Свобода людям, независимость нациям!

BÖYÜK SAVAŞIN 4000-ci GÜNÜ

10401 05.02.2009 09:20 Колумнисты A A

Media sahəsinə bələd olanlar yaxşı bilir ki, əslində bir qəzet 20-21 saatlıq işdən sonra oxucusuna yetişir. Məsələn, bizim qəzetdə 3 növbə var: səhər növbəsində yaradıcı heyət - jurnalistlər və redaktorlar çalışır, axşam növbəsində texniki şöbə və məsul katiblik aparatı işləyir, gecə növbəsində isə çapa və yayıma məsul olan qrup fəaliyyət göstərir. Hər gün səhər 9-da başlayan işimiz o biri gün sübhdə - saat 5-də bitir. 4000 günün ən azı 3800-ünü bu templə işləmişik.

***

Allahın lütfünə min şükürlər olsun. Bu sayda qəzeti redaktə etmək, onu yaratmaq və yaymaq səadətini, şansını mənə nəsib edib. Dünyanı deyə bilmərəm, amma məncə, Azərbaycanda bir insanın baş redaktorluğu ilə bu sayda qəzet çıxmayıb. Qüsura baxmayın, amma bu faktdan böyük məmnunluq və qürur duyduğumu da etiraf etməliyəm.

***

Bilməyənlər üçün deyim. Qəzetimiz ilk dəfə 1989-cu il, noyabr ayının 10-da işıq üzü görüb. 23 yaşındaydım, gənc mühəndisdim, şeir və romanlar, hekayələr yazırdım; əslində 9-cu sinifdən etibarən nə gəldi, nə düşündüm, hamısını yazırdım. Cek Londonun “Martin İden”ini 9-cu sinifdə oxumuşdum; elə o vaxtdan saatı qabağıma qoyub üzülənəcən, barmaqlarım üyüşənəcən yazmaq xəstəliyinə tutulmuşdum. Bu vərdiş mənə sonradan həyati dərəcədə lazım olacaqdı.

***

“Yeni Müsavat”dan öncə “samizdat” üsulu ilə “Birlik” adlı dərgi buraxırdıq. AXC-dən kənarda qalmış bir qrup iddialı, fəqət çox dəyərli insanlara birgə “Birlik” cəmiyyəti qurmuşduq. “Birlik”i onun yayın orqanı kimi dərc edirdik. İnanılmaz satış göstəriciləri vardı. Mən həmin dərginin son nömrələrinin redaktəsini və yayımını üzərimə götürdüm; Cəmiyyətdə gördülər ki, bu işi bacarıram və beləcə redaktor oldum.
Ayrıca da antisovet məqalələr yazıb broşüra şəklində dərc edir, satdırırdım. Kiçik bir yayım qrupumuz da vardı. Amma bu kiçik qrup,- özüm də daxil,- gün ərzində 10 mindən çox qəzet, broşüra satırdı. İnsanlarımız xəbər acı idi, “samizdat” üsulu ilə buraxılan dərgiləri, qəzetləri gözünə təpirdi.

***

1989-un sonlarında Müsavat adına partiya qurduq. Qurucu olaraq 5 nəfərdik, hamımız rəhbər olduq; “Birlik”dən gələnlər isə yenicə qurulmuş AMDP “Yeni Müsavat”ın üzvləri. Partiya 27 oktyabr 1989-cu ildə Gəncədə, mərkəzi meydanda keçirilən böyük mitinqdə elan edildi. Ənənəni qoruyurduq; bunun məhz belə olmasını bakılı Bəxtiyar Tuncay - AMDP “Yeni Müsavat”ın ideologiya katibi - təklif etmişdi. Müsavat hökuməti 1918-də Gəncədə qurulmuşdu, məhz bu faktdan çıxış etdik və Müsavatı Azərbaycana bu dəfə də Gəncədən qaytarmağı qərarlaşdırdıq.
Möhtəşəm günlərdi. Xalq güclüydü; bu səbəbdən də onun adına bağlı olan hər bir şey güclüydü. Sıralarımız sürətlə böyüyürdü. Yeni Müsavat Partiyası elan olunan kimi kütləviləşmişdi.
Təşkilata bir yayın orqanı lazım idi. Mənə - partiyanın digər ideologiya katibinə həvalə olundu bu iş. Və noyabrın 10-da artıq indiki “Yeni Müsavat”ın ilk sayı satışda idi; həmin gün mitinq vardı; 10 mindən çox satdıq.

***

Balaca bir makinam vardı. Bütün səhifələri orada çap etmişdim. Təcrübəsizlikdən və materialın çox olmasından barmaqlarımın dərisi soyulmuşdu. Birtəhər bitirdim və Əziz Qaraca - Yeni Müsavat Partiyasının qurucularından biri - vərəqləri apardı gizli mətbəələrdən birinə, orada surətini çıxartdırdı, sonra onları tikdik və hazırladıq...

***

Son dərəcə maraqlı günlərdi. Sovet hakimiyyəti hələ də qalırdı və bu cür dərgilər, qəzetlər buraxmaq qanunla qadağan idi. Təqib olunurduq, amma bütün bunlar bizi durduramazdı. Allah bizə böyük bir missiya yükləyibmiş, Azərbaycan azad olasıymış, sovetlər çökəsiymiş və ölkəmizin müstəqil, həm də qanuni mediası qurulasıymış! Bunun qarşısını kim ala bilərdi?!

***

İlk gizli redaksiyamız Sahil qəsəbəsində, düz Qaradağ sement zavodu ilə üzbəüz, geoloqların dənizə bitişik baraklarında idi. Bizə təzəcə qoşulmuş geoloq Rizvan Hüseynovun müvəqqəti yaşayış yeri idi; ailəsi artıq Bakıdakı mənzilə köçmüşdü, orası boş idi. Səhərlərə kimi çalışır, arada çıxıb dəniz kənarında oturur, xəyallara dalır, böyük arzularımızı dünya boyunca çapdırırdıq. O qədər iddialıydıq ki...

***

Sonra 20 yanvar hadisələri oldu və Gəncəyə köçdük. Todan, Çaykənd, Sarısu ətrafında gedən döyüşlərin təşkilatçısı, iştirakçısı olduq; bir əlimizdə silah, birində qələm. Həm savaşdıq, həm savaşdıq. İlk şəhidləri də biz - “Yeni Müsavat”çılar olaraq verdik. Gəncədə, “Bağman” qəsəbəsində yaşayan üzvümüz, mərhum qardaşım Yasin bəyin evində yerləşmişdik. Düz iki il oranı qəzet redaksiyası kimi işlətdik...
Qəzeti Tiflisdə, Tovuz mətbəəsində gizli şəkildə çap etdirir, sonra Gəncəyə, Naxçıvana və Bakıya göndərirdik...
Bu barədə bir neçə dəfə yazmışam və gələcək tarixçilərimiz məni təkrarçılıqda qınamasınlar deyə təkrara varmıram.

***

1991-ci ilin sonlarında Bakıya döndük. Azərbaycan Müstəqilliik Aktını qəbul edən kimi qəzetimizi rəsmiləşdirdik. İlk təsisçimiz indi iş adamı olub siyasətlə salamı kəsən Vahid Hümbətov oldu. Elçibəy Cəbhədə iki otaq verdi bizə. İlk rəsmi nömrəmizi də 1991-ci ilin dekabr ayında AXC-nin “26-lar bağı” yanındakı qərargahında buraxdıq. Qəzetin ilk rəsmi işçiləri İsmayıl Əliyev (əməkdaşımız Leyla Əliyevanın atası), Azər Ayxan, Kəbiran Dilavərli, Əlövsət Talışxanlı (Müsavat MNTK üzvü) oldu. Bundan əvvəl Gəncə redaksiyasında indi adını ölkə mediasında duyura bilmiş Qabil Abbasoğlu, Əli Həziquliyev, Sədrəddin Soltan və Mahir Məmmədov əmək verirdilər. Döyüşçü-jurnalist Səfər Hümbətovun, Naxçıvandan Gəncəyə sürgün edilmiş rəssam Asəf Şərurlunun, Rüştü Kamallının və digər “Yeni Müsavat”çıların qəzetin ilk çağlarında göstərdikləri fədakarlıqlar minnətdarlıqla anılır.

***

Bir il iqtidar qəzeti kimi işlədik. 1993-cü ilin martında qəzetin təsisçiliyini İsa Qəmbər götürdü. Həmin vaxta qədər 150-200 sayımız dərc olunmuşdu. Yəni 4000 sayımızın 90 faizi  İsa bəyin təsisçiliyi dövründə işıq üzü görüb. Və mart ayının ortalarında İsa Qəmbərlə birgə media çalışmalarımızın 16 ili tamam olacaq.

***

1993-ün iyun qiyamından sonrakı dövr ən çətini oldu. Buna baxmayaraq tab gətirib dözdük, böyüdük, gündəlik qəzetə çevrildik. 1998-99-cu illər inkişafımızın ən intensiv dövrü oldu. Ödüllər aldıq, ölkədə və dünyada tanındıq, insanlarımız tərəfindən sevildik. İqtidarsa bizi sevmədi, sıradan çıxarmaq üçün fəaliyyətə başladı. Məhkəmələrə verildik, həbsə girdik. Ölkə və media tarixində ilk olaraq 20 qəzet redaktorunun aclıq aksiyasının, söz azadlığı uğrunda küçə nümayişlərinin, dirənişlərin, müqavimətin mərkəzi olduq. Nəhayət, 2001-ci ilin dekabrında mərhum prezident Heydər Əliyev Azərbaycan jurnalistlərinin söz, mətbuat və öz iş yerləri uğrundakı savaşlarını sülhlə yekunlaşdırdı; rəhbər qərarını verdi və mediaya qarşı iqtidar savaşı dayandı. Amma bitmədi...

***

Heydər Əliyevdən sonrakı dövr də ölkə mediası üçün asan olmadı. İtkilərimiz böyükdür. Lakin qazandıqlarımız da var. Mövcudluğumuzu saxlamağımız, tarixin yazılışında iştirakımız, iş yerlərimizi pis-yaxşı qoruyub saxlaya bilməyimiz, sözə xəyanət etməməyimiz, özümüzü qoruyub bununla bahəm söz azadlığını da çiyinlərimizdə gəzdirməyimiz ən böyük qazanclarımızdandır.

***

20 ildir müqəddəs Müsavat adına qurduğumuz partiyada və həmin adı daşıyan qəzetdə əmək verməkdəyəm. Böyük şərəfdir. Buraya qədər olanlara görə Allaha min şükürlər olsun. Bundan beləsindən də Allah utandırmasın.
Allaha, Millətə, Vətənə və Sözə xidmət üçün girdiyimiz o Meydan vardı ya, yenə oradayıq. Çoxları üçün Meydan hərəkatı bir tarix, xatirə, anı ola bilər və belədir. Amma Sözün əsgərləri olan bizlər üçün Meydan heç zaman bitməyəcək.

***

“Öncə Söz vardı...” 231 ay bundan öncə də var olan o Sözün sayəsində bir qəzet yarandı. Hansı ki, bu gün siz həmin qəzetin 4000-ci sayını əlinizdə tutmusunuz. Siz əslində bu qəzeti almaq və oxumaqla bizim əlimizdən tutursunuz. Millətin əl tutduğunu isə qılınc da kəsə bilməz. Necə ki, kəsmədi və buralara qədər gəldik.
4000 dəfə sağ ol, millət.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости