Свобода людям, независимость нациям!

Bir zamanlar aramıza girənlər – Qafqazda sülh böyük dövlətləri qane etmir

3469 03.01.2023 13:45 Колумнисты A A

Qafqaz təkcə 4 coğrafi cəhətin (şimal, cənub, şəqr və qərb) qovşaq yeri deyil, eyni zamanda 4 siyasi cəhətin (Qərb, Şərq, Şimal və Cənub) də qovşaq meydanıdır. Burada təkcə cənub və şimal yelləri əsmir, vaxtaşırı gah Şimaldan, gah da Cənubdan əsən küləklər regionun siyasi ab-havasını dəyişdirir.

Cərəyanların toqquşduğu məkanlarda isə burulğanların, qasırğaların olması labüddür. Qafqazın havası ona görə düzəlmir, o gün gəlmir ki, qara buludlar çəkilsin, davalar qurtarsın.

Budur, 3 Qafqaz dövləti (Azərbaycan, Gürcüstan və Ermənistan) 31 ildir müstəqildirlər, BMT-nin üzvüdürlər, öz sərhədləri, xarici siyasətləri var, pis-yaxşı, özləri özlərini idarə edirlər. Amma hər üç dövlətin vətəndaşları hər gün milyon dəfə başqa, böyük dövlətlərin adlarını təkrarlamalı olurlar: Rusiya, İran, ABŞ, Fransa...

İstənilən gün bu böyük dövlətlərin paytaxtlarındakı ali saraylardan 3 Qafqaz dövlətinin paytaxtlarındakı baş binalara tövsiyə, dəvət, təzyiq zəngləri gələ bilər.

Gerçəklik budur ki, bu üç dövlətin kiçik Qafqaz regionunda necə yaşamasını, hansı qərarlar qəbul etməsini böyük dövlətlər müəyyən etməyə çalışırlar. Sanki buralar onların poliqonudur, cıdır, güləş meydanıdır.

Hər üç dövlət bu arealda yalnız o zaman dinc, yanaşı yaşayıblar ki, eyni paytaxta tabe olublar, vahid mərkəzdən idarə ediliblər. Hələ onda da güllük-gülüstanlı olmayıb, ermənilər hər iki qonşusuna qarşı altdan-altdan intirqa aparıb, onlardan nəsə qoparmağa çalışıb. Azərbaycan və Gürcüstanın iqtisadiyatının mənfəəti dotasiya şəklində Ermənistana axıdılıb.

İndi bu dövlətlər Rusiyadan qopub müstəqil olublar, amma Rusiya regiondan getməyib: Azərbaycanda (Qarabağ), Ermənistanda və Gürcüstanda (Abxaziya və Cənubi Osetiya) qalmaqdadır. Üstəlik, ABŞ və Fransanın əl-ayağı Qafqaza uzanıb, İran da regiona soxulmaq istəyir.

Bir sözlə, regionda yadelli sıxlığıdır. Burada söz yiyəsi olmaq istəyən dövlətlərin hərəsinin öz marağı, mənafeyi var və bu maraqlar çox zaman toqquşur.

Hələ regionda marağı və rolu olan böyük dövlətlərin sırasında Türkiyənin də adını çəkmək olar. Fəqət qardaş ölkə Qafqazda destruktiv, qızışdırıcı rol oynamır, balanslaşdırıcı mövqe tutur, sülhə çalışır. Bu dövlətin əsas xətti odur ki, Azərbaycan təklənməsin. İndiyə qədər biz məhz ABŞ, Rusiya və Fransanın sinxron yeritdiyi gizli (bəzən isə açıq) ermənipərəst siyasətdən əziyyət çəkirdik. Türkiyənin Qafqaz siyasətinin qətiyyətli səciyyə almasıyla mövqeyimiz və dilimiz gücümüzə mütənasib oldu.

Belə bir durumda Qafqazda qalıcı sülhdən danışmaq əbəsdir. Böyük dövlətlər buna imkan vermək fikrində deyillər. 2 il 3 ay öncə Rusiyanın nisbətən neytral mövqe tutmasıyla Azərbaycanın Qarabağ civarında 28-30 il öncə itirdiyi əraziləri geri qaytarması, üstün mövqeyə gəlməsi o biri böyük dövlətləri ciddi şəkildə narahat edib. Dünənə qədər “Qarabağ münaqişəsinin hərbi yolla həll mümkün deyil” deyə ildə 12 bəyanat verən siyasətçilər və diplomatlar artıq sülhdən, münaqişənin dinc yolla tənzimlənməsindən, “mərhələli həll”dən danışmırlar. Halbuki son 34 ildə münaqişə tərəfləri sülhə bu qədər yaxın olmayıblar. Tərəflər hərəkətin çıxış nöqtəsindədirlər.

Rusiya da ermənilərin könlünü almaq üçün tərəfgir fəaliyyətə başlayıb, özünü ermənilərin yeganə xilaskarı kimi göstərməyə çalışır. Ancaq Kreml bunu elə etmək istəyir ki, sevmədiyi Paşinyan daha da güclənməsin, əksinə, o devrilsin, yerinə ABŞ və Fransaya dirsək göstərən hər hansı bir başqa erməni gəlsin və o, birmənalı Moskvapərəst siyasət yeritsin.

Ermənistan ermənilərinin üzü isə artıq Qərbə sarıdır. Azərbaycan ermənilərindən fərqli olaraq, onlar Rusiyadan nicat gözləmir. Rusiya İrəvanda etibarını itirib, həm də bu, 44 günlük müharibədən əvvəl baş verib. Paşinyanın komandası ona görə hakimiyyətdə qala bilir ki, tərəfdarları çoxdur və onlar Rusiyanın bu ölkədəki mövcudluğundan, daima təzyiq göstərən böyük qardaş rolunda olmasından narazıdırlar. Bir də ABŞ və Fransa ermənilərə nə vəd veribsə, onlar bu cazibəyə qapılıblar və üzləri Şimaldan çönüb.

Beləcə, indiki durumda Qafqazdakı əsas münaqişənin adı “Qarabağ münaqişəsi” olsa da, əslində böyük dövlətlərin apardığı “Qafqaz münaqişəsi”dir. Bir ölkə Qafqazdan çıxmaq istəmir, iki, hətta üç ölkə Qafqaza çökmək istəyir.

Bəlkə də Azərbaycan və Ermənistan 2020-ci ildən sonra danışıqlar yolu ilə öz problemlərini həll edə bilərdilər, fəqət bölgədən qovulmuş vasitəçilər (ATƏT-in Minsk qrupunun həmsədrləri) hər vasitə ilə münaqişənin həllinə əngəl törədirlər. Bir vaxtlar aramıza girən, sinəmizdən itələyib “dalaşmayın” deyənlər indi kürəyimizdən itələyərək ermənilərlə bizi yenidən dalaşdırmağa cəhd edirlər.

Onlar ümidlidirlər ki, yeni müharibədə öz “şir”ləri - Ermənistan üstünlük qazanacaq. Yalnız o təqdirdə onlar “daha bəsdir, sülh danışıqlarına başlamaq lazımdır” deyəcəklər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости