Свобода людям, независимость нациям!

Cahandar ağa Mələyə İnternetdən girişməmişdi...

10803 11.04.2024 16:25 Колумнисты A A

 

Bu ifadələri hər gün ölkədə, bəlkə də dünyada milyonlarla adam işlədir: “İnterneri çıxarana lənət olsun”, “Mobil telefon icad edəni lənətə gəlsin”, “Tik-tok qəhr olsun” və sair və ilaxır.

Əl-əlbət, bu söz nə vaxtsa bu sətirlərin müəllifinin və bu sətirləri oxuyanların da dilinə gəlib.

Bu, dərin düşüncənin məhsulu olan ifadə deyil, emosional fikirlərdir, sözgəlişi deyilən şeylərdir.

Cəmiyyətin bugünkü deqradasiyasının, ailə-məişət problemlərinin, kütləvi yüngülməcazlığın qaynağı nə internetdir, nə sosial şəbəkələrdir, nə də mobil telefondur.

Bu sayaq problemlərin əsl qaynağı insanın özüdür, öz xislətidir, aldığı tərbiyədir, təfəkkür tərzidir, tamahıdır, zəif damarıdır, mübtəlalığı, aludəçiliyidir.

Guya internet olmadığı əsrlərdə başqa kişilərə qoşulub qaçan, xəyanət edən qadınlar yox idimi? Böyük fransız yazıçısı Gi de Mopassanın, Qustav Floberin, Teodor Drayzerin, Lev Tolstoyun romanlarında onlardan bir eşelon var.

1579261275995_NXyiXl41.jpeg (55 KB)

Məgər yazıçı İsmayıl Şıxlının “Dəli Kür” romanının baş personajı Cahandar ağa Allahyarın arvadı Mələyi “atan ehsanına, bir qab su ver” deyibən, qamarlayaraq, atının üstünə alıb qaçıranda ona İnternetdən, sosial şəbəkədən girişmiş, mobil telefonla görüş vədəsi vermişdi?

Qəmlo iki daşın arasında bolşevik İmanın arvadını zorla mənimsəmək üçün kənd-kənd gəzəndə İnternet var idi ki, onu orda görüb bəyənə, quşu qona?

Yəni əxlaqa, düzənə, mənəviyyata zidd olan hərəkətlər, qəlbində başqalarına qarşı hiylə, məkr, xain fikirlər daşıyan insanlar bütün zamanlarda olub, indi də var, gələcəkdə də olacaq.

Sadəcə, ünsiyyət vasitələrinin məhdud olduğu əsrlərdə və illərdə yaramaz insanlar öz mənfi potensiallarını göstərə bilmirdilər, pis niyyətlərini gerçəkləşdirmək üçün real imkanlara sahib deyirdilər və onu içlərində boğmaq məcburiyyətində idilər. İndi insanın içindəki iblisin öz zəncirlərini qırıb azadlığa çıxması üçün imkanı artıb.

Ailə-məişət konfliktlərinə həsr olunan verilişlərdə aparıcının “harada tanış olmuşdunuz” sualına cavab verən qadınlar çox vaxt “İnternetdə” cavabı verirlər, ona görə də çox adama elə gəlir ki, günah İnternetdədir. İnternet olmayan illərdə bu sayaq verilişlər olsaydı, qadınlar (və ya kişilər) uyğun suala “avtobusda”, “metroda”, “dükanda” cavabı verəcəkdilər. Canında başqası ilə tanış olmaq ehtiyacı hiss edən şəxs mütləq bir yol tapacaq.

Televiziyanın ilk illərində milyonlarla adamda belə bir qənaət olub ki, bu “sehirli qutu” gənclərin tərbiyəsini pozacaq, onlara lazım olmayan şeyləri göstərəcək.

Ötən əsrin 60-70-ci illərində İranda din xadimləri maqnitofunu (eləcə də bu kimi yeni texnoloji vasitələri) “şeytan icadı” elan ediblər, amma sonra, 1978-79-cu illərdə dini lider Ruhulla Xomeyninin xalqa müraciətlərini məhz maqnitofon kasetlərilə bütün ölkəyə yayıblar.

1567761800_398_10-положительных-и-отрицательных-воздействий-Интернета-которые-вы-должны-знать.jpeg (242 KB)

Başqa sözlə, icad edilmiş, insanların həyatını asanlaşdıran texnoloji vasitələrdə təqsir yoxdur. Bu gün yüz milyonlarla insan İnternetin imkanlarından – vikipediyasından, filmotekasından, kitabxanasından bilgilənmək, savadlanmaq üçün istifadə edir. Milyonlarla insan dünyanın hər yanında, çox-çox uzaqlarda yaşayan dost-tanışlarıyla, qohum-əqrəbalarıyla görüntülü ünsiyyət qurur, dərdləşir, müzakirə aparır. İndi bir rayondan o biri rayona adicə “sabah gəlirəm” xəbərini vermək üçün saatlarla şəhərlərarası danışıq məntəqəsində növbə gözləməyə ehtiyac yoxdur, istənilən ünvana 3 saniyədə mesaj da göndərmək olur, canlı-canlı danışmaq da mümkündür.

Məşhur ifadə ilə desək, qətl törədilməsində istifadə edilir deyə bıçağı və digər kəsici-deşici alətləri lənətləmirik, anlayırıq ki, bunlarsız həyat mümkün olmaz. Burada lənət qatilə düşür. Bıçaq olmasa da, o, həyatına sui-qəsd etmək istədiyi adamı dəyənəklə, daşla öldürəcək, pilləkəndən itələyəcək, suda batıracaq, şnurla boğacaq və s.

Mobil telefon da, İnternet də, bunların vasitəsilə mövcud olan sosial şəbəkələr də ünsiyyət, əyləncə, məlumatlanma vasitəsidir. Bu, başqa söhbətdir ki, dünyanın çox yerində, o cümlədən bizim ölkəmizdə insanların bir xeylisi İnternetin faydalı funksiyalarından yox, əyləncə imkanları bəxş edən funksiyasından istifadə edir.

1200x700_PdzDUejyZTVylcHtk83nI6nyPtqJbDfXapS1fER5.jpg (144 KB)

Hələ o da var ki, İnternetdən cinayətkarlar da ciddi şəkildə bəhrələnirlər: virtual dələduzluqlar edirlər, anonim qalaraq qətliam, təxribat sifarişi verirlər, ekstremizm təbliğatı aparırlar və sair.

Ona görə də dünyanın çox yerində İnternetin yaratdığı imkanlardan sui-istifadə edilməsini önləmək, onun fəsadlarından qorunmaq üçün qanunlar qəbul edilir, məhdudiyyətlər tətbiq olunur. Yaxın gələcəkdə İnternet yamanlıqların ofşor zonası olmayacaq.

Təcrübə göstərir ki, heç nəyi özbaşına buraxmaq olmaz. İnsan azadlığı elə şeydir ki, o qanunlarla çərçivələnməlidir. Yoxsa anarxiya və xaos olar.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости