Свобода людям, независимость нациям!

Blinkenin Paşinyana kritik zəngi və ya kilsələrini ayıranların ölmüş Minsk Qrupunda birləşmək cəhdi

2072 15.03.2022 16:00 Колумнисты A A

Azərbaycan İranla dəhliz memarandumu imzalayan kimi, uzaq-yaxın çevrəmizdə hərəkətlilik başladı. Bu mənada ABŞ dövlət katibi Entoni Blinkenin İrəvana zəngi xüsusilə diqqət çəkir.

Məntiqlə amerikalı diplomat neçə gün ərzində Nikol Paşinyana zəng edərək, “Azərbaycan sizə 5 bəndlik sülh razılaşması təqdim edib, nə fikirləşirsiniz”, soruşmalıydı, amma ötən günlər ərzində bu, olmadı. Yəni Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına çalışdığını elan edən ölkənin rəhbərliyinin diqqətini çəkmədi nədənsə rəsmi Bakının konstruktiv yanaşması.

Nə var o təkliflərdə? Artıq açıqlanıb, bir daha Azərbaycan XİN-in açıqladığı həmin baza prinsiplərini xatırladaq:

-Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

-Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

-Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

-Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

-Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

8f4d4b7ffa780360c4236fd132b0fbb6.jpg (79 KB)

Azərbaycan dövləti bu prinsipləri irəli sürərkən beynəlxalq hüquqa istinad edib, aparıcı dövlətlər təşəkkür etməli və Ermənistana təzyiq göstərməlidir ki, nəhayət, məsələlər bitsin. Amma nəyi müşahidə edirik: “sülhə hazır olduğunu” iddia edən Ermənistan Bakıya cavabında bildirdi ki, məsələlərə ATƏT-in Minsk Qrupu çərçivəsində baxılmalıdır. Yenə də köhnə hava. İrəvandan Minsk Qrupu havası səslənən kimi, ABŞ dövlət katibi Entoni Blinken özünü yetirdi Paşinyana və erməniləri sevindirdi. Ermənistan mediası bu telefon danışığını manşetlərə daşıyıblar. “Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsinin vacibliyini qeyd edərək, Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinin zəruriliyini vurğuladılar”. İddia olunub ki, yalnız Minsk Qrupu Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına töhfə verə bilər.

Biz bu “töhfə”ni 28 il görmüşük. Həmsədrlərin turist səfərlərinin sayı-hesabı olmadı, “zoğallı, “tutovka”lı məclislərin dadı damaqlarında qaldı, həsrətindədirlər. Amma anlamalıdırlar ki, Azərbaycan təkbaşına məsələnin əsas hissəsini həll edib, münaqişə cəhənnəmə göndərilib, Dağlıq Qarabağ arxivə, Minsk Qrupu da təqaüdə...Amma yenə də əl çəkmirlər.

Minsk Qrupu: vasitəçilik missiyası, yoxsa üç dövlətin maraq təminatçısı?  (TƏHLİL)

Blinken ötən ilin aprelində Azərbaycan prezidentilə telefon danışığında da “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli üçün danışıqlar aparmaq səylərini davam etdirməyin vacibliyini” bildirmişdi. Ondan sonra dəfələrlə ən yüksək səviyyədə bəyan olunub ki, artıq bu qrup yoxdur, ölüb, “emer!” Amma yenə də əl götürmürlər.

Özü də Ermənistandan Minsk Qrupu ilə bağlı çağırış gələn kimi, okeanın o tayından da ermənilərin səsinə səs verdilər.

Sözsüz ki, təkcə həmsədr məsələsi deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Araz çayı üzərindən keçməklə və ən əsası, Ermənistandan yan keçməklə üzü Naxçıvana və Türkiyəyə dəhliz açılmasını nəzərdə tutan tarixi sənədi imzaladıqdan sonra başı Rusiya-Ukrayna savaşına qarışan ABŞ hərəkətə keçdi. Bilirik ki, Rusiyadan fərqli olaraq, Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlı deyildi və Ermənistanın qeyri-konstruktiv davranışlarında onların payı az deyildi. Amma görünür onlar hesablamalarında yanılıblar, düşünürmüşlər ki, Bakı ilə Tehran arasında körpülərin qurulması mümkün olmaz. Lakin rəsmi Bakı sağı göstərib, sol vurdu və erməniləri noqdaunda saldı. İndi çıxılmazda qalıblar, ermənilər də, havadarları da. Odur ki, gərginliyi tətikləməklə Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Təsadüfi deyil ki, Qarabağdakı erməni separatçı-terrorçu qruplaşmalar ötən gün səsgücləndiricilər vasitəsilə Azərbaycan ordusuna xəbərdarlıq (!!!) ediblər, hərbi texnikalarını və silahlarını açıq nümayiş etdirməklə. Bu cürəti hardan alırlar? Təbii ki, daha çox Qərbdən. Rusiyanın başı öz müsibətinə qarışıb, üstəlik, Qarabağdakı kontingentinin bir hissəsini Ukrayna cəbhəsinə daşıyır. Ardıcıllığa diqqət edin: keçən həftə Avropa Parlamenti az qala yekdilliklə (!) Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Ardınca ABŞ Qarabağ separatçılarına “himanitar” adı altında 2 milyon ayıracağını açıqladı. Nəhayət, səhnəyə Blinken çıxdı.

1632206510_zengezur-1591891.jpg (26 KB)

Səbəb təkcə İran-Azərbaycan yaxınlaşmasıdırmı? Təbii ki, yox. Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin bərpası istiqamətində təşəbbüsü ələ alıb son vaxtlar. Antalyada Çavuşoğlu-Mirzoyan görüşü oldu, Türkiyə XİN rəhbəri İrəvana konkret təkliflərlə çağırış etdi. Gözlənilirdi ki, on illər boyunca Ankaranı Minsk Qrupunun həmsədrliyinə yaxın qoymayan çevrələr hərəkətə keçəcək. Və çox gözləyəsi olmadıq...

44 günlük Qarabağ müharibəsində Türkiyəni “muzdlular” gətirməkdə, Azərbaycana “qatil Bayraqdar”lar verməkdə, burda F-16-larını saxlamaqda ittiham edən, bu günlərdə isə Ukraynaya könüllülər göndərmələrini fəxarətlə bəyan edən, “Bayraqdar”ları xilaskar sayan Qərb ölkələri yenə də Türkiyənin Ermənistan probleminin çözülməsindəki liderliyini sinirə bilmirlər. Elə Ermənistandakı revanşistləri qızışdıran da həmin çevrələrdir.

Məntiqlə Blinken Paşinyandan hesab istəməliydi: elə onun İrəvana telefon açdığı gün Ermənistanda 200 nəfərin yığışaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiya səfirliyinə müraciət etməsinə görə. Bunu etmir. Heç Qarabağdakı erməni separatçıların əllərində Rusiya bayraqlarını tutub Moskvaya “tanınnmaq” üçün müraciət göndərməsinin cavabında da bir sanksiya qərarı yoxdur, əksinə, dediyimiz kimi, 2 milyon pay ayırır.

U_S_-Secretary-of-State-Antony-Blinken-1_7.jpg (77 KB)

Vəziyyət belədir. Dünən də beləydi. Rusiyaya qarşı 300 milyardlıq sanksiya qərarını verməklə, bu ölkəni öz qızıl ehtiyatlarından istifadə etməkdən də məhrum eləyən beynəlxalq birlik nədənsə rus şirkətlərinin on illər boyu Kəlbəcər qızılını talamasına göz yumdu. Çünki özləri də iştirakçıydılar. Bu gün xəbər gəldi ki, Amsterdamdakı rus pravoslav kilsəsi Moskva patriatxatlığı ilə münasibətlərinə xitam verib, Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq. Təsəvvür edin, kilsələr də yollarını ayırır. Amma ABŞ dövlət katibi yenə də Ermənistanla Azərbaycan arasında Minsk Qrupunun həmsdərlərinin vasitəçilik etməsini vacib sayır. Yəni ABŞ+Fransa+Rusiya! İki ölkə digəri ilə döyüşür, bütün müstəvilərdə, Putinin qanını içəməyə hazırdır Makronla Bayden. Amma Qarabağ, Ermənistan məsələsində bundan sonra da əməkdaşlıq etmək istəyirlər! Bu qədər ikiüzlülük olmaz! Adama deyən gərək, hələ siz gedin öz münasibətlərinizi normallaşdırmaq, düşmənçiliyi aradan qaldırmaq, həmsədrləri “diriltmək” üçün bir dənə də “Minsk Qrupu” yaradın, sonra gəlin bizə “əriştə kəsin”. Bu gün Azərbaycanla Ermənistanın münasibətlərindən də pisdir ABŞ və Fransanın Rusiyaya münasibəti. Onların təmsilçiləri hansı üzlə bir araya gəlib, Azərbaycanla Ermənistan arasında “sülh” yardacaqlar?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости