Свобода людям, независимость нациям!

Bizim eranın fironları

1815 29.04.2022 10:20 Колумнисты A A

Dünən internet resurslarında Şimali Koreyada və Türkmənistanda çəkilmiş videosüjetlər dolaşırdı. Hər ikisində videokadrlar dövlət başçılarının xalqla görüşünü və ictimaiyyətin rəhbərə sevgisini əks etdirirdi.

Kəsə, qısa desək, olduqca ikrahdoğurucu mənzərələr idi. İnanmaq çətindir, miladi təqvimi ilə 2022-ci ildə bir xalq necə belə günə düşə bilər?

Bu, heç keçən yüzilliklərə, orta əsrlərə, hətta 1000 il əvvələ xas görüntülər də deyil, belə şeylər özlərini cahil xalqa Allah tərəfindən göndərilmiş rəhbər kimi təqdim edən, bu sayədə kölələrinin çiynindəki taxtda gəzən fironların dövründə olub.

Amma işə bax ki, müasir hökmdarlar da öz xalqlarını əzə-əzə, sıxa-sıxa, boğa-boğa bu hala sala bilərmişlər. Özü də bir bunlar deyil, dünyanın bir çox yerində bu sayaq yarımallah fironlar var. Sadəcə, Şimali Koreya və Türkmənistan liderləri öz ekssentrik hərəkətləri ilə dilə-dişə, dünya mediasının maraq dairəsinə düşüblər.

Şimali Koreya uzaqdadır, dili, dini, mədəniyyəti, tarixi, coğrafi mövqeyi başqadır, burdan-bura, dili, dini, yaxın tarixi, mədəniyyəti, adət-ənənələri bizə çox yaxın olan qardaş türkmən xalqının bu halı qüssə doğurur.

66.JPG (37 KB)

Baxırsan, müasir və ciddi kostyum, ağ köynək geymiş, tünd rəngli qalstuk taxmış yaşlı-başlı kişilər, eyni ciddiyyətdə geyinmiş yetkin qadınlardır, övladları yerində olan yeni rəhbərləri Sərdar Berdımühəmmədovun az qala hər cümləsini yarım saat alqışlayırlar, ayağa qalxır, xüsusi göstəriş olmadan əl çalmağı dayandırmırlar. Həm də onlar bunu o qədər ürəkdən (könülsüz alqışladıqları kameraya düşsə, problem olar) edirlər ki, sanki gənc rəhbər qızıl xırdalayır.

İki yüz adamın eyni hərəkəti ideal sinxronluqda etməsi yalnız o halda mümkün ola bilər ki, uzun zaman xoreoqrafiya məşqləri etmiş olsunlar. Tərs kimi, Türkmənistan müstəqillik qazanandan bəri (əslində ondan əvvəl də) türkmən məmurlar bu cür məşqləri çox ediblər. Saparmurad Niyazov (Türkmənbaşı) da, onun siyasi xələfi Qurbanqulu Berdımühəmmədov da öz tabeçiliklərində olanlardan məhz belə itaət tələb edirdilər. Görünür, Qurbanqulunun həm siyasi, həm də bioloji xələfi Sərdar Berdımühəmmədov da başqa idarəçilik üsulu tanımır, sınaqdan çıxmış “firon dəst-xətti”nə üstünlük verir.

565.JPG (48 KB)

Rəhbər çıxış edərkən bir salon dolusu adamın eyni anda eyni cür iri (sovet dövrünün şəkil albomları boyda) bloknotu açması, universitetin 1-ci kurs tələbələri kimi imla yazması həm köləliyin zirvəsidir, həm də riyakarlığın. Bu, sovetdənqalma “ənənə”dir. O vaxt rəhbər şəxslər tribunada çıxış edərkən tabeçiliklərində olanlardan “qeydiyyatınız olsun” deyə tələb edərdilər ki, onun dedikləri yazılsın. Nəyə görəsə bu vacib şərt idi, rəhbərin zabitəsinin, tabe olan məmurun itaətinin simvolu idi.

Türkmənlər bu ənənəni birəbir yaşadırlar - həm də heç bir ehtiyac olmadan. Müasir səsyazma qurğularının bu qədər inkişaf etdiyi vaxtda əllə yazı yazmağa nə ehtiyac var? Onsuz da rəhbərin çıxışını stenoqrafistlər yazır, dövlət agentliyinin, rəsmi qəzetlərinin jurnalistləri qeydə alırlar, toplantıdan sonra bu mətnlər dövri mətbuatda çap olunur. İstənilən məmurun rəhbərin çıxışının tam mətnini əldə etməsi 15-20 dəqiqəlik işdir. Bunun yerinə hamının stenoqrafistlik etməsinin mənası nədir? Üstəlik, onlar riyakarlıq edirlər, əslində eləcə qurdalanırlar, çünki aramla danışmayan adamın dediklərini yazmaq olduqca çətindir.

İnsanların geyim-keciminə, binaların eksteryer və interyerinə aid görüntülərə baxanda hesab etmək olar ki, Şimali Koreya da, Türkmənistan da Lüksemburqla Fransanın arasında bir yerdədir, amma rəhbər-məmur, məmur-xalq münasibətlərinə diqqət edəndə görürsən ki, bu ölkələr sanki başqa planetdədir və orada bizim eradan əvvəlki vaxtlardır.

Bu, şəxsiyyətə pərəstişin üstüdür, şəxsiyyətə sitayiş levelidir, kütləvi psixoz durumudur. Bunun ardınca əvvəl-axır böyük məyusluq və itaətsizlik mərhələsi gələcək. Müasir fironlar elə bilirlər ki, hər şey rəvandır, sabitdir, xalq tam idarə olunur. Amma bu, görüntüdür. Bu durumdan narazı olan, köləliyə etiraz edən yüz minlərlə insan dişini sıxa-sıxa təkərin təpədən yellənəcəyi günü gözləyir. Bax, o zaman bu ölkələrdə elə bir hərc-mərclik qasırğası qopacaq ki, önündə heç kim, nə Kim, nə də Sərdar dayana bilməyəcək.

Biz nə qədər ürəkaçan gündə olmasaq da, belə ölkələrə baxır, günümüzə şükür edirik. Bu qəbiristanlıq sükutunu andıran, heç bir haqq-ədalət davasının, etirazın, qımıldanmanın olmadığı bu saxta sabitlikdə yaşasaydıq, necə olardıq? 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости