Свобода людям, независимость нациям!

Bulvarda kollaps

1612 26.03.2023 18:11 Колумнисты A A

Deputat Razi Nurullayev Bakı bulvarında, daha doğrusu, onun uzadılmış hissəsində intervü verərkən bulvarın əməkdaşları yaxınlaşıb, orada danışmağın qadağan olunduğunu bildirmişlər. Nəticədə Razi müəllim narazı qalıb, gedib ayrı yerdə intervüsünü davam etdirmişdir.

Hesab edirəm ki, bulvar işçiləri ağını çıxarıblar. Deputatın bulvarda nəinki intervü verməyə, lap lazım gəlsə öpüşməyə də icazəsi var və bu, ana qanunumuz Konstitusiyada təsbit olunmuşdur. (“Yazılmışdır” əvəzinə “təsbit olunmaq” qoyanda adam savadlı görünür). Qara camaatla deputatın mühüm fərqlərindən biri elə budur. Deputat istəsə bulvarda skameykaya uzanmalı, öz seçiciləri olan qağayılara yemək verməli, səhərlər qaçmalı, axşamlar deputat yoldaşları ilə gəzişməlidir. Yoxsa deputat olmağın mənası nədir?

Lakin mən düşünürəm ki, Razi müəllimə təzyiqlər ümumilikdə parlamentimizə hökumətin pis baxmağının nəticəsidir, növbəti təzahürüdür. Nəyə görə? Bəzi adamlar elə bilir bizim yadımızdan hər şey çıxır, lakin səhv edirlər. Xatırlayın, uzun Novruz tətilindən qabaq Milli Məclisin son iclaslarında nə olmuşdu? Yox, siz də unutqan xalqın övladısınızsa, yazım, oxuyun.

Birincisi, gəlin deputat Qüdrət Həsənquliyevin 17 martdakı çıxışından əsas tezislərə baxaq:

“Özəlləşdirilmə aparılmır ki, insanlar özəl yerlərdə çalışıb daha yüksək əmək haqqı alsınlar... Dövlət müəssisələri nə qədər vergi ödəyir, bilmirik. Nəticədə dövlətin necə səmərəli işlədiyini qiymətləndirmək olmur... Dünya Ticarət Təşkilatına üzv olmuruq, bütün qonşularımız bu təşkilata üzvdür, bizdə hər dəfə uzadılır... Xarici banklar Azərbaycana buraxılmalıdır ki, sahibkarların banklara daha az faizlə çıxışı olsun. Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik. İqtisadiyyatın əsas sahəsi dövlətin nəzarətindədir. Hökumət hələ də dövlət səhmlərini satıldığı normal birja yarada bilməyib ki, insanlar həmin səhmləri almaqla pul qazansın, pul evlərdə saxlanılmasın. Hökuməti daha ciddi islahatlara çağırıram. Neftin qiyməti düşərsə, Azərbaycanı yeni devalvasiya və iqtisadi tənəzzül gözləyir”. Sitatın sonu. Çox destruktiv, anti-konstruktiv müxalifətçilikdir.

Yaxud, Tahir Kərimli çıxışında yaşlı adamların çətin dolanışığına diqqəti yönəltmişdi: “Gücümüz elə pensiyaçılara çatır. Deyirlər pensiyaçıların sayı 160 min azalıb. Xalqa hər şeyi Avropa qiymətiylə satırıq, pensiya niyə Avropa standartıyla verilmir?”

Gəncədən deputat Naqif müəllim isə hökumətin lap yaralı yerindən vurmuş, qaz limitini ləğv etməyə çağırmışdı.

Ümumiyyətlə, 17 noyabrda deputatlarımız sanki əsəbləşmişdilər, hamısı kəskin, radikal müxalifətçilər kimi danışırdılar. Hətta Səyavuş Novruzov – yüz ilin yapçısı alov püskürürdü! Sitat: “Qəbristanlıqlar qanunla bələdiyyələrə verilib, lakin ortada iş yoxdur”. Daha sonra nazirlərin, icra hakimlərinin köhnə işçiləri işdən çıxarmasını tənqid elədi.

Erkin Qədirli yalan olmuşdu, Səyavuş müəllim gerçək. Milli Məclis 90-cı illəri xatırladırdı. O vaxtlar Əbülfəz bəy hərdən Məclisə gəlir, siqaret çəkib külünü deputatların başına tökürdü. Ağız deyəni qulaq eşitmirdi. Etibar Məmmədov Vəzirovun üstünə qışqırırdı.

Bu gedişlə adam qorxur Məzahir müəllim Məclisi təzədən buraxsın, yeni seçkilər keçirilsin. Razi Nurullayevə qarşı təzyiqlər bu təhlükənin ilkin qaranquşlarından sayılmalıdır. Hökumət və bulvar idarəsi yaz tətilindən sui-istifadə edərək deputatları sıxışdırır, onların söz azadlığına zərbə vurur.

Bulvarı deputatların üzünə yenidən açmalıyıq. Əks halda Məclis yenidən toplaşanda bulvar haqda yeni qanun qəbul eləsə hüquqi kollaps yaranacaqdır. Bəlkə də o artıq yaranıbdır. Mən xəbərdarlığımı elədim. İndi gedirəm bulvara...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости