Свобода людям, независимость нациям!

Böyük qəbahətlər – erməniyə qahmar çıxmaq, dövlət xadimini qaralamaq...

4235 27.04.2023 10:58 Колумнисты A A

Bu cür münaqişəli situasiyalarda bitərəf qalmaq mümkündür. Çırmanıb ortaya atılaraq ittihamçı olmaq asandır. Yaramaz mövqedə olanı müdafiə etmək isə çox çətindir.

Vurhavur kampaniyasına qoşulmaq, ümumxalq hiddəti aksiyasında iştirak etmək an məsələsidir. Qat-qat çətin olan isə obyektivliyi qorumaq, “pisə pis, yaxşıya yaxşı” demək, bu zaman ədaləti əldən verməmək, “qızıl orta”nı tapmaqdır.

Kanadada yaşayan azərbaycanlı bloqer İlkin Qəmbərin qarışdırdığı ortalıqda ən obyektiv mülahizə “ata oğula, oğul ataya, qardaş qardaşa cavabdeh deyil” fikri olmalıdır. Xüsusilə də bir-birinə zorla “cavabdeh” durumuna qoyulan şəxslər ölkə prezidenti seçilmək yaşını geridə qoyubsa, çoxdan yetkin adamdırsa, onun hərəkətlərinə görə başqalarından izahat, hesabat, hətta radikal hərəkətlər tələb etmək absurddur. Bu barədə bir az sonra.

İlkin Qəmbərin çəkdiyi film və paylaşdığı mesaj elə bir qəbahətdir ki, buna bəraət qazandırmaq, müdafiəsinə qalxmaq mümkün deyil, sonuna qədər qınanılmağı haqq edir. Çünki film də, mesaj da obyektiv reallığı əks etdirmir, əksinə, həqiqətin təhrifindən ibarətdir.

Qədim və uydurma erməni tarixini, “böyük Tiqranın böyük dövləti” sərsəmləməsini, tarixçilər arasında şiddətli mübahisələrə səbəb olan erməni iddialarını bir kənara qoyaq, bu məsələni daha dəqiq şəkildə tarixçilər bilir. Onlar az qala bir əsrdir ki, heç bir tutarlı tarixi sənədlərə, məxəzlərə əsaslanmayan erməni iddialarına düzəlişlər verməklə məşğuldurlar.

Ancaq 108 il öncə Türkiyədə baş verən hadisələrə dair minlərlə arxiv sənədi mövcuddur.

Obyektiv reallığın qısa rezümesi budur: I dünya müharibəsi baş verib. Osmanlı imperiyası da müharibəyə cəlb edilib. Qüdrətli Avropa dövlətləri zəifləmiş Osmanlı dövlətini parçalamaq istəyiblər. Bu məqsədlə onlar xaricdən müdaxilə etməklə yanaşı, onu içəridən də sarsıtmaq istəyiblər. Ermənilər bu avantüraya həvəslə qoşulub, bulanıq suda balıq tutmaq istəyiblər. Osmanlı sultanı mülki erməni əhalisinin hərbi əməliyyatlar bölgəsindən ixrac edilməsinə dair fərman verib. Ermənilərin silahlı birləşmələri buna müqavimət göstəriblər. Dünya müharibəsinin içində lokal vətəndaş müharibəsi başlayıb. Türk, kürd, erməni və başqa etnik qruplar arasında toqquşmalar baş verib, aşağı-yuxarı hər millət bu savaşda itki verib.

Ayrıca məşəqqətli sürgün prosesində təbii itkilər olub. Ancaq bu, heç də dövlətin hansısa etnik qrupa qarşı yeritdiyi məqsədyönlü soy qırmaq, nəsil tükətmək məqsədi daşımayıb. Əslində paytaxtını, ərazilərini, hətta sarayını belə müdafiə etmək iqtidarında olmayan Osmanlı sultanının elə bir miqyaslı siyasət yeritmək imkanı da olmayıb. Hər şey xaotik, spontan şəkildə, hərc-mərclik mühitində baş verib. Necə deyərlər, çoxdan çox qırılıb, azdan az. Çoxluqdan qırılanlar gözə görünməsə də, azlıqdan qırılanlar gözə görünüb.

Üstəlik, müasir Türkiyənin cənub-şərq əyalətlərinə - Maraş, Antep, Urfa, Hatay bölgələrinə köçürülən ermənilər orada da dinc durmayıblar, fransız hərbçiləri ilə birləşərək oyuncaq dövlətlər yaradıblar. Nəhayət, Türkiyə silkinib özünə gələndə həmin qondarma dövlətləri ləğv etməyə çalışıb, yenə toqquşmalar baş verib. Kürd-türk hərbi birləşmələrinin təzyiqinə dözməyən erməni-fransız birləşmələri Suriyaya, Livana qaçmalı olublar.

Bu məğlubiyyəti sonradan (və hələ də) həzm edə bilməyən ermənilər və fransızların “genosid” uydurmasının qısa icmalı belədir. Dövləti, hakimiyyət orqanları olmaya-olmaya dünya müharibəsinə qanunsuz şəkildə, partizan hərəkatı kimi qatılan millətin itkiyə məruz qalması təbiidir. 1-ci dünya müharibəsində ermənilərdən də qat-qat artıq itki verən xalqlar olub, ancaq heç biri soyqırıma məruz qalmasından bəhs etmir. Ona görə ki, bilirlər: qəddarlıq, amansızlıq, kütləvi psixoz, çoxsaylı qurbanlar müharibənin fitrətində var. Başqa cür müharibə olmur. Adi beynəlxalq idman yarışlarında ərşə-gürşə qalxan isteriyadan çıxış edərək, müharibənin hansı dəliliklərlə müşayiət olunduğunu təxmin etmək olar.

1915-ci ildə 1,5 milyon erməninin qırılması barədə deyilənlər, yazılanlar isə cəfəngiyyatdır və azı 5-10 dəfə şişirdilmiş rəqəmlərdir.

İlkin Qəmbər bunları bilməliydi. Erməni arxivləri mötəbər mənbə deyil, başdan-başa saxtakarlıqlarla doludur. Onlara istinad edərək hər hansı bir mülahizə-iddia irəli sürənlər həmişə naqolay durumda qalırlar.

İndi gələk bu hadisədən istifadə edərək milli-azadlıq hərəkatının önəmli simalarından biri olmuş, 1 il parlament sədri, 1 ay ölkə prezidenti vəzifəsinin səlahiyyətlərini icra etmiş İsa Qəmbəri qaralamaq istəyənlərin hərəkətinə.

İlkin Qəmbər qıraqda qalıb, əski və indiki opponentlər İsa Qəmbərlə haqq-hesab çəkirlər, qarşısında tələb qoyurlar ki, xalqdan üzr istəsin, övladından imtina etməsi barədə bəyanat versin, üzvü olduğu partiyadan çıxsın, siyasətdən getsin, hətta intihar etsin.

Bu, fürsətcillikdir, ələ düşən fürsətdən maksimum yararlanmaq cəhdidir.


Sevincək şəkildə “bununla da İsa Qəmbər özünü bitirdi” deyənlər var. Sanki İsa Qəmbər mövcud şəraitdə hakimiyyətə gələcəkmiş, bu hadisə onun qarşısını aldı.

İkincisi, ölkədə hər gün böyük cinayətlər, qətl hadisələri baş verir, hansı halda cinayətə yol verən şəxsi kənara qoyur, onun valideynini məsuliyyətə cəlb edirlər, yaxud adama hər addımbaşı “sənin oğlun elədir, belədir” deyə töhmət-təhniz hədəfi edirlər? Heç kimi. Bu xüsuda övladdan imtina etmək tələbi Stalin dövründən qalma mənfur bir tələbdir və mat qalmalı işdir ki, onu hələ də yaşatmaq istəyirlər.

“Aydın oldu ki, atalarının gizli şəkildə etdiyini balaları açıq şəkildə edir” deyə rəy bildirənlər var və eyham da etmirlər, birbaşa iddia edirlər ki, İsa Qəmbər bu 35 ildə “erməni dəyirmanına su töküb”. Yəni siyasi qərəz insanın gözünü nə dərəcədə tutmalıdır ki, bu cür iddia ilə çıxış etsin.

Bir politoloq yekə bir məqalə yazıb və axırında İsa Qəmbərə belə bir müraciət edib: “Dəvət edirəm, gəlin üz-üzə debat edək. Gəlin sizə tarixi və torpaqlarımızı göstərim. Ermənilərin kim və hardan gəldiklərini sübut edim”.

Sanki İsa Qəmbər tarixi və torpaqlarımızın sərhədini, ermənilərin kim olduqlarını və haradan gəldiklərini bilmir, bununla debatda əksini söyləyəcək, politoloq da xırdalayacaq, onu haqsız durumda qoyacaq.

İsa Qəmbər bu şeyləri biləndə, bilə-bilə yazanda SSRİ-nin ən sərt vaxtıydı, o zaman döş ciblərində partbilet daşıyan, “Azərbaycan müstəqil ola bilməz”, “Rusiyadan qopmaq axmaqlıqdır”, “Moskvaya dirənmək xalqa xəyanətdir” deyən, milli olan hər şeyə lağ və həqarət edənlərin hazırkı patriot balaları aşırma şalvar geyirdi, rus sektorunda təhsil alırdı. İndi milli dövlətçiliyin keşikçiləri korpusu yaradıblar, baş yarırlar.

Bəs böyük və əziz oğlunun bu hərəkətinə görə İsa Qəmbər mənəvi, hətta siyasi məsuliyyət daşıyırmı? Əlbəttə, daşıyır. Ancaq bu məsuliyyəti onun çiyninə qərəzli və aqressiv adamlar yükləyəndə söhbət iyrənc şəkil alır.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости