Свобода людям, независимость нациям!

Bizim aslan Arye Qut

2789 22.10.2022 10:00 Колумнисты A A

Dünən, oktyabrın 21-də Arye Qutun ölümündən düz 1 ay keçirdi və mən günü-günə sataraq ləngitdiyim, mənəvi borc yükü olaraq üstümdən ağır daş kimi asılmış bu xatirə yazısını nəhayət, yazmağı qərara aldım. Bu bir ayda o gözəl insanın haqqında nə qədər düşünmüşəm... Halbuki heç tanışlığımız da yox idi. Ortada yalnız bir-iki məktub qalıb. Bu haqda az sonra.

Arye Qut Bakıda doğulmuşdu, milliyyətcə yəhudi idi. Azərbaycanda universitet bitirmişdi, beynəlxalq münasibətlər üzrə mütəxəssis idi, BDU-da gənc müəllim olaraq çalışmışdı. 2000-ci ildə İsrailə köçmüşdü, lakin Azərbaycanı yaddan çıxartmamışdı. İsraildə televiziya, radio, qəzetlərdə daim bizim mövqeyimizi müdafiə edən çıxışlar yapırdı. Atası Əmir Qut ilə birgə Xocalı haqda bədii-sənədli roman da yazmışdı.

Biz uzun illər o qədər beynəlxalq təcrid vəziyyətində yaşamışıq ki, bəzən adam buna görə əsəbləşir. Qarabağ, torpaqlarımızın işğalı mövzusunda haqlı ola-ola haqsız kimi tənqid, iftira, təhqirlərə məruz qalmışıq. Arye Qut bacardığı qədər bizim bu haqlarımızı İsraildə, dünyanın başqa yerlərində çıxa bildiyi və bilmədiyi kürsülərdə daim çatdırmağa çalışardı.

Elə bizim qısa tanışlığımız da bu istiqamətdə olub. Poçtumda iki məktub var. Onlar Arye Qut keçən ay, sentyabrın 20-də xərçəng xəstəliyindən 47 yaşında öləndə qəfil yadıma düşdü. 2010-cu ildə, iyun ayında mənə yazmışdı. O məktubları indi Arye Qutun icazəsi olmadan dərc edirəm:

“Əziz Zamin bəy. Mənim adım Arye Qut, mən İsraildə Azərbaycan-İsrail, Türkiyə-İsrail münasibətləri üzrə doktorat yapan mütəxəssisəm. Mən Müsavat qəzetini obyektivliyinə görə və Sizin dəyərli məqalələrə görə çox sevirəm. Son hadisələrlə bağlı mənim də fikrimi bilmək istəyirsinizsə Sizinlə həm telefon, həm Skayp vasitəsilə söhbət edə bilərik. Hörmətlə dr. Arye Qut”.

İndi yadıma düşmür o vaxt nə olmuşdu, Arye Qut “son hadisələr” deyərkən nəyi nəzərdə tutub. Çünki ortada özümün laqeyd cavabım var. Gmail poçtu hər şeyi yadında saxlayır. Bir az soyuq cavab vermişdim: “Beynəlxalq münasibətlər mənim mövzum deyil” və sairə mızıldanmalar.

Etiraf edirəm, o zamanlar xaricdə istənilən şəxs bizi müdafiə edəndə ağına-bozuna baxmadan hamısına “Azərbaycan həqiqətlərini dünyada yaymaq” kontekstində ironiyayla yanaşardım. Ancaq Arye Qut üçün Azərbaycanda iqtidarın, müxalifətin fərqi yox idi ki. O bizim səsimizi yaymaq istəyirdi.

Onun ikinci məktubu: “İsrail-Türkiyə münasibətləriylə bağlı Müsavata intervü verməyə hazıram. Mən özüm vaxtilə Türkiyənin İsraildə səfiri olmuş Namiq Tanın siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışmışam. Ona görə İsrail-Türkiyə münasibətləri mənim üçün çox əzizdir və bu münasibətlərin bu dərəcəyə gəlməsi məni ürəkdən yandırır, ağrı hissi oyadır. Müsavat qəzeti maraqlansa mən sizinlə əməkdaşlığa hazıram”.

Yaddaşım məni aldatmırsa, o zaman İsraillə Türkiyə arasında Davos böhranı olmuşdu, Arye Qut məktubunda buna işarə vururdu. Bu məktuba da soyuq və qısa nəsə cavab yazmışam.

Əlbəttə, Arye Qut sonralar qəzetimizdə dəfələrlə ekspert kimi çıxışlar edib, canlı yayımlarda da olub. Mən sadəcə, bu yazıda öz laqeydliyimi yada salıram. Heç kəsə qarşı laqeyd olmaq yaramaz. Üstəlik, quyuya düşdüyün yerdə sənə uzanan əli görməzdən gəlmək heç olmaz.

Onun soyadı mənə həmişə maraqlı gəlirdi. Qut - bir türk sözü kimi səslənir. Qədim türklər həyat enerjisinə qut deyirdilər. Qarabağda uşaq olanda anamın bizə çörək, yemək verəndə dediyi “Ye, canında qut olsun” sözü yadımdadır. Yəhudicə “qut” nə məna verir, bilmirəm, ancaq “arye” qədim addır, Talmudda da keçirmiş, “aslan” mənasındaymış. Arye Qut Azərbaycan üçün bütün gücü-qüvvətiylə həmişə aslan kimi çarpışdı.

Biz sənin aslan gücünü heç vaxt unutmarıq, Arye Qut.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости