Свобода людям, независимость нациям!

Bir cənub şəhərində tutulan polkovnik

6093 18.08.2022 18:30 Колумнисты A A

 

Öz iş kabinetində silsiləvi şəkildə əks cinsdən olan xidmət yoldaşları ilə intim münasibətlər yaşayan, üstəlik, bunları videolentə alan FHN polkovnikinin mənhus hərəkətinin ictimailəşməsi ictimai-siyasi arenada necə ajiotaj doğurmuşdusa, bu gün adamın həbs edilməsi də elə səs-küy doğurub.

Artıq sosial şəbəkə istifadəçiləri yenidən iki tirəyə bölünüblər. Bir tərəf “əcəb oldu, ona bu da azdır” deyə polkovnikin həbsindən məmnunluğunu ifadə edir, ikinci tirə öz üzərinə “haqq-ədalət carçısı” funksiyası götürüb, “onu nəyə görə həbs edirlər, polkovnik heç kəsi zorlamayıb, videolardan da görünür ki, bütün intim münasibətlər xoşluqla, tərəflərin razılığı ilə olur” deyir.

Amma bizim hansı fikirdə olmağımızdan az şey asılıdır. Cinayət Məcəlləsində polkovnikin törətdiyi əməllərin cinayət tərkibini tövsif edən müddəalar var. Yayılan açıqlamada göstərilir ki, ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Birdən-birə 3 maddə. İbtidai istintaqın aparılması isə Baş Prokurorluğun müstəntiqlərinə həvalə edilib.

Polkovnikə qarşı irəli sürülən ittihamların nə dərəcədə əsaslı olub-olmaması xüsusunda mübahisə yoxdur. Adam gerçəkdən də yol verdiyi qəbahəti (ailəli ola-ola iş yerində ailəli qadınlarla cinsi əlaqəyə girmə) “sənədləşdirərək” cinayətə qədər aparıb, şəxsi həyatın toxunulmazlığını pozaraq pornoqrafik material hazırlayıb və onları yayıb və ya yayılmasına səbəb olub, eləcə də vəzifə səlahiyyətlərini aşıb.

Necə deyərlər, hər şey ortadadır. İndi müstəntiqlər ortaya çıxarmalıdır ki, sabiq rəis bütün bu həngaməni nəyə görə edib, məqsədi nə olub, nəyə nail olmaq istəyirmiş. İstintaqın gedişində elə xüsusatlar çıxa bilər ki, adama qarşı Cinayət Məcəlləsinin digər maddələri ilə də iş qaldırıla bilər. Məsələn, məlum olsa ki, polkovnik bu çəkilişləri sonradan qadınları hansısa qanunsuz əməllərə sövq etmək üçün şantaj vasitəsinə çevirməyi düşünürmüş, onda onun işi də daha da ağır olacaq.

Hər halda bu qədər çirkin bir əməl könül xoşluğu, dost-tanış yanında qürrələnmək və ya “qocalanda xatırlamağa bir şey olsun” deyə törədilməyib, məqsəd daha iyrənc şeylər ola bilər.

Ancaq ictmai rəyin bu xüsusda haçalanması onu göstərir ki, biz toplum olaraq hələ də nəinki “yaxşı nədir, pis nədir” sualının cavabını dürüst öyrənməmişik, eləcə də hansı əməllər cinayətdir, hansılar cinayət deyil, onları da dəqiqliyi ilə bilmirik.

Elə olmasaydı, “polkovniki niyə tutublar” sualı meydana çıxmaz və minlərlə adam tərəfindən haqlı sual sayılmazdır. Ortada bu qədər bəd əməl varkən, o nə sualdır, minlərlə adamın dilində gəzir?

Videoların yeni yayıldığı günlərdə “rejissor-aktyor” polkovnikə çox ağır cəzalar (ölüm cəzasına qədər) tələb edənlər də vardı. Bu da absurd tələbdir. Onun yol verdiyi hərəkətlər yalnız kriminal aləmin mühakiməsində o qədər ağır cəzaya layiq görülə bilər. Məsələn, polkovnikin hərəkətlərindən zərər çəkənlərdən biri qısqanclıq zəminində ona ağır xəsarət yetirsə və ya vurub öldürsə, o zaman kriminal aləmin “hakimlər”i caniyə yek kəlməyələ “düz eləmisən” deyərlər.

Dövlətin məhkəmə hakimiyyəti isə məsələyə o prizmadan yanaşa bilməz. Ortada qanunvericilik hakimiyyəti tərəfindən qəbul edilmiş, yüz dəfələrlə məhkəmə presedenti olmuş qanuni müddəalar var. Polkovniki məhz o maddələrlə mühakimə edəcəklər. Yoxsa başqasının arvadını yoldan çıxarmağa görə məişətdə hansı cəzanın verildiyi çoxdan hər kəsə bəllidir. Biz bir cənub şəhərində yaşasaq da, “Bir cənub şəhərində” filminin personajları deyilik ki, polkovniki dükandar Səfəralının gününə qoysunlar.

İndi olduqca qəbahət işlərə qol qoyan polkovnikin başına “içəridə” pis-pis işlər gələ biləcəyinə dair eyhamlar da sosial şəbəkələri başına götürüb.

Böyük ehtimalla bu da olmayacaq. Çünki onun saxlandığı təcridxana başqadır, ümumi məhbusların saxlandığı cəzaçəkmə müəssisələrindən fərqlidir və onlardakı o yazılmamış qanunlar burada işləmir.

Əslində isə saxlanılmış polkovnikin qol qoyduğu hərəkətin ən ağır nəticəsi dövlət orqanlarında çalışan minlərlə qadına zərbədir. Təəssüf ki, bunu mühakimə edən CM müddəası və ona uyğun cəza nəzərdə tutulmayıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости