Свобода людям, независимость нациям!

Cənab Sridharan Madhusudhana, aydın oldumu?

2397 19.05.2023 17:43 Колумнисты A A

Prezidenti İlham Əliyev Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən çox mühüm bir məqama toxunub. Dövlət başçısının hind səfirə etdiyi “Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”-xatırlatması təkcə Ermənistana deyil, həm də elə Hindistana ünvanlanıb.

Ötən ay məlumat yayıldı ki, Gorusun Dığ kəndi yaxınlığında döyüş əməliyyatları zamanı Ermənistan ilk olaraq Hindistanın ATAGS 155 millimetrlik yedəkli haubitsalarından istifadə edib. 2022-ci ildə isə Hindistan 150 milyon dollarlıq müqavilə əsasında Ermənistana öz istehsalı olan artilleriya sistemlərini ixrac etmişdi. Yəni dövlət başçımız diplomatik dillə xatırladıb ki, erməni revanşizminin baş qaldırmasında hind raket və PUA-larının da rolu az deyil, ona görə diqqətli olsunlar, bölgəni növbəti müharibəyə çəkməyə çalışmasınlar.

Diqqət edirsinizmi, dövlət başçısı ölkəmizə qarşı ərazi iddialarının davam etdiyini Brüssel görüşündən sonra dilə gətirib, baş nazir Paşinyanın bir-birinin ardınca “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”-deməsindən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “hər iki lider Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib” bəyanatından sonra. Dövlət başçısı təsadüfən hind səfirə revanşistlərlə bağlı xəbərdarlıq etməyib.

“Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?” Kifayət qədər ciddi arqumentdir və ən yüksək səviyyədə bəyan edilib. Azərbaycan Prezidentinin dediyi kimi, İrəvanın bu siyasəti bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. Ermənistanı silahlandıran ölkələrdən biri hansıdır? Bəli, Hindistan...

Əslində 44 günlük müharibədən sonra Ermənistana nəinki silah satışına, hətta orduya malik olmasına qadağa qoyulmalı idi. Qonşu ölkənin torpaqlarını 30 il işğalda saxlayan bir ölkə hələ Azərbaycana qarşı müharibə cinayətlərinə görə cavab verməyib, vurduğu yüz milyardlarla zərəri ödəməyib, sülh imzalamayıb, sərhədlərin dəqiqləşdirilməsinə qərar verməyib, tez-tələsik ona raketlər, PUA-lar verilməsinin özü cinayətə şəriklik etməkdir. Fransa, Hindistan, İran kimi ölkələr Ermənistanı dirçəltmək üçün əllərindən gələni edirlər. Amma başa düşmək istəmirlər ki, bu dirçəltmək ermənilərə baha başa gələ bilər. Ermənistanın dirçəlməsi Azərbaycan və Türkiyənin əlindədir, xilas yolu qonşularla normal münasibətlərin qurulmasındadır, düşmənçiliyin davamında yox, bunu Hindistan da yaxşı bilir heç şübhəsiz. Amma əgər Ermənistana silahlar ötürürsə, deməli, məqsədi dirçəltmək deyil, Yerablurdakı məzarların sayını artırmaqdır. Bir müddət öncə xəbər yayıldı ki, Hindistanın Ermənistana göndərdiyi silahların ünvana çatdırılmasında problem yaranıb. Hətta bildirildi ki, İrəvanın Hindistandan aldığı hərbi texnikanın İran vasitəsilə Ermənistana gətirilməsinə mane olan Rusiyadır. Bunu başqası desə, bəlkə də şübhə edərdik, Ermənistan parlamentinin keçmiş deputatı Hayane Abramyan məlumat yaydı. Rusiyanın öz maraqları var, Azərbaycana sevgisindən qaynaqlanmır bu qərar. Lakin məsələ bunda deyil, rəsmi Dehli Azərbaycan və Ermənistan arasında nəhayət, sülhün əldə olunmasına töhfə verə bilmirsə, heç olmasa neytral qalsın, daha 5-10 milyona görə közərən ocağa nöyüt tökməyə çalışmasın.

Düzdür, Azərbaycan-Pakistan qardaşlığı və Kəşmir məsələsində rəsmi Bakının prinsipial mövqeyi Hindistanın xoşuna gəlmir. Ola bilsin keyfiyyətsiz hind silahının alışına cəlb etmək cəhdi də var burada. Eyni zamanda rəsmən dilə gətirilməsə də, son zamanlar hind mətbuatında iransayağı Ermənistanın ərazi bütövlüyü ilə bağlı “qırmızı xətt” nümayiş etdirilir, Zəngəzur dəhlizinin birbaşa Şimal-Cənub Nəqliyyat Dəhlizinə təhdid yaradacağından əndişələr tirajlanır. Anormallıqdır, həm də boşuna zaman, enerji sərfiyyatıdır. Düşünürlərsə Ermənistana dəstək verməklə Azərbaycanı öz hədəflərindən çəkindirəcəklər, yanılırlar. Azərbaycanı belə addımlarla şantj etmək mümkün deyil, unutmasınlar...Artıq hind filmlərindəki sentimental səhnələrə baxıb, köks ötürən vaxtımız deyil...

Unutmamışıq, rəsmi Dehli hər zaman bəyan edib ki, Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Yəni dolayısı ilə “Qarabağ Azərbaycandır”-deyib Hindistan. Bəs elə isə Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməsi, ardınca da bölgədə sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətli addımlara niyə dəstək gəlmir? Belə çıxır Hindistan Qarabağ məsələsində status-kvonun, “nə hərb-nə sülh” vəziyyətinin, faktiki olaraq torpaqların erməni işğalında əbədi qalmasını müdafiə edirmiş? Axı, Azərbaycanın zəfərindən sonra Hindistan da sevinməliydi, niyə əsəbi və gərgindir? Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimətin mənası nədir? Türk dünyasının birləşməsinə maneçilik nə verəcək? Anlayırıq, 2022-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İstanbul Bəyannaməsi imzalaması, sənəddə Ankara və Bakının Cammu və Kəşmir münaqişəsi ilə bağlı prinsipial mövqelərini bir daha təsdiqləmələri, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirməsi Hindistanda xoş qarşılanmayıb. Amma beynəlxalq hüquq var!

Hindistanın erməni işğalçı və terrorçularına, revanşistlərinə ürəyi belə çox yanırsa, o halda 3,287,263 km²-lik ərazisindən bir az kəsib ermənilərə verə, hətta onlara ölkə qura bilər.

Onsuz da ermənilər dünyanın 7 möcüzəsindən biri sayılan, tikintisində türklərin iştirak etdiyi Tac Mahal memarlıq abidəsini “özlərininki” saymağa cəhd edirlər. Azərbaycanınsa erməniyə güzəşt edəsi torpağı yoxdur, bunu revanşistlər də, onları revanşa sövq edənlər də anlamalıdır!

Ümid edək ki, cənab səfir Sridharan Madhusudhana Azərbaycan Prezidentinin qızıl kimi xəbərdarlıqlarını ölkəsinə gecikmədən çatdıracaq, sonra gec ola bilər...Ən azı Ermənistandakı revanşistlərin başının əzilməsindən sonra...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости