Свобода людям, независимость нациям!

Bir binəsibin ev alması niyə ajiotaj doğurdu...

1885 08.07.2022 00:01 Колумнисты A A

 

İnsanlar siyasi arenada olmalı olan ədalətdən əl üzüblər, sosial sferada ədalət axtarırlar.

Yəni bir siyasi partiyanın seçkilərdə nə qədər səs aldığı, neçə mandat qazandığı, o mandatların nə qədərini qoruya bildiyi artıq sadə vətəndaşlar üçün önəmli deyil.

Hamı qəbul edib ki, “Şərq adlı xaraba”da belə də olmalıdır: hakimiyyətdə olanlar həmişə qələbə qazanmalıdırlar, müxalifətdə olanlar da həmişə uduzmalıdılar. Əksinə olsa, bu, sıradışı olay olar.

Ancaq adi insanlar, eləcə də ictimai-siyasi fəallar heç olmasa sosial sferada müşküllərin ədalətlə həll olunmasını istəyirlər.

Müğənni Roza Zərgərlinin oğulluğu Corc Qafarovun mənzillə təmin olunmasına kütləvi şəkildə verilən sərt reaksiya bu üzdəndir.

Adamlar hesab edirlər ki, burada sosial ədalət prinsipi pozulub, üzgördülük, himayədarlıq olub.

Belə bir rəy də var ki, adı çəkilən şəxs məşhur və imkanlı şəxs tərəfindən oğulluğa, qəyyumluğa götürülsə də, hər halda valideyn himayəsindən məhrumdur və dövlət tərəfindən ona bəxş edilən mənzil halal haqqıdır.

Ancaq ortalığa çıxan bəzi təfərrüatlar məsələnin bu cür sadə həll və izahını ağlabatmaz edir.

Birincisi, Corcun kimsəsizliyinə uzun illərdir son qoyulub və o, artıq tanınmış və imkanlı şəxsin ailəsinin rəsmi üzvüdür, yaşayış yeri var, təhsil alıb, iş tapıb və pis-yaxşı gələcəyi təmin olunub.

İkincisi, həmin şəxsin qəyyumu, konkret olaraq, müğənni Roza Zərgərli telekanallarda vaxtaşırı özünü kübar cəmiyyətə mənsub adam kimi göstərir və aparır, üstəlik, öz üst-başında varidatının bir hissəsini nümayiş etdirir, hətta ayda nə qədər pul xərclədiyini dilə gətirir. Yəni xanım aztəminatlı deyil, əksinə, təminatlıdır (Ayrıca iki kimsəsiz uşağa himayədarlıq etdiyinə görə alqış düşür).

Üçüncüsü, Corcdan 10 qat artıq səviyyədə kasıbçılıq çəkən işsiz-gücsüz, aztəminaatlı kimsəsiz gənclər var ki, onlara heç adi ümumi yataqxanalarda yer verən yoxdur.

Haqqını ala bilməyən şəhid ailələri, müharibədən yarımcan qayıtmış, amma xırda və orta ranqlı məmurlar tərəfindən sosial problemləri həll edilməyən, yola verilən qazilər var, iş onlara gələndə bu cür operativlik olmur.

Xalq bunu görür və arxa-dayaqlı, təminatlı birinin maddi vəziyyətinin daha da yaxşılaşdırılması vaqiəsinə biganə qala bilmir.

Bir baxın, hər il nə qədər şəhid ailəsinə, müharibə veteranına mənzil və avtomobil bağışlanır, bir dəfə söz-söhbət olurmu? Olmur. Olmaz da. Hamı anlayır ki, bu adamlar dövlət, ölkə, millət üçün dünyanın ən əziz, ən qiymətli, ən şirin nemətini – canlarını veriblər, ona görə də onlar özləri də, yadigarları da hər cür yüksək dəyərə layiqdirlər.

Corc yaxşı oğlan da ola bilər, keçmişində gerçəkdən binəsib biri də. Amma o, o statusda biri deyildi ki, onun mənzil problemi başqalarından daha tez həll olunsun. Ajiotaj doğuran da məhz budur.

Yoxsa onun kimi onlarca başqaları bir günün içində mənzillə, işlə təmin olunsa, ictimaiyyət bunu yalnız alqışlayar, hesab edər ki, 50-100, 200 yetimin işi düzəldi, indi onlar normal cəmiyyətə inteqrasiya olunacaq, pulsuzluqdan, avaraçılıqdan gedib kriminal ünsürlərə qoşulmayacaq, kiminsə mal-mülkünə, canına qəsd etməyəcək.


Ona görə də bu kimi hadisələr olanda onları ictimailəşdirən və tənqidi rəylər yazanları çox da qınamaq olmaz. Qınaq hədəfi öz subyektiv qərarları ilə süni ajiotaj doğuranlar, bir də hər ciddi sosial problemi lağlağı predmetinə çevirənlər olmalıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости