Свобода людям, независимость нациям!

Çasus şəbəkəsi üçün isti şitillik – Kremlin rus dili siyasəti

1745 17.04.2022 16:48 Колумнисты A A

 

Bu əhvalatı uzun illər öncə Siyəzəndə hər kəsin tanıdığı Seyidağa müəllimdən (rəhmətlik sovxoz direktoru idi) eşitmişəm. Olmuş əhvalatdır, Siyəzənin dağ kəndlərindən birində, gərək ki, Quşçu kəndində baş verib.

Deməli, Rusiya və Bakı arasında kommunikasiya xətti çəkən rus mühəndislər bu kənddə bir qoca ər-arvadın evində qalırmışlar. Tərəflər bir-birini yarirusca, yarıtatca, yarıtürkcə danışa-danışa anlayırmışlar. Təbii ki, bu proses davam etdikcə ruslar ana dilimizdə bir neçə zəruri söz öyrəndikləri kimi, tat ər-arvad da rusca beş-altı (lap olsun, əlli-altmış) söz öyrənirlər. Ruslar işlərini qurtarıb gedəndən bir müddət sonra nənə sac üstündə lavaş bişirdiyi yerdə ağsaqqal ocağa yaxınlaşır, bir az oturur, darıxır, sırf bekarçılıqdan deyir: “A duxtə, davay, rusca danışaq”. Nənə deyir, davay. Ağsaqqal bir o tərəfə baxır, bir bu tərəfə baxır, nə desin, bilmir, qəfil deyir, a duxtə, idi suda, pramoy ka mne.

Nənə də bir az fikirləşir, o heynədə ağlına rusca bildiyi başqa söz gəlmir, oxlovla kişinin təpəsinə bir dənə tutuzdurur, deyir: “Paşol burdan, sabaka”.

İndi keçək mətləbə. İllərdir ölkə gündəmindən düşməyən, vaxtaşırı qabaran rusdillilik məsələsindən danışacağıq.

Bu söhbətin süni olaraq gündəmdə saxlanması və vaxtaşırı körüklənməsi kampaniyası diqqət çəkir.

Bir sıra dostlar taksi sürücüsünün öz rusdilli müştərisi ilə davranışının qurama olmasından şübhələrini ifadə etmişdilər və haqlı görünürdülər. Bunu videoya çəkməyə və yaymağa nə ehtiyac vardı? Bu nə deməkdir: adam özünün nə dərəcədə vətənpərvər olduğunu göstərir, yoxsa gerçək vətənpərvərləri qızışdırır? Kim bilir, bəlkə də rus dilinin başqa ölkələrdə tədrisini dövlətin prioritet məsələsinə çevirən, “harda rusdillilər yaşayırsa, biz onların hüquqlarını müdafiə etməliyik” deyən şovinist dairələrə, idman diliylə desək, ötürmə verir?

Hər nədirsə, artıq bu söhbətin çürüyü çıxmaqdadır. Kim hansı dili istəyirsə, öyrənsin, övladlarına da öyrətsin, mane olan yoxdur. Amma bu dövlətin məktəbləri birmənalı olaraq tədrisi ana dilində aparmalıdır. Bəlkə də bu, indiyə qədər çox da böyük əhəmiyyətə malik deyildi, indi isə, oxumuş adamlar demişkən, arxivacibdir. Çünki Rusiyanın hakim dairələri artıq özləri də etiraf edirlər ki, öz neoimperialist siyasətlərini rus dilinin tədrisi üzərində qurur, rusdillili məktəbləri gələcəkdə öz “rəğbət qrupları”nı (daha dəqiqi, casus şəbəkəsini) qurmaq üçün şitillik, istixana hesab edir.

O gün dostlardan biri də Rusiyanın tərkibində yaşayan türkdilli xalqların tamamilə manqurtlaşdığını, uzun sürən assimlyasiya prosesi nəticəsində tamamilə öz milli köklərindən qopduqlarını, ana dilində bilmədikləri, ruslar kimi düşünüb-davrandıqlarını yazmışdı. Şəkk ediləsi bir şey yoxdur. Biz hələ sovet dövründə ana dilimizdə orta və ali təhsil ala-ala, kitablar oxuya-oxuya, filmlər çəkə-çəkə, ana dilində verilişlər yayan televiziyaya malik ola-ola bu qədər rusdilliyiksə, hətta 30 illik müstəqillikdən sonra da kütləvi şəkildə övladlarımıza rus dilində təhsil verməyə təşnəyiksə, görün, ana dilində əlifbası, kitabı, məktəbi, lüğəti olmayan, rusifikasiya siyasətinə tam boyun əymiş xalqların halı necədir.

Bu, zırıltı işdir, uzun həngamədir, əziz həmvətənlər. Amma hesab etməyin ki, qurtuluş yoxdur. Xeyr. Sadəcə, zamanın konyukturasına uyğun hərəkət etmək lazımdır. Bu saat ana dilini mükəmməl öyrəndikdən sonra xarici dil öyrənməyimiz belə vacib lazımdırsa (yekə çıxmasın, dünyaya açılmaq baxımından), mütləq ingilis və Çin dillərini öyrənməliyik. İndi bəziləri “ingilis dilini anladıq, bəs Çin dili haradan çıxdı” deyəcəklər. Gedişat göstərir ki, Çin yeni-yeni parlayan imperiyadır və dünyaya tankla-topla yox, bizneslə, iqtisadiyyatla, texnologiyalarla nüfuz edir. Onlar gələcəkdə bu ölkədə də çoxlu müəssisələr açacaq, hətta ola bilər, QHT-lər-filanlar da yaradacaqlar, kim onların dilini bilirsə, üstün tutulacaqlar.

Bax, onda ağsaqqal babanın ağbirçək nənəyə “davay, rusca danışaq” deməsinə ehtiyac olmayacaq.

Yazının sonunda rus dilinə dair bir gülməcə də yazım, sağollaşaq. Deyir, postsovet məkanının adamları getdikləri yerdə sürüşüb yıxılanda, ayaqlarının altında qalan dımrıq qalxıb alınlarına dəyəndə, nəsə bir zibilə düşəndə mütləq və yüzdəyüz şəkildə rusca danışırlar. Yəni cəmi iki söz deyirlər, sadəcə, “ay”la başlayırlar. Hə, etiraf edək ki, bu məsələdə rus dili əvəzedilməzdir, stress çıxarır.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости