Свобода людям, независимость нациям!

Cahid Şəfa oğlunun xatirəsinə

1513 20.09.2023 08:00 Колумнисты A A

“Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb”. Sonra xəbərin içindən adları oxuyuram və bir ada çatanda dayanıram: “Nağıyev Cahid Şəfa oğlu”...

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulmuşdu, 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Cahidin haqqında internetdə axtarış versəniz, bu cür qısa informasiyalardan özgə nəsə çıxmır. Bir də naməlum “Üçtəpə əməliyyatında” iştirak edərkən öldüyü yazılıb. Bu əməliyyat haqda mənbələrdə heç nə tapmadım.

Cahidlə mən eyni kənddə doğulmuşuq. Məndən 3-4 sinif yuxarı oxuyub, o üzdən əlaqələrimiz, ünsiyyətimiz olmayıb. Heç indi o bəstəboy, qarayanız oğlanın sifət cizgilərini də yadıma dəqiqliklə sala bilmirəm. 30 il ötüb. Az deyil ki. Yurdlarımızın, kəndlərimizin sifəti də bu 30 ildə amansız savaşın zərbəsindən tanınmaz haldadır. Öncə obaların skeletini tapdıq, indi qurbanlarımızın sümüklərini tapırıq...

Cahidin atası Şəfa kişinin də sifəti yadıma düşmür. Ancaq qəribədir, yaxasında çəkicə bənzər işarə olan sovet dəmiryolçusu geyimi yadımda qalıb. Şəfa bəy dəmir yolunda çalışırdı. Kəndimizin ortasında, qeyri-rəsmi mərkəzində, Axan kişigilin (indi düşünürəm, obamızda nə qəribə adlar varmış, halbuki biz o zaman bu adlara təbii yanaşırdıq, hətta bizim kənddə azı 2 Axan adlı kişi vardı) təndir yanacağı - tənək çubuqları tökdüyü yerdə camaat toplaşardı, ordan-burdan söhbətləşərdilər. Kinogöstərən Əzizağanın afişa vurduğu telefon dirəyi də oradaydı. Bir gün kəndin ünlü zarafatcılları - Vahid Əlifoğlu, Yaşar müəllim, Zakir kişi və başqaları yenə ora toplaşmışdı, Şəfa kişi yaxınlaşdı, dedi şeir yazmışam. Adını çəkdiyim qrup bir növ kəndin poetik redaktorları idi, Şəfa bəy də onların rəyini öyrənmək istəyirdi. Şeiri oxudu. Qısa bir bənd idi, açığı, son illərə qədər xatırlayırdım, artıq unutmuşam və Molla Nəsrəddinin məşhur “Qızılgüllər arasından boylanırdı qaratoyuğun balta dişi” misrası tipində şeir idi. Ona görə “redaktorlar” Şəfa kişi ilə məzələnmək qərarına gəldilər. Dedilər əla şeirdir, lakin sənə təcili ədəbi təxəllüs lazımdır, çünki sənət yoluna qədəm qoyursan. Dərhal təklif də gəldi: “Qoy olsun Şəfa Küskün”. Şəfa kişi incidi: “Küskün niyə oluram? Ailəm, uşağım, işim-gücüm...” Sanki bunu gözləyirmişlər, ikinci təklif verildi: “O zaman Şəfa Gülsüm olsun”. Şəfa kişi zarafat obyekti olduğunu başa düşüb sakitcə aralaşdı - onun arvadının adı Gülsüm idi.

O zaman hələ Cahid ölməmişdi. O zaman hələ, necə deyərlər, dünyanın düz vaxtıydı. Heç, deyəsən, müharibə də başlamamışdı. İndi mən başqa məsələləri düşünüb narahat oluram: 30 ildir Cahid itkin sayılırdı, bu 30 ildə mən niyə Şəfa kişini itirib-axtarmamışam? O cümlədən Gülsüm xanımı. Bu adamlar 30 il harada yaşayıblar, dərd-sərlərini necə yola veriblər, Cahid haqda kimlərə danışıblar? Şəfa kişi sağdırmı? Oğlunun cəsədinin tapılmasını necə qarşılayıb?

Dostum, həmkəndlim, qazi Şükrana zəng edirəm. Belə işləri bizim kənddə ondan yaxşı bilən yoxdur. “Deyəsən, Şəfa kişi də, Cahidin anası da rəhmətə gedib”. O da dəqiq bilmir. Ancaq Şükran heç olmazsa son günlərində, son saatlarında Cahidlə yanaşı olub: “Füzuli şəhəri yaxınlığında OZM minasının partlayışından öldülər. Gecə, qaranlıq idi, cəsədlərini çıxarda bilmədik. Sabah da mövqeyi tamamilə itirdik. 30 ildir hər dəfə yadıma düşür, peşman oluram ki, kaş nə cür olur-olsun, gedib Cahidin meyitini çıxaraydım”.

Kimdənsə, uşaq vaxtı eşitdiyim bir təyin də yadımda qalıb: “Kosanın yanında semiçka çırtlayanda allergiya verir, üzü səpir”. Kənd yerində hərəyə bir ayama qoşarlar, Cahidin ayaması Kosa idi. Bir şəhidi belə ayamasıyla xatırlamaq ədəbsizdirmi? O cümlədən allergiyasını xatırlamaq. Bilmirəm. Ancaq bunlar olub axı. Bunlar hər birimizin insani tərəflərimizdir.

Cahiddən 30 il sonra xəbər gələndə mən də özümün “insani” tərəfimin unutqanlıq olduğunu anladım və dilxor oldum. Bağışla, Cahid. Bağışla, Şəfa dayı, Gülsüm xala...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости