Свобода людям, независимость нациям!

Cəsur insanın tərənnümü

1479 22.04.2022 09:40 Колумнисты A A

“Sən saydığını say, gör Hesablama Palatası nə sayır”

(ata sözü)

Son günlər Hesablama Palatası Milli Məclisdə 2021-ci ilin hesabatını verir, xalqımızda əməlli-başlı ümidlər oyadır. Neçə manat yeyinti aşkara çıxarılmışdır, filan məmurların işi prokurorluğa göndərilmişdir, oğurlanmış vəsait büdcəyə qaytarıldı, nə bilim, səbətin gilas tökülən yeri yamandı...

Vallah, mən bu hesabatları oxuyanda çox həyəcanlanıram, hüquq-mühafizə orqanlarından tələb edirəm Palatanın sədri, hörmətli Vüqar Gülməmmədovun mühafizəsi üçün xüsusi tədbirlər görsünlər. Adam faktiki komissar Katani kimi mafiyanın canına daraşıbdır. Qılıncı əlinə götürüb, əfv etmir. Qürur duyuruq. Təklif edirəm ona medal verilsin. Şəhərimizin görkəmli yerində abidəsi ucaldılsın. Rejissor Vaqif Mustafayevə onun haqqında kino çəkilməsi üçün dövlət sifarişi verilsin, inşallah, Qarabağın, Zəfərin kinosu təhvil verilən kimi buna başlamalıyıq. Vüqar müəllimin gərgin əməyi barədə şeirlər yazılmalı, mahnılar bəstələnməlidir. Şair demişkən: “Torpağa düşməsin havayı bir dən, Hesablama Palatası güclü olarsa basılmaz vətən!”

Vətən belə oğullarıyla fəxr etməlidir. Yoxsa baxırsan biri nəvəsinə sifarişlə maşın yığdırır, başqası uşağa sünnət toyu keçirir... Bu xəbərlərin cəmiyyətimizin sosial-siyasi həyatı üçün əhəmiyyəti sıfırın altındadır. Biz qəhrəmanlarımızı, el malını göz bəbəyi kimi qoruyan Hesablama Palatasını tanımağa, xatirəsini yaşatmağa borcluyuq.

Aşkara çıxarılan yeyintilərin miqdarı, qanunsuz əməllərin xarakteri də yetərincə rəngarəng, maraqlı, zövqlüdür. Məsələn, Mərkəzi Seçki Komissiyasında aparılan yoxlamalar zamanı Məzahir müəllimin cibindən hazır protokollar tapılmışdır... Zarafat edirəm, bizdə seçkilər demokratikdir, bunu ən azı Milli Məclisin indiki tərkibinə nəzər salmaqla müşahidə edə bilirik (bu yerdə müəllif fasilə verir). 

Nəzər saldınızsa, davam edək. Bəs Palata MSK-da nə aşkar edib? Yaxın oturun, şok məlumatdır: Məzahir müəllim 50 nəfəri dövlət qulluğuna qanunsuz üsulla götürüb. Qanuna görə dövlət qulluqçuları işə götürüləndə mütləq imtahan və müsahibədən keçməlidir. Lakin Məzahir müəllim MSK-ya işçiləri özü təyin edir. İmtahansız, sorğu-sualsız. Seçkiləri keçirdiyi üsulla.

Ümumilikdə MSK-da əmək qanunvericiliyini pozmaqla işə götürülənlərin sayı nə az, nə çox - 877 nəfərdir. Biz bir dükan açıb 8 nəfər işçinin timsalında əmək qanunlarını pozsaq, dərimizə saman təpərlər. MSK-da isə 877 nəfərlə bağlı qanun pozulub, Məzahir müəllimə “gətir barmağını, görünməyən mürəkkəb sürtək” deyən də yoxdur.

Gör nə qədər xarakterik pozuntudur... Vüqar müəllimə bunu aşkar elədiyi üçün vaxtilə Narxozun yeməkxanasında yediyi bütün kotletləri halal edirik. Əhsən, qardaşım. Ancaq hər halda, ehtiyatlı ol, sən bizim millətə hələ lazımsan.

Palatanın tapdığı başqa yeyinti 869 milyon manatdır, lakin bunlar konkret hansı dövlət qurumlarında həzmi-rabedən, rahat-hulqumdan keçirilib, onu dəqiq bilmirik. Ona görə üstündə çox dayanmıram, mənim anonim ittihamlardan xoşum gəlmir. Bəlkə götürüb hansısa düzgün dövlət idarəsini şərləyərik, bu müqəddəs ayda günaha batarıq. Həm də 869 milyon manat nə puldur ki. Qəpik-quruş. 131 milyon da yesəydilər, 1 milyard olardı, bəlkə maraqlı görünərdi. Keçən ay pensiyalar 8 manat 69 qəpik artıbdır, biz bunu tərənnüm etməliyik. Yeyinti nə deməkdir? Pul var, yeyiblər. Olmasa necə yeyərdilər? Yoxun üzü qara olsun. Bu temada ata sözü də var: “Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən. Verərsən şordan-mordan, işlərəm ordan-burdan”.

Bakı Avtobus İdarəsinin isə lazım olandan artıq avtobus aldığı ortaya çıxıb. Bu da qəribə haldır, çünki bu yaxında ağlaşma düşmüşdü, deyirdilər 30 qəpik bəs eləmir, təzə avtobus ala bilmirik.

Sonda bir daha Vüqar müəllimdən xahiş edirik özünü qorusun. Hər çağırıldığı yerə getməsin. Mən onun yerinə olsam heç MM-ə hesabat verməyə də getməzdim, internetlə yayım açardım.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости