Свобода людям, независимость нациям!

Biz olmayan yerlər

1538 05.04.2023 10:40 Колумнисты A A

“Geridə nə qoymusansa, irəlidə onu taparsan”

(Fin ata sözü)

İran və Azərbaycan hökumətləri arasında Kütləvi İnformasiya Vasitələri haqda nota mübadiləsi bölgəmizdə söz azadlığının vəziyyətinin necə acınacaqlı olmasının, necə deyərlər, bariz nümunəsidir. (Keçən dəfə “örnək” yazmışdım, bir alim yoldaş bunu mənə irad tutdu, deyir “örnək” erməni sözüdür, bizim dildə “nümunə” olmalıdır. Əlim üzümdə qaldı. Deyəsən sözlərimiz də dolma və Sarı gəlinin ardıyca əldən gedir). Jurnalistika ölüb, fatihəsini vermək üçün molla lazımdır, molla da İrandan gəlir.

Öncə İran bizim hökumətə yazdı ki, sizin qəzetlər İranı təhqir edir, bunu dayandırın. Sanki bizdə söz azadlığının olduğunu, jurnalistlərin hökumətin göstərişiylə oturub-durmadığını başa düşmürlər. Sonra bizim hökumət də İran səfirini çağırıb abrını ətəyinə bükdü, dedi İran qəzetləri ölkəmizi təhdid eləyir, təcili buna əncam çəkin. Bah. İranda söz azadlığının olmasını bilmirsiniz? Orda qəzetlər istədiyi fikri qələmə alır. And olsun SEPAH-ın zindanlarında axan göz yaşlarına ki, böylədir.

İndi siz oxşar vəziyyəti, məsələn, Finlandiyada təsəvvür eləyərsinizmi? Tutaq ki, Helsinkidə çıxan “Helsingin Sanomat” qəzeti (gündəlik qəzetdir, hər gün 100 səhifəyə yaxın və 300 min tirajla çıxır - Finlandiyanın əhalisi 5 milyon yarımdır; indi özünüz hansı ölkə ilə istəsəniz müqayisə eləyin) götürüb qonşu İsveç haqda hansısa tənqidi məqalə yazır. İsveçdə çıxan “Aftonbladet” qəzeti isə buna kəskin cavab verir. Bundan sonra İsveç və Finlandiya səfirləri çağırıb danlayır. Ağıla gəlməz.

Finlandiya yazdım, yaxşı yadıma düşdü, bugünlərdə - aprelin 2-də orada parlament seçkiləri keçirildi. Hazırkı baş nazir Sanna Marin-in partiyası yalnız 3-cü yeri tuta bildi. Cəmi 19,9 faiz səslə. Birinci yeri tutan partiya isə 70 faiz səs toplamış... Əşşi, zarafat edirəm, orda hansısa partiyanın seçkilərdə hətta 50 faiz səs toplamağı toy-bayram sayılardı. Sivil dünyada çoxdandır hökumətləri koalisiyalar işlədir. Cəmiyətin bütün təbəqələri hakimiyyətdə təmsil olunanda ölkə yaxşı yaşayır, bunu biləsiniz. Demokratiya elə bu kimi şeylərdir, ucuz demaqoqiyalar deyil.

İndi Finlandiya parlament seçkilərində 1-ci yeri tutan Konservatorlar Partiyası 20,8 faiz səs toplayıb. İkinci yerdəki partiya isə 20,2 faiz. Rəqəmlərə bir daha baxın: 20,8 faiz, 20,2 faiz və 19,9 faiz. Finlandiyanın bütün parametrlər üzrə, əsas da insan haqlarının yüksək səviyyəsi üzrə dünya liderlərindən biri olmasının sirri bu cür seçki faizlərindədir. 2018-ci ildən bəri, düz 4 ildir Finlandiya BMT-nin “Dünya xoşbəxtlik indeksi” hesabatında 1-ci yeri tutur. Finlandiya, yeri gəlmişkən, cins bərabərliyi, kişi-qadın bərabərliyi üzrə də dünya lideridir. Bunu özəlliklə ona görə yazıram ki, bir saat qabaq xəbər oxumuşam: “Sumqayıtda taksiyə mindiyi üçün arvadının gözünü çıxardı”.

Vaxtilə SSRİ kimi nəhəngin ağzını finlər bu kimi demokratik güclərinə görə cırmışdılar. İndi NATO üzvü oldular, ta qabaqlarına duran olmaz. 

Müqayisə üçün bizim son, 2020-ci il parlament seçkilərinin nəticələrini yazıram. Birinci yeri tutan hakim partiya YAP 72 mandat alıb, bu, səslərin təxminən 54 faizidir. İkinci yerdə bitərəflər (guya) idi, təxminən 25 faizlə. Üçüncü yeri tutan partiya isə... 5 faiz səs toplamışdı, adını yazmıram, birdən onu da ləğv eləyərlər, yaxud özünü buraxar. Hazırda belə trend yaşanır, bütün partiyalar yavaş-yavaş aradan çıxır. Axırda güman edirik yalnız bir partiya qalacaq.

Məncə bu daha səmimi, daha açıq oyundur.  

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости