Свобода людям, независимость нациям!

Bir Facebook dostum yazır ki...

2967 11.08.2013 22:54 Колумнисты A A
Facebook-dakı dostlarımdan biri yazır ki, filankəs öz statusunda barəndə ağzına gələni yazır, ona cavab ver. Baxdım, gerçəkdən məni, 24 illik tarixi olan “Yeni Müsavat”ı söyüşlərlə, təhqirlərlə, nifrinlərlə yad edir. Cəbhəçidir – hazırda AXCP-nin sərhəd xətti “Yeni Müsavat”dan keçir; son uğursuzluqlarını, siyasi prosesləri və müxalifəti çıxılmaza soxmaqlarını ötr-basdır etməyin yolunu bulub funksionerlər. Günahkarı tapıblar və ən təpədən gələn komanda ilə “Yeni Müsavat” hədəfə götürülüb. Necə gəldi döşəyirlər; qəzetlərində təhqiramiz yazılar dərc edirlər, heysiyatımızla  oynayırlar, hətta ailə üzvlərimizi dillərinə dolayırlar. Susuruq; lakin son həddə çatanda, arada bir cavab veririk ki, bizim də əlimiz armud toplamır...
Bu zaman başlayırlar ki, “Yeni Müsavat” hakimiyyətin tapşırığı ilə bizə hücum edir. (Yalan! Hakimiyyətdən tapşırıq alanın da, bunu qəsdən, qərəzdən deyənin-dedirdənin də əzizlərinə, bütün nəsli-nəcabətinə, hər iki dünyasına lənət olsun! ) Digər yandan, hakimiyyət sənə niyə hücum eləsin ki? Müxalifətin, millətin şansını gül kimi batırdın, İlham Əliyevin yollarını açdın,ona dirəniş göstərə biləcək Müsavatın və onun liderinin şanslarını mümkün qədər zədələdin, müxalifət düşərgəsində sayənizdə bir qımıldama, bir aksiya, mitinq, hətta piket də yoxdur. Belə bir seytnot vəziyyəti yaradana, düşərgəni iflic edənə, müxalifəti içdən parçalayana iqtidar niyə hücum etməlidir ki? 
**** 
Bundan sonra həmin mühüm prosesdən narahat olan dostuma bunları yazdım. Elə bu an bilgisayarın arxasında oturub Allahını  - insaf və mürvətini danan, barəmizdə olar-olmazı yazan hər kəsə cavabdı: "Salam bəy. Mən ona niyə və necə baş qoşum? Qoy nə yazırsa, yazsın. Bizi söyənlərə də, sevənlərə də minnətdarlıq borcumuz var. Sayəmizdə savabı da, günahı da özləri bulur. Bu adam da günah edir, şeytan boynuna minib, çapır. Mən mələk deyiləm ki, onu şeytanın əlindən alam." 
****
İndi biriləri özünə odun tədarük edir, biz onlara necə "dur" deyək? Duracaqlarmı? Firqəçilik, qərəz birilərinin gözünü elə örtüb ki, nə keçmişi, nə bugünü, nə də sabahı görə bilmirlər. Əliyevlər rejimi ilə mübarizə sankı elə indi başlayıb, bunlar da təkcənə düşüblər qabağa, biz də qalmışıq arxada, bunlar savaşır, biz baxırıq. Baxıram, saçı-saqqalı ağarmş biridi. Yaşı “Yeni Müsavat”ın yaşından və mübarizə tarixindən az olanlarla işim yox- səhv edə bilərlər, hətta heç xəbərləri olmaz ki, Heydər Əliyev dövründə, elə İlham Əliyevin zamanında da müxalif düşərgənin yükünün böyük bir qismi də “Yeni Müsavat”ın çiynindədir.       
Biriləri o zaman rejimlə bazarlığa gedəndə, biz özümüzü hədəf göstərmişik, türmələrə girmişik, canımızı millətə nəzir demişik... Bunları gənclər bilməyə bilər. Bəs, bu ağsaqqal, yaşlı cəbhəçilər (məni söyənlərin 95 faizi istisnasız olaraq, AXCP-çilərdi; komanda adamlarıdı) niyə belə edirlər? Mənə, şəxsimə nə deyirlər desinlər, ürəklərini mənə olan nifrinləri ilə soyutsunlar, təsəlli tapsınlar, macəraçı siyasi liderlərinin prosesləri çıxmaza soxmasının səbəbini məndə görsünlər; ürəkləri fənalaşan ərəfədə bir az soluqlansınlar. Amma bu qəzetə bunca haqsızlıq yapmasınlar. “Yeni Müsavat” millətin və onun darda olan hər bir üzvünün son qalası, sığnacağıdı. İqtidardan-müxalifətdən, nə qədər insan zaman-zaman bizə haqsızlıq yapıb, ünvanımıza təhqir, hədə-hədyan səsləndirib. Bir nümunə göstərin ki, sonradan onlardan biri dara düşüb, amma “Yeni Müsavat” arxalarında, yanlarında olmayıb. Belə də olacaq. Fəqət bu firqəçilik bütün dəyərləri üstələyib, insaf kateqoriyasını sıfırlayıb. Bir anın içində qos-qoca bir liderə də, dövlət xadiminə də, bir media quruluşuna, 60 nəfərlik bir jurnalist kollektivinə də asanlıqla çamur atırlar. Bəzi cəbhəçi dostlarımız əllərində palçıq vedrəsi, oturublar Facebook-da, burda olmağın əsas mənasını bunda görürlər ki, hər gün kim daha çox “Yeni Müsavat”ı təhqir edəcək. Şiddətlə qınayıram. 
“Yeni Müsavat” hazırda AXCP-ni tənqid edir – yazdıqlarına cavab verir;  qəzetin işi zatən bu. Bəzən dəstək verər - çətinə düşəndə arxa durar, lakin bəzən də tənqid edər. Yazıya görə qəzeti, jurnalisti sıxmaq, qaralamaq, tənqir etmək, qara siyahıya salmaq anti-demokratikdi, gerilikçilikdi, bolşeviklikdi, kültürsüzlükdü. 
Yazımıza yazı ilə cavab verin, arqumentlə danışın, daha niyə söyür, təhqir edirsiniz? 
Yaxşımı edirsiniz? Allah taxsıratınızı əfv etsin, o zaman davam edin, daha da şiddətləndirin. Biz də oturaq sizə dua edək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости