Свобода людям, независимость нациям!

Bir müsyö və bir madam, rəqib oldular müdam - yenə yarışırlar

1565 24.04.2022 10:40 Колумнисты A A

 

Bu gün Fransada prezident seçkisi keçirilir. Heç kəs deməsin ki, bunun bizə nə dəxli var. Elə deyil. Bu saat ordakı seçkinin nəticəsinin fransızlara dəxli 100 faizdirsə, ermənilərə və bizə dəxli azı 50 faizdir.

Hesab edin ki, ermənilər özlərinə yeni hami, super-prezident seçirlər. Artıq 2 ildən çoxdur ki, ermənilər üçün Rusiya və ABŞ artıq arxa plandadır. Ermənistanın dünyadakı ən böyük arxa-dayağı məhz Fransadır.

İndi fransızlar və ermənilər özlərinə yeni prezident seçirlər və istər-istəməz, bizə də maraqlıdır ki, qonşu və hələlik düşmən dövlətin baş prezidenti kim olacaq – Emmanuel Makronmu, Marin Le Penmi?

Əslində onların ikisi də ermənifildir. Müsyö Makron öz ermənsevərliyini dəfələrlə sübut edib. O, 44 günlük müharibədə ermənilərlə yatıb-durdu, həyacanlandı, üzüldü, büzüldü, sarsıldı, qarsıldı, kövrəldi, hövlləndi, hiddətləndi. Bir sözlə, insanın emosiaonal durumunu ifadə edən elə bir fel qalmadı ki, Makron 2020-ci ilin payızında onu yaşamasın.

Madam Le Pen (əsl adı - Marion Ann Perrin Le Pendir, biz fransızlar kimi ağzımızı büzmələyib Lö Pen də deyə bilərik) də ermənifildir. Amma o, daha çox fransızfil olduğundan ermənilərə sevgisi bir qədər kölgədə qalır.

Onun pyöresi (atası) Jan-Mari Le Pen də siyasətçi olub. Millətçilik və irqçilik qızına atasından keçib. O deyirlər ha, “ot kökü üstə bitər”, madam Marinin və atası Jan-Marinin timsalında bu məsəl tam doğrulub. Onlar hətta başqa bir zərbül-məsəlin də haqqını veriblər. Bu da “buynuzun qulağı keçməsi” idiomatikasıdır. Xanım Le Pen atasından daha millətçidir və onun irqçiliyini görəndə Fransada yaşayan qeyri-fransızlar deyirlər: “Allah müsyö Le Penə rəhmət eləsin, qızı daha betərdir”.

Hərçənd müsyö hələ ölməyib, 94 yaşı var, keçən il 88 yaşlı xanımıyla təzədən kəbin kəsdirib, indi də oturub 53 yaşlı qızının siyasi uğurlarına baxır, qürur duyur.

Madam Le Penin uğurları isə danılmazdır. Gerçəkdən. O, 2012-ci ildə keçirilən seçkilərdə üçüncü yeri tutub, 2017-də seçki ikincisi olub, bu il də ikinci ən çox səs qazanan namizəd olaraq, seçkinin ikinci turuna keçib və Makronla yarışır. (Onu da deyək ki, bu, onların ikinci yarışmasıdır).

Ta nə olsun? Bu qadın o boyda Fransanın ən böyük seçici kütləsinə malik ikinci siyasətçisidir. Bu gün hətta birinci də ola bilər.

Ancaq müşahidəçilər deyirlər, fransızlar o qədər də ağılsız deyillər ki, ölkəyə, Afrikaya, eləcə də bütün Avropaya problem yaradacaq şəxsə kütləvi şəkildə səs verələr və prezident seçələr. 12 il əvvəl onun Fransadakı mühacir müsəlmanları nəzərdə tutaraq, miqrasiya sahəsində vəziyyətin 1940-cı ildə almanların ölkəni işğal etməsi ilə eyniləşdirdiyi unudulmayıb.

Ona görə də belə düşüncə var ki, qeyri-fransızlarla yanaşı, ölkədə sülh və əmin-amanlıq istəyən tolerant, demokrat, rasional fransızlar Le Penə səs verməzlər.

Hərçənd nə bilmək olar? Son illər avropalıların da başı çönüb, millətçi partiyalara daha çox səs verirlər, “bu gəlmələr öz adət-ənənələri ilə bizim rahat yaşayışımıza mane olur” deyənləri haqlı sayırlar. Yəqin bu üzdəndir ki, müxalifətçi Le Penlə prezident Makronun topladıqları sələrin faiz nisbəti yaxındır, Makron 27 faiz səs yığıb, Le Pen – 24 faiz.

Bir də ümid onadır ki, Ukraynada dəhşətli müharibə aparan Putinə rəğbət bəsləməsi, onu haqlı sayması Le Penin xeyrinə işləməyəcək. Çünki fransız xalqı ürəyiyumşaq camaat olduğu üçün Ukraynanın halına yanır və Rusiyaya qarşı çıxır.

Görün, iş nə yerdədir ki, biz Makronun qatı ermənipərəst olduğunu bilə-bilə yenə onun ikinci müddətə prezident seçilməsini istəyirik. Çünki başqa variant yoxdur. Bilirik ki, Le Pen Makronun dədəsi Jan Mişelə rəhmət oxudacaq madamdır.

P.S. Yəqin ki, bu yazı Fransada keçirilən seçkilərin nəticələrinə təsir etməz və qanun pozuntusu sayılmaz.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости