Свобода людям, независимость нациям!

Çar qarnizonunun xiffətini çəkənlərin Xankəndi arzusu...

3495 03.06.2024 13:02 Колумнисты A A

Rusiyanın Xankəndidə baş konsulluq açmaq niyyəti ilə bağlı deyilənlər ötən həftənin ən çox müzakirə edilən mövzularından oldu. Özü də bu istəyi Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə deyib.

Diqqət edin: “İkitərəfli məsələlərimizdən Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim. Yaxın günlərdə bununla bağlı hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”. Bu nə həyəcan, nə arzu, nə tələskənlik?.. Heç baş konsulluğun açılması məsələsi Rusiya Federasiya Şurasının və yaxud Azərbaycan Milli Məclisinin səlahiyyətində də deyil. Elə isə niyə məhz Karasin bu arzusunu Səməd Seyidova deyir? Özü də “yaxın günlərdə” (?!) başlayacaqları işlərlə bağlı “dəstəyə” ümid edir. Əcaibdir, deyilmi?

KARASİN.jpeg (89 KB)

Karasinin digər dediklərinə - “əsaslandırmasına” - diqqət edin. Deyir, yaxşı olardı ki, regionda Rusiyanın diplomatik nümayəndəliyi bu il açılsın və “Bu, hər iki ölkənin qarşılıqlı konsul iştirakında bərabərsizliyi aradan qaldırmasına imkan verərdi”. Hansı bərabərsizlik? Yəni Azərbaycanın Rusiyada bir səfirliyi və iki konsulluğu fəaliyyət göstərir – Sankt-Peterburq və Yekaterinburqda – Rusiyanın isə Bakıda yalnız səfirliyi var, bərabərsizlik budurmu? Onda gəlin, Rusiyada yaşayan de-fakto 3 milyonluq azərbaycanlı ilə Azərbaycanda yaşayan uzağı 100 minlik rusun arasında da riyazi işarə qoymağa çalışaq, hər halda bərabərdir işarəsi absurd olar. Yaxud Karasin ümumi sahəsi 17,098,246 kvadratkilometr olan Rusiya il 86,6 min kv.km-lik Azərbaycan Respublikası arasında hansı işarəni qoyur, görəsən? Bu minvalla gərək Rusiyada Azərbaycanın azı 150 baş konsulluğu açılsın.

XANKENDİ SON.jpg (217 KB)

Digər tərəfdən, diplomatik nümayəndəliklərin açılması dövlətlərarası məsələdir və müvafiq olaraq xarici siyasət idarələri bu məsələlərlə məşğul olurlar. Bildiyimizə görə, Rusiya XİN rəhbəri azərbaycanlı həmkarı Ceyhun Bayramovdan bu barədə hər hansı xahiş etməyib, istəyini dilə gətirməyib. Elə isə Karasin niyə həyəcanlanıb? Bəlkə onu Rusiya XİN rəhbəri qoyublar, xəbərimiz yoxdur. Yoxsa vaxtilə xarici siyasət idarəsində işləməsinin xiffətini çəkir, köhnə peşəsi onu danışdırır… Amma yox, bu, rusiyalı senatorun özfəaliyyəti sayıla bilməz. Yaxın günlərdə Xankəndidə baş konsulluq açılması ilə bağlı hazırlıq işlərinə başlayacaqlarını deyən Karasinin “qız evində toydur, oğlan evinin xəbəri yox”, deyimindən xəbəri yoxdursa, biri çatdırsa, yaxşı olar.

Qriqori Karasindən əvvəl baş konsulluq istəyini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko səsləndirmişdi.

MATVİ .png (426 KB)

2023-cü ilin fevralında Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, - Matviyenko söyləmişdi. O zaman bu məsələnin üstünə çox gedilmədi, heç Rusiya tərəfi də məsələni açıb-ağartmadı. Ən əsası, ilk baxışda qeyri-adi bir məqam yox idi. Çünki daha əvvəllər də Rusiyanın Naxçıvanda baş konsulluq açması ilə bağlı müəyyən müzakirələr aparılıb və dayanıb. Matviyenkodan fərqli olaraq, Karasin konkret məkan göstərir, Xankəndi! Valentina Matviyenko azərbaycanlı həmkarına konsulluq istəyini çatdıranda hələ Xankəndini öz adı ilə çağırmağa tələsmirdi rusiyalı rəsmilər. Xatırlayırıq, dəfələrlə bizim müvafiq qurumlar Rusiya hərbi kontingentinin bülletenində “stepanakert” kimi qondarma varlıqların milli toponimlərimizlə əvəzlənməsini tələb edirdilər. Keçən ilin fevralında Xankəndi hələ azad deyildi, heç Laçın yolunun son dayancağında da sərhəd-buraxılış məntəqəmiz qurulmamışdı.

Maraqlıdır, bəs o zaman Matviyenko niyə baş konsulluğu hansı ünvanda açmaq istədiklərini konkretləşdirməmişdi. Hər halda o vaxt Rusiya rəsmilərinin bir çoxu Xankəndidə tezliklə Azərbaycan bayrağının dalğalanacağını güman etmirdi. Azərbaycan dövlətinin qətiyyəti nəticəsində nəinki Xankəndi, Xocalı və digər ərazilər azad edildi, həmçinin burada quruculuq işləri sürətlə davam edir, sakinlər doğma yurdlarına qayıdır. Ötən ilin əvvəlində, məhz Azərbaycan və Rusiya prezidentlərinin Müttəfiqlik Bəyannaməsini imzalamasının ildönümü ərəfəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, deməsi hər halda təəccüblü idi. 2022-ci ilin 22 fevralında Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”dəki 43 maddə müttəfiqliyin bariz nümunəsi deyilmi?

BEYAN EN YENİ.jpg (108 KB)

Niyə xanım sədr şübhə ilə yanaşıb iki dövlətin müttəfiqliyinə? Yaxud imzalanan sənəddə Rusiyanın konsulluqla bağlı “bərabərsizlik”dən əziyyət çəkməsi barədə heç nə əksini tapmayıb. Və nəhayət, elə 1-ci bənddə yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Amma Rusiyalı senatorun qəfildən “Xankəndidə baş konsulluq açmağa hazırlaşırıq, siz də dəstək verin” məzmunlu mövqeyi əcaibdir. İcazə istəsəydi, yaxud bizim arzumuz var desəydi, yenə də anlaşılardı. Sülhməramlı kontingent üçün status almaq üçün çalışanlar, amma buna nail ola bilməyənlər, Rusiya və Azərbaycan rəhbərliyinin iradəsinə uyğun şəkildə nəticəni görəndən sonra yenə də “qaşınmayan yerdən qan çıxartmağa” çalışırlar.

Məhz belə bir ərəfədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulinin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirməsi də təsadüf deyil. Rusiyadakı erməni-rus millətçiləri tərəfindən təşkil olunan beynəlxalq konfransda anti-Azərbaycan mövqelərinin səslənməsi birmənalı şəkildə Bakı-Moskva münasibətlərini pozmağa yönəlib.

ZATULİN.jpg (57 KB)

Deputat Qüdrət Həsənquliyev tamamilə haqlı olaraq hakim partiyanın üzvü Zatulinin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannaməsinə zidd mövqeyinə, Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına almasına, separatizmi və revanşizmi qızışdıran bəyanatla çıxış etməsinə görə Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsini parlamentin iclasında təklif edib, rəsmi Bakının bu cür məsuliyyətsiz və Rusiya-Azərbaycan münasibətlərinə ziyan vuran elementlərin təxribatçı fəaliyyətinə son qoyulması tələbini irəli sürməsini zəruri sayıb. Hələlik rəsmi Bakı təmkinli davranır, amma istisna deyil ki, şimaldan külək əsdirməyə çalışanlarla bağlı diplomatik kanallarla zəruri reaksiyalar verilir.

Xankəndidə bir rus yaşamır, Karasin və digərlərinə burada baş konsulluq açmaq nəyə gərəkdir? Hansısa rus şirkətləri fəaliyyət göstərmir ki, onlara hüquqi yardım göstərilməsi zərurəti yaransın. Bəlkə Rusiyadakı hansısa dairələr 30 il ərzində Qarabağda Rusiya pasportları ilə yaşayan ermənilərin geri qaytarılmasına hazırlıq məqsədi güdür? Belədirsə, iştahları pis deyil. Bunu da unutmamışıq, hətta 44 günlük müharibədən sonra Xankəndi, Ağdərə və digər ərazilərimizdə qondarma “rus icmaları” təsis olunurdu, ermənilərə rusdilli kitablar paylanırdı. Bəlkə Karasin(kimilər) “rus icması” adlı qondarmalarla bağlı tədarük görür. Belə düşünənlər çox yanılır, peşman olacaqlar!

Rusiya-Azərbaycan prezidentlərinin və dövlətlərinin indiki halı bir çox erməni-rus şovinistlərini, həmçinin erməni “bulağı”ndan su içən zatulinkimiləri qane etmir, suları bulandırmağa çalışırlar. Bir ara erməniləri söyürdü, görünür, mədəsini və gözlərini doyurur Rusiyadakı erməni iş adamları, yenə də jirinovskilik edir. Səbəbi bizə məlumdur, onlar rus əsgərlərinin Qarabağda əbədi qalmasını arzulayırdılar.

Tarixə istinad edək: 1813-cü ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamırdı. Amma tarixi torpaqlarımızın iki imperiya arasında bölüşdürülməsi prosesi başa çatandan sonra vəziyyət dəyişdi. Ancaq cüzi olaraq... 1847-ci ildə Xankəndidə 80 erməni, 52 rus ailəsi yaşayırdı. Ancaq Rusiyanın Xan yurdunu işğal etməsindən dərhal sonra burada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilmişdi. Sonrakı dönəmdə Xankəndiyə İrandan xeyli sayda ermənilər yerləşdirildi, onlar çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edildi.

Heç şübhəsiz, zatulinlər, karasinlər... tarixin təkərini geri fırlatmaq istəyir. Amma arzuları gözlərində qalacaq. Baş konsulluqla bağlı bərabərlik arzusundadırlarsa, Azərbaycanın digər əraziləri var. Rus vətəndaşlarımız həmin şəhərlərdə rahat yaşayırlar, Karasin niyə onları “unudub”, rusların olmadığı ünvandan bəhs edir? Görünür, çar qarnizonunun xiffətini eləyir, baş konsulluğu o statusda görür...

Azərbaycan dövləti o qədər güclüdür ki, hansısa konsulluğun olması bizi narahat etmir, dövlətimizə inanırıq, güvənirik. Tanklı, toplu gələnləri vaxtından bir il əvvəl yola saldıqsa, 2-3 rus diplomatın Xankəndidə olması da nəyisə dəyişməyəcək.

CİXDİLAR.jpeg (578 KB)

Amma axı niyə də? Hansı zərurət Xankəndidə rus konsulluğunun açılmasını diktə edir?!

Son 104 ildə ilk dəfə azad edilən Xankəndiyə bu şəhərin doğma sakinləri hələ sentyabr ayında köçəcəklər, ola bilsin elə azad olunduğu tarixin ildönümündə - 19-20 sentyabrda. Karasin də sentyabradək baş konsulluğun açılmasına tələsir. Xankəndi sakinlərini Rusiyanın baş konsulluğu niyə qarşılamalıdır ki?! Absurd deyilmi? Azərbaycan Xankəndidə Qarabağ Universiteti açır, bir azdan burada həyat qaynayacaq, gənclərimiz təhlükəsiz şəraitdə təhsil alacaqlar, bu bölgənin səmalarında əbədi sülh olacaq, top-tüfəng səsləri eşidilməyəcək, məqsədləri qarışdırmaq olanlar da anlasınlar, qulaqlarında sırğa eləsinlər!

QARABAG.jpg (133 KB)

Prezident İlham Əliyev axı deyib: “Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın”.

İLHAM ESGER.jpg (246 KB)

Azərbaycan 1800-cü illərdəki deyil, DÖVLƏTDİR!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости