Свобода людям, независимость нациям!

Çəmənlikdə balıq tutan adam, Əzrayılın bala paylaması və Aİ-nin Ermənistan siyasəti

1309 15.12.2025 17:21 Колумнисты A A

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında Ermənistanla bağlı da müzakirələr aparılacaq. Erməni mediası qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa istinadən sevincək xəbər yayıb. Müzakirələrin səbəbinə gəldikdə, Kaya Kallas xanım belə deyib:

“Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”.

4c3817fb-dd68-3860-9143-20bf77dc5921_825.jpg (88 KB)

Ermənistan hakimiyyətinin qarşıdan gələn parlament seçkiləri ərəfəsində “xarici müdaxilə” təhlükəsi ilə bağlı Avropa İttifaqından dəstək istədiyini İrəvanda da təsdiqləyiblər.

İrəvan Aİ-dən seçki prosesinin qorunması və mümkün xarici təsirlərə qarşı mübarizə sahəsində yardım göstərilməsini xahiş edib. Qeyd olunur ki, bu addım Brüsselin daha əvvəl Ermənistana “Rusiya təsirinə qarşı mübarizə” məqsədilə 15 milyon avro ayırmasından sonra atılıb.

Məşhur lətifə yada düşür. Deyir bir ağıldankəm əlində tilov çəmənlikdə oturubmuş. Ətrafdan keçən bir nəfər ondan burda oturmasının səbəbini soruşur, “balıq tuturam”, cavabını alanda şirniklənir. “Tutduğun balıqlardan mənə də verərsənmi”, sualına müsbət cavab alır, oturur yanında. Üçüncü şəxs yaxınlaşır və onların burada nə etdiklərini soruşur. “Balıqçı” ona da eyni cavabı verəndə adam qayıdır ki, “axmaqsan, çəmənlikdə də balıq olar?” Bu da qayıdır ki, “axmaq mən deyiləm e, məndən balıq payı gözləyəndir”.

Yaxud “Bala paylayan Əzrayıl” misalını da çəkmək olar. Beləcə Ermənistan Avropa İttifaqına “xilaskar” statusunda yanaşır. Görəsən, bu ölkədə doğrudanmı hələ reallığı tam şəkildə anlamırlar?Avropa İttifaqı postsovet məkanında hansı ölkəni xilas edib, bəlkə Gürcüstanı? Bu gün Aİ Gürcüstanla sanksiya dili ilə danışır. Brüssel olmaya Moldovanı xilas edib. Bəlkə Nikol Paşinyan hakimiyyəti Avropa İttifaqının Ukraynanı “xilas etdiyinə” görə belə həvəslənib?

PASİN SON.jpg (202 KB)

Ukraynanın 20 faiz ərazisi işğalda, milyonlarla vətəndaşı dünyaya səpələnib, şəhərlər darmadağın, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hələ indi deyir ki, Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə mövzusu olmadığı üçün Aİ sadəcə kağız üzərində yox, həqiqətən ciddi təhlükəsizlik zəmanətləri hazırlamalıdır. Olmaya Ermənistan Ukrayna üçün hazırlanmış “təhlükəsizlik zəmanətləri”ndən istəyir...

Dekabrın 2-də Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalandı. Post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra iddialar əksini tapıb. Görünür, Aİ-ni “xilaskar” gözündə görən Ermənistan rəhbərliyi ara-sıra “Real Ermənistan” qurmağın zəruriliyini unudur.

Diqqət edin, Macarıstanın xarici işlər naziri Peter Siyarto da deyib ki, Qərbi Avropa ölkələri açıq şəkildə Rusiya ilə müharibəni qızışdırır və Ukraynada sülh danışıqlarını pozmağa çalışırlar. Sitat: “Bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər. Macarıstan özünün münaqişəyə cəlb olunmasına imkan verməyəcək”.

Bir sıra ciddi ekspertlər xəbərdarlıq edirlər ki, Ukrayna müharibəsi başa çatandan sonra Rusiya Ermənistanla məşğul olacaq. Bu xəbərdarlığın real olduğunu elə son günlər də müşahidə edirik.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistan nə vaxtsa Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq. O, Rusiya biznesinin Ermənistana münasibətinin dəyişdiyini bildirib və hər iki ittifaqda eyni vaxtda qalmağın mümkün olmadığını söyləyib.

“Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni vaxtda iki inteqrasiya birliyinə üzvlük bir araya sığmır. Nə vaxtsa Ermənistan xalqı seçim etməli olacaq”, - A.Overçuk açıq şəkildə təhdid edib.

Qaluzin 2025-ci ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azaldığını söyləyib.

“Yadınızdadırsa, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar olub. Bu il, çox güman ki, 6 milyard dollara çatacaq. Bu, çox nəzərə çarpan azalmadır”, - Rusiya rəsmisi bildirib. Təhdidin buynuzu olmur ki...

Bu yaxınlarda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da bildirdi ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvüdür və bu status bütün hüquq və öhdəlikləri ilə qüvvədə qalır. Zaxarova xatırlatmışdı ki, Ermənistanın təsvir etdiyi “üzvlüyün dondurulması” kimi anlayış KTMT-nin hüquqi bazasında ümumiyyətlə, mövcud deyil.

ZAXAROVA.jpg (80 KB)

Məhz bu təhdidlər idi Nikol Paşinyanı Almaniya səfərindən sonra Rusiyaya uçmağa vadar edən. Sentyabrda da dünya liderləri BMT Baş Assambleyasına toplaşanda Paşinyan Putinin qəbulunda gözləyirdi. Ermənistan rəhbərliyi açıq şəkildə “havaya girib”, amma anlamır ki, ona vəd olunan paraşütün çatıb-çatmayacağı, hətta çatsa belə, açılıb-açılmayacağı barədə risklər var. Vaxtilə Ukraynaya da çox vədlər verildi, əvvəl Krım itirildi, sonra da...Sonrası göz önündə. Gürcüstana da çox “gəl-gəl” demişdilər, ərazilərinin 20 faizi işğalda qaldı, Avropa İttifaqı nə edə bildi ki? Avropa İttifaqı indi özünü xilas etməyin yollarını axtarır, İrəvanda yəni bu qədər aydın mənzərəni görə bilmirlərmi?

Bu ilin martında Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanunu qəbul edib. Amma həbsxanaları keşişlərdən tutmuş, milyarderə qədər hər cür Paşinyan əleyhdarları ilə dolan Ermənistan doğrudanmı Aİ üzvü olmağa hazırdır? Xarici işlər naziri Ararat Mirzoyan həyəcanlı şəkildə ilk Ermənistan-Aİ sammitinin 2026-cı ilin mayında baş tutacağını deyib və qurum heyətini səbirsizliklə gözlədiklərini bildirib.

Beləliklə, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Aİ-Rusiya mübarizəsi başlayıb. Kaya Kallas da bundan əvvəl seçkilər ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirməyə başladığını iddia etmişdi.

AVROPA İTTİFAQI.jpg (101 KB)

Aİ-nin münasibətləri səmimi olsaydı, qurum sülh və təhlükəsizliyə, ədalətə fokslansaydı, Azərbaycan bu əməkdaşlıqdan zərrə qədər narahat olmazdı, heç şübhəsiz. Amma Aİ-nin Ermənistandakı kəşfiyyatçı dəstələrin nə oyundan çıxdıqlarını üç ildir görürük. Faktiki olaraq Aİ gorbagor olmuş Minsk Qrupunu əvəzləməyə çalışır, destruktiv fəaliyyəti ilə. Azərbaycan öz ərazisindən Ermənistana taxıl yolu açıb, iki ölkə arasında sülh prosesi davam edir, bütün bunlardan sonra Brüsselin “Dağlıq Qarabağ” nağılına başlaması bütün müsbət təşəbbüslərin üstündən xətt çəkməkdir. Guya Ermənistanı sevdiklərindənmi bu addımlara gedirlər? Qəti şəkildə. Sadəcə ermənidən alət kimi istifadə edib, bölgəyə soxulmaqdır məqsədləri. Aİ missiyasının 209 nəfərlik sayı yəqin bunlara kifayət etmir, axı Ermənistanı “xilas etmək” lazımdır. Paşinyan hakimiyyəti anlamalıdır ki, onu və “kadastr sənədi olmayan” ölkəsini bölgədə xilas edəcək iki dövlət var: Azərbaycan və Türkiyə!

Avropa İttifaqı regiona fəlakət gətirir bu siyasəti ilə...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости