Свобода людям, независимость нациям!

Bizə sevgi ilə yanaşan sevimli diyarlar

2957 29.10.2022 11:02 Колумнисты A A

 

Bu, son 6-7 ildə Orta Asiyaya altıncı səfərimdir. Bundan öncə 4 dəfə Qazaxıstanda (Astana və Almatıda), 1 dəfə isə Özbəkistanda beynəlxalq tədbirlərdə iştirak etmişəm. Bu dəfə isə yolum qədim türk yurdu, Qazaxıstanın cənub şəhəri olan Türküstana düşüb.

Açığı, Orta Asiya səfərlərindnə əvvəl 5-6 dəfə də Avropa ölkələrinə (Ukrayna, İtaliya, Belçika, Hollandiya, İsveç) və ABŞ-a da yolum düşüb, amma onların heç biri Qazaxıstana və Özbəkistana səfərlərin yerini vermir.

Bunun elə bir sirri-filanı yoxdur. Biz Avropa insanı üçün yadıq, asiyalıyıq (onlar belə qəbul edir), dilimiz, dinimiz, mədəniyyətimiz, mətbəximiz, anlayışlarımız, hər şeyimiz fərqlidir. Ancaq Asiyada bizi özlərindən sayır, bəzi məqamlarda avropalı hesab edir və fərqinə varırlar ki, dilimiz, dimimiz eynidir, mətbəximiz aşağı-yuxarı oxşardır, mədəniyyətlərimiz bir-birinə yaxındır.

eedfb6c0-92c2-46fe-b00d-6af1c35126de.jpg (249 KB)

Biz Orta Asiyada heç bir çətinlik çəkmədən insanlarla ünsiyyət qura bilirik. Onların xeylisi rus dilini bilir, son vaxtlar Anadolu türkcəsində danışanlar çoxalıb, bir az asta danışanda bir-birimizin dilini də anlayırıq. Məsələn, Xarəzmdə heç bir yad dilə və tərcüməçiyə ehtiyac yoxdur, onlar öz dilində, biz öz dilimizdə danışanda hər kəs bir-birini anlayır.

Tədbirdə iştirak edən həmkarlarımla süfrə arxasında oturarkən bu barədə danışırıq. Məlum olur ki, leksikonumuzda minlərlə, bəlkə də on minlərlə eyni sözlər var. Məsələn, dünən süfrəyə həvəngdəstədə bir ağ, bizim quruta oxşayan nemət gətirdilər. Qazax həmkarlarım dedilər ki, bizimkilər bunu ayrandan düzəldirlər, adına da qurt deyirlər. Bir çimdik götürüb dadına baxdım və gördüm ki, bu, elə bizim qurutdur, sadəcə, qazaxların leksikonunda u hərfinin biri ixtisara düşüb.

26ffdee0-6ae6-4a98-9be9-70612c7a4b92.jpg (162 KB)

İndi təsəvvür edin, bir-birindən 3-4 min kilometr uzaqda yaşayan iki xalq ağartı məhsullarını (süd, qatıq, ayran, qaymaq, süzmə, qurut və s.) eyni cür adlandırırlarsa, bu, əlbəttə ki, tarixi kökün eyniliyindən xəbər verir.

Bir o sözlər deyil. Önündə oturduğumuz divardan kilim asılmışdı. Dedim, bizdə buna kilim deyirlər, qazax jurnalist dərhal da dedi ki, bizdə də kılım deyirlər. Yastığa “jastıq”, yola “jol” demələrini çoxdan bilirdim, amma bizim şadlıq sarayı dediyimiz tikiliyə qazaxların “Səltənət sarayı” demələri çox xoşuma gəldi. Məişətdə işlətdiyimiz şeylərin də çoxu eyni cür adlandırılır (su, duz, sandıq, tava, daraq və s.). Bir dəfə yol keçərkən böyük bir supermarket gördüm, adı “Dəstərxan” idi. İndiyədək elə bilirdim ki, uşaq vaxtı çox eşitdiyim, “süfrə” mənası verən bu söz dialekt kəlməsidir. Elə deyilmiş.

Ümumiyyətlə, Türküstanda türk mənşəli sözlər və obyekt adları çoxdur. Hara baxırsan, əvvəlində “Xan” sözü olan nələrsə var. "Turan" adlı alış-veriş mərkəzi, restoran, istehsalat müəssisəsi də var.

fda086bb-0cbf-4649-b777-0cafccd7de79.jpg (100 KB)

Bizim Bakıda olduğu kimi, Orta Asiyanın iri şəhərlərində də milliliyə, soy-kökünə yanaşma fərqli ola bilər, amma əyalətlərdə insanlar daha çox millidir. Sadəcə, indiyədək onların kökəncə türk olduqlarını dərk etmələrinə imkan verilməyib. Türküstanda isə belə bir problem olmayıb. Şəhərin adındakı “türk” kəlməsi və tarixində rol oynamış şəxslərin avtobioqrafiyası onlara köklərinin hara bağlı olduğunu yaddaşlarına yaxşı həkk edib.

Uzun sözün kəsəsi, qohum xalqların yaxınlaşması gözəl prosesdir. Söhbət heç də hansısa konfederativ dövlətdə və siyasi blokda birləşməkdən getmir, söhbət mədəni müstəvidə yaxınlaşmaqdan, qaynayıb-qarışmaqdan gedir. Bunun əsasında uzun illər bu xalqlar arasında yaranmış və süni şəkildə yaradılmış baryerləri dəf etmək durur. Əgər məsədyönlü siyasət aparılsa, gediş-gəlişlər intensivləşsə, ortaq türkcə lüğəti tərtib, tətbiq və təbliğ edilsə, xalqlar bir-birinə daha çox yaxınlaşarlar.

e16baa49-2f3c-41e3-aca5-853c925fb075.jpg (141 KB)

Bu xüsusda ən maraqlı detal Avropanın göbəyində yaşayan və qitənin 10 mədəni xalqının sırasında yer alan macarların özlərini türk mənşəli saymaları, “Turan” ideyasına sayğı göstərmələridir. Macarıstan dövləti israrlı müraciətlərdən sonra Beynəlxalq Türk Akademiyasının və Türk Dövlətləri Birliyinin üzvlüyünə qəbul edilib, indi də təmsilçiləri bütün tədbirlərdə həvəslə iştirak edirlər.

Sözümün canı odur ki, biz harada doğma qəbul ediliriksə, bizi harada yaxşı anlayır və sevirlərsə, ora can atmalıyıq. Belə olsa, nə heç kəs bizə irqi, milli zəmində yuxarıdan aşağı baxmaz, nə öz mədəni dəyərlərini, anlayışlarını bizə zorla tətbiq etməzlər, nə də yad sayıb haqqımızı yeməzlər.

P.S. Qazaxların quruta sevgi ilə yanaşmaları barədə danışan bir yerli adam deyir ki, ötən əsrin 30-cu illərində kütləvi aclıq olanda bir xeyli insanı ölümdən məhz qurut qurtarıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости