının Rusiyadan çəkilib getməsi bizim daxili qiymətlərə təsir etməkdədir. Çünki eyni məhsulları artıq qonşu, nəqliyyat xərci az olan, əməyə daha ucuz qiymət verilən Rusiyadan deyil, yüksək standartlı Avropadan almağa məcburuq. Bu da qabaqlar, misal üçün, 50-60 qəpiyə olan saqqıza indi 1 manat ödəməyə gətirib çıxarır. Eyni firmanın şampunu Rusiya zavodundan alınanda 5 manata başa gəlirdi, artıq 7, 8, bəzən 9 manata qalxır. İnflyasiya millətin evini yavaş-yavaş yıxmaqdadır. Hökumət də, maşallah, “yaxşı” yolunu tapıb: pulkəsən maşını bərkdən xodlayıblar. Son günlər yağlı, təptəzə pullar havada uçur. Camaatın da avam hissəsi elə zənn edir təzə pulun çoxluğu yaxşı şeydir.

Ancaq biz əsas sualı belə qoymalıydıq: niyə həmin xarici şirkətlər, gündəlik tələbat mallarının istehsalçısı olan qlobal oyunçular öz zavodlarını, fabriklərini Azərbaycan ərzisində açmayıblar? Niyə ölkəmizə qoyulan xarici investisiyalar ildən-ilə aşağı düşür?

Özü də maraqlı, təzadlı mənzərə yaranmışdır. Sanki bizə başçılıq edənlər bir-birinin, necə deyərlər, “kitabını oxumurlar”. Örnək üçün, bu yaxında iqtisadiyyat nazirinin birinci müavini, adını çəkmək istəmirəm, düşər-düşməzi olar, hazırda Əqrəb bürcünün təsiri media üzərindədir -  çox hörmətli yoldaş bəyan etdi ki, Rusiya-Ukrayna savaşının təsiriylə oralardan aldığımız bir çox ərzaq məhsulunu-filanı indi... Braziliyadan alırıq. Sitat: “Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir. Bunlar olacaq”. Sitatın sonu.

Təsəvvür elə. Braziliya. Dünyanın sözün əsl anlamında o biri başı. Bakıdan çıxıb Braziliyaya getmək, ordan bura gəlmək üçün dərələr aşıb, dağlar keçməli, okeanlar, çaylar üzməli, buludlardan uçub keçməlisən. Ancaq keçməyə məcbur qalmışıq.

Doğrusu, mən qabaq Ukrayna və Rusiyadan, indi isə Braziliyadan aldığımız gündəlik tələbat malının nədən ibarət olduğunu fikirləşməkdə acizəm. Bəlkə futbolçu almaqdan söhbət gedir? Ya da qəhvədən? O zad ki, Rusiyada var, onun iqlim etibariylə Braziliyada olması çətindir axı. Eynilə tərsinə, isti Braziliyada bitən ağac-uğac Sibirdə bitməz, meyvə verməz. Ağcaqayınla kokos qozunu, küknarla bananı yanaşı yetişdirmək də mənasız hərəkətdir.

Şəkər tozu, şokolad, Rio de Janeyro karnavalının idxalı da ağlıma gəldi, çünki son vaxtlar, maşallah, yaxşı oxuyub-oynamaq öyrənmişik, hara baxırsan çal-çağır, festivaldır. Hətta srağagün “Elmlər” tərəfdən keçəndə musiqili kitab sərgisi gördüm. Bir tərəfdə manıs oxuyurdu, bir yanda camaat kitab oxuyurdu. Qəribə mənzərə idi. Ümid eləyək Rio festivalı bütün atributlarıyla idxal olunsun, camaat küçədə göbək rəqsi oynayaraq sərbəst toplaşma azadlığını isbata yetirsin, nəticədə Avropa Şurasının ağzı yumulsun. Bir oxla gör neçə quş vurulur.

“Biz istəsək də, istəməsək də ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq, bu birmənalıdır” – olduqca hörmətli nazir müavininin bu fikirləri isə daha dərin analizə ehtiyac yaradır. Nöşün ki, bizim rəhbərliyin daha ali hissəsi həmişə ölkəmizin, daxili bazarın müstəqil olduğunu bəyan edir, heç kimdən, hər hansı xarici dövlətdən asılı olmadığımızı bəyan edir. İndi kimin tərəfində duraq? Kimə inanaq? Biri deyir hər şeyimizi özümüz yetişdiririk, o biri deyir elə şeylər var xaricdən almalıyıq. Bu da əhalidə çaşqınlıq yaradır, dövlətçiliyimiz sarıdan bədgüman olmağımıza səbəb olur. Biri deyir oxu, o biri deyir oxuma.

Həqiqət Nazirliyi propaqanda işlərini düzgün qurmalıdır. O cümlədən, adi saqqız zavodu tikmək niyə belə çətin olub ki, çeynəmək üçün Polşaya möhtacıq? Millətə saqqız verin, barı, başları qarışsın. “Bəzən danışmaqdan çeynəmək yaxşıdır” – keçmişdə təxminən belə sloqanlı reklam vardı. Danışmağa qoymursunuz, çeynəməyə nə sözünüz?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости