Свобода людям, независимость нациям!

Bu oyunda kim uduzar, kim udar? – Rusiya qazansa, heç, ABŞ qalib gəlsə, heç-heçə

1844 10.03.2024 08:01 Колумнисты A A

 

Hələ 15-20 il öncədən düşünür və yazırdıq ki, Azərbaycanın Ermənistanla münaqişədən uduşlu çıxması üçün İrəvanın arxasındakı havadarlardan heç olmasa biri ya neytral olmalıdır, ya da bizim tərəfimizdə durmalıdır.

“Ermənistanın arxasındakı havadarlardan biri” deyərkən ABŞ-ı və Rusiyanı nəzərdə tuturduq – daha doğrusu, Rusiyanı və ABŞ-ı. Rusiya birinci havadar idi.

Fransa havadarların üçlüyünə girsə də, regiona təsir baxımından zəif idi və həlledici iradə yiyəsi deyildi. Heç indi də onub regiondakı situasiyanı istədiyi kimi dəyişməyə gücü yoxdur.

Biz üçhavadarlı kiçik dövlətlə üz-üzəydik. ABŞ və Franda Ermənistanın nəinki Rusiyanın sadiq müttəfiqi, hətta onun federal subyektlərindən biri halında olduğunu bilə-bilə İrəvanla isti münasibətdə idilər və onu ikiəlli dəstəkləyirdilər.

Rusiya da Ermənistanı özünün Qafqazdakı ən sadiq müttəfiqi, iki əsrlik bastionu, plasdarmı sayır, nazıyla oynayır, ölkəyə kifayət qədər investisiya qoyur, yeri gələndə 1 milyard dollarlıq silah verir, necə deyərlər, bu “nazənin dilbəri əğyara qapdırmaq” istəmirdi.

Biz isə öz haqqımız olanı nə vaxtsa alacağımıza, revanş götürəcəyimizə, ərazi bütövlümüzü bərpa edəcəyimizə ümid bəsləyə-bəsələyə tarixi anın yetişəcəyini gösləyirdik.

Nəhayət, o gün gəlib çatdı. Ermənistan özü öz havadarlarının birindən, əsl bizim işimizə yarayanından imtina etdi, önümüzdə geniş meydan və mənzərə açıldı, ağ füqurlarla başladıq, iki gedişlə (2020 və 2023) düşməni mat etdik.

İndi Ermənistan tərəfi Rusiyadan üzünü tamamilə döndərib: dövlət rəhbərliyi ard-arda anti-Rusiya bəyanatları verir, xalqın əksəriyyəti hələ 2020-ci ilin payızından Rusiyaya qarşı mənfi ovqatdadır. Ölkə “rus NATO-su”nda – KTMT-də fəaliyyətini dondurub, rus hərbi kontingentini, rus sərhədçiləri ölkədən çıxarmaq istəyir. İplərin qopması tam sürətlə gedir.

Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, respublika son “çağırışlar”ın fonunda Avropa İttifaqına daxil olmağı fəal şəkildə müzakirə edir.

Murzoyanın “Rusiyaya ümid yoxdur”, “Rusiya bizə arxa çevirib” deməsi ilə paralel, o da məlum olub ki, ölkənin baş naziri Paşinyan bu ilin payızından gec olmayaraq Avropa İttifaqına ərizə verəcək. Respublikanı Rusiyadan tam qoparmaq istəyən Qərb İrəvandan əməli addımlar gözləyir.

Mirzoyan “Rusiyaya ümid yoxdur” deyərkən haqlıdır. Gerçəkdən də Rusiyada artıq Ermənistana, xüsusilə də onun indiki rəhbərliyinə heç bir simpatiya, güvən yoxdur, hətta ikrah və hiddət var. Paşinyan iqtidarını erməni xalqı seçdiyinə və 6 ildir israrla dəstəklədiyinə görə, yəqin ki, o münasibətdən xalqa da pay düşür.

Ancaq Mirzoyan “Rusiya Ermənistana arxa çevirib” deyərkən o qədər də haqlı deyil. İlk olaraq öz müttəfiqinə arxasını çevirən Ermənistan özü olmuşdu. Rusiya sadəcə, onu çox uzaqlaşmadan öz yanına qaytarmaq əvvəlcə yumşaq sifət göstərdi. Bu siyasət nəticə verməyincə, təzyiq siyasətinə əl atdı və bu, bağları daha çox qırdı. Görünür, “kökə və qamçı siyasəti” bir yerə qədər effektiv olur.

Rusiya Ermənistanla ona görə bu qədər ərkyana davranırdı ki, bu xalqı Qafqazda əvvəlcə icma halında toparlamış, sonra federasiya dövləti şəklində geniş muxtariyyat vermiş, daha sonra müstəqil dövlət olmasını təmin etmişdi və düşünürdü ki, buna görə ermənilər əbədi olaraq Rusiyaya, Kremlə minnətdar olacaqlar.

Ancaq ermənilər rus kommunistlərin sevimli ifadəsi üzrə düşündülər: “Dünənki işinə görə sağ ol, bugünkünə cavab ver”.

Lap açığı, öz 146 milyonluq əhalisini xoşbəxt edə bilməyən Rusiya 3 milyonluq Ermənistanı xoşbəxt etmək fikrində və qüdrətində deyildi. Ernənilərin iştahı iti, tamahı güclüydü. Onlar avropalılar kimi yaşamaq istəyirdilər və Avropa İttifaqına can atmalarından görünür ki, indi daha şiddətlə istəyirlər.

Rusiya bu məsələdə ona görə haqsızdır ki, yaxınlığındakı ölkələrdən, o cümlədən Ermənistandan əbədi sədaqət və əbədi itaət umur. Moskva bunu ummaqla qalmır, tez-tez vaxtilə tabeliyində olmuş ölkələrə minnət qoyur: “Sizi işğaldan, genosiddən qorumuşuq, geniş muxtariyyat vermişik, metro, SES, universitetlər tikmişik, ana dilinizdə məktəblər açmağınıza, kitab yazmağınıza, kino çəkməyinizə icazə vermişik və s.”

Təkcə son 50 ildə dünya ölkələrinin nə qədər inkişaf etdiyini, haradan-hara gəldiyini görəndə, bu edilənlərin hələ çox az olduğu ortaya çıxır. Dünyanın dörd bir tərəfində yaşayan ermənilər bu barədə həmvətənlərinə çox şey danışırlar, hamısı əmindir ki, onlar daha yaxşı yaşamağa layiqdirlər.

Mirzoyan Rusiya ilə pisləşən münasibətlərdən danışarkən belə bir cümlə də işlədib: “Avropa İttifaqı və ABŞ demokratik islahatlarımızı və institusional dəyişikliklərimizi fəal şəkildə dəstəkləyir”.

Bax, əsas məsələ də budur. Ermənistan Şərqə baxa-baxa Qərbə doğru irəliləyir, nazir demişkən, Aİ və ABŞ ilə münasibətlərini əhəmiyyətli dərəcədə dərinləşdirir.

Düzdür, o, Ermənistanın Qərb dövlətləri ilə əməkdaşlığının Rusiyaya qarşı yönəlmədiyini bir daha deyib, amma ruslar, necə deyərlər, ağzıəyrini peysərindən tanıyırlar.

İndi Rusiyanın bu ölkədə hərbi çevriliş etməkdən başqa çarəsi yoxdur. Əgər Rusiya Ermənistanla quru sərhədlərə malik olsaydı, ola bilər, Ukraynada olduğu kimi, orada da “xüsusi əməliyyat” keçirərdi. Ancaq arada bir tərəfdən Azərbaycan, o biri tərəfdən Gürcüstan var. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası isə Kremlin 1979-cu ilin dekabrında Əfqanıstanda törətdiyi hadisəni təkrarlamaq üçün yetərli gücə malik deyil. Üstəlik, son illərdə, xüsusilə də son aylarda İrəvanda xeyli sayda ABŞ təlimçiləri, kəşfiyyatçıları cəmlənib. Qonşu ölkədə vəziyyətə Qərb nəzarət edir.

Hər halda, regionda durum çox gərgin və təhlükəlidir.

Bəs bizə hansı sərf edir: Ermənistan Qərbin ağuşuna yıxılsın, yoxsa Rusiyanın qucağında qalsın?

Bizə sərf edən odur ki, Ermənistan onlardan ikisinin birinin kölgəsidə olsun, eyni zamanda ikisinin də arxasında daldalanmasın – 1992-2020-ci illər arasında olduğu kimi.

Əgər bu ixtilafdan Rusiya qalib çıxsa və Ermənistanda möhkəmlənsə, təbii ki, İrəvana güclü dəstək verəcək. Amma Qərb də Ermənistandan üz döndərməyəcək. Hər iki tərəf ermənilərin rəğbətini qazanmaq üçün dəstəkvermə yarışına girəcəklər və bu, bizim üçün sərfəli olmayacaq.

Ona görə də yaxşı olar ki, amerikalılar Ermənistanda qalib gəlsin.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости